Bahçelinin mitilini Ankaradan İstanbula daşımaqdan vaz keçməsinin səbəbi məlumdur: saraydan ona deyildi ki, sənin kampaniyada fəal iştirakın bizim kürdlərin səsini cəlb etməklə bağlı siyasətimizə zərər vuracaq, ona görə məsləhət deyil. Ərdoğanın mövqeyini dəyişməsi isə 2 səbəblə bağlıdır:
Birinci səbəb budur ki, Ərdoğanın aktiv kampaniya aparması AKP sıralarında maksimum səfərbərlik yaratmaqla bərabər, müxaliflərin və narazıların da konsolidasiyasına səbəb olur. Halbuki Binəli müəllimin qələbəsi üçün müxalif blokun və protest elektoratının motivasiyasının aşağı düşməsinə ehtiyac var. Digər tərəfdən, 31 mart seçkiləri göstərdi ki, Ərdoğanın natiqlik məharəti artıq öz sehrli təsirini itirməkdədir, onun aqressiv ritorikası əks effekt verməyə başlayıb, müxaliflərlə birlikdə AKP-nin tərəfdarı olan mötədil mühafizəkar kəsim də bu dildən yorulub və rəqibin düşmənləşdirilməsinə yaxşı baxmır.
İkinci səbəb budur ki, prezident Ərdoğan İstanbulda üst-üstə ikinci dəfə məğlubiyyətə uğramağın (belə bir ehtimal az deyil) risklərini, onun reputasiyasına, siyasi gücünə vura biləcəyi zərbələri görür və bu mümkün tablonun neqativ nəticələrini indidən minimallaşdırmağa çalışır. B.Yıldırımın önə çıxarılması, hətta İmamoğlu ilə teledebatda iştirakına icazə verilməsi də məhz bununla bağlıdır. Qələbə qazanılsa, aydındır ki, hər kəs bunun Ərdoğanın siyasi dühası, gücü sayəsində əldə olunduğunu düşünəcək və söyləyəcək. Amma elə etmək lazımdır ki, uğursuzluq halında uduzanın Tayyib Ərdoğan yox, yalnız Binəli Yıldırımın özü olduğu qənaəti hasil olsun. Saray 23 iyun seçkilərinin əhali, siyasi qüvvələr və beynəlxalq çevrələr tərəfindən Ərdoğana etimad referendumu kimi qəbul olunmasını əngəlləmək istəyir, Binəli bəyin hiperaktivliyi də bu taktikadan irəli gəlir.
P.S. Teledebat iyunun 16-da, Bakı vaxtı ilə saat 22-də olacaq. Moderator kimi Fox TV-nin əməkdaşı İsmail Küçükkaya seçilib.