Vaxt.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazına səbəb olub. Belə ki, ötən axşam “Bakcell Arena”da keçirilən oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı “İstefa!” şüarı səsləndiriblər.
Azərbaycan millisi Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.