Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlamağı razılaşdırılıb.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib. İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Araşdırma aparılır.
Açıqlamada Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi açıqlanmasa da, onun “Facebook” səhifəsindəki paylaşımlarından və səfər fotolarından bəlli olur ki, şübhəli şəxs İrana meylli adam olub.
Hətta onun sosial şəbəkədə paylaşdığı şəkillərdən tez-tez İrana səfər etdiyi və ya adamlar göndərdiyi, orada İranın dini hakimiyyətinə bağlı şəxslərlə görüşdüyü və görüşdürdüyü bəlli olur.
Həmçinin onun adı ilə bağlı olan müxtəlif səhifələrdə Azərbaycan əleyhinə çağırışlar edilir, dövlətin dinlə bağlı siyasəti pislənilir. Hətta bu şəxs ölkəmizdə reallaşan beynəlxalq tədbirlər ərəfəsində Azərbaycan əleyhinə mövqeyi ilə seçilən İranın “Səhər” kanalına bağlanaraq bu tədbirləri gözdən salmağa çalışır, dövlətimiz əleyhinə fikirlər sələndirir.
Polad Aslanov öz səhifələrində həmçinin Nardaran hadisələrinə görə, həbs olunan "Müsəlman Qardaşları" radikal dini təşkilatın rəhbəri Taleh Bağırzadəyə də simpatiyasını gizlətmir, "Səhər" kanalındakı canlı yayımlarında onun azadlığını tələb edir.
Onun çıxışlarının hazırda İrana sığınaraq Azərbaycan dövlətinə qarşı istifadə olunan “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri, Azərbaycan vətəndaşı Tövhid İbrahimbəylinin və İran dini hakimiyyətinə bağlı radikal şəxslərin fikirləri ilə eynilik təşkil etməsi Polad Aslanovun hansı dövlətin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini üzə çıxarır.
Bu məntiqlə yanaşsaq Polad Aslanovun İran xüsusi xidmət orqanı ilə anlaşdığını ehtimal etmək olar.