Vaxt.Az

Derbidə ara qarışdı


 

Abdullayev oyunu saxladı, «Qarabağ»ın qolu sayılmadı

Derbidə ara qarışdı Hazırda davam edən Topaz Premyer Liqasının 24-cü turunun «Neftçi» - «Qarabağ» qarşılaşmasında ara qarışıb. Futbolinfo.az xəbər verir ki, ev sahibi komandanın yarımmüdafiəçisi Araz Abdullayev ilk saatın tamamında ardıcıl olaraq Riçard Almeyda və Maksim Medvedevə qarşı kobudluqdan sonra baş hakim Vüsal Əliyev tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

Hər şey də bundan sonra başlayıb. «Neftçi» futbolçuları yan xətt hakimi, eləcə də baş hakim Vüsal Əliyevlə uzun-uzadı mübahisəyə girişiblər. Belə ki, təxminən 5 dəqiqəyə yaxın oyunda fasilə yaranıb. Mübahisələrdə komandanın məşqçilər korpusu, ehtiyat oyunçuları da iştirak ediblər. Amma PFL-in mühafizəçiləri, eləcə də asayiş keşikçiləri dava-dalaşa imkan verməyiblər.

Yaranmış fasilə zamanı «Qarabağ» cərimə zərbəsi yerinə yetirərək 3-cü qolunu vurub. Lakin Muarem Muaremin vurduğu bu qol qeydə alınmayıb. Diqqətçəkən məqamlardan biri odu ki, bu epizodda qonaqların kapitanı Rəşad Sadıqov da baş hakimə yaxınlaşaraq qolun qeydə alınmamasını istəyib. Çünki «Neftçi» futbolçularının Vüsal Əliyevlə mübahisəsinin başa çatmadığı bir vaxtda qırmızı vərəqə almış Araz Abdullayev də meydanı tam tərk etməmişdi.

 





28.02.2014    çap et  çap et