2003-cü il “Qızılgül inqilabı”nda geosiyasi motiv yox idi, inqilab Gürcüstan uğrunda Rusiya-Qərb rəqabətinin nəticəsi deyildi. Hətta Putin həmin günlərdə Şevardnadzenin telefon zənglərinə cavab verməmiş və onun dəstək istəyini rədd etmişdi. Avroatlantik inteqrasiya kursu Saakaşvilinin dövründə seçildi və 2006-cı ildən başlayaraq Rusiya-Gürcüstan münasibətlərində gərginlik artaraq müharibə səviyyəsinə qədər yüksəldi...
Bilməyənlər üçün qısaca bugünkü hadisələr barədə məlumat verim.
Tiflisdə, parlamentin binasında keçirilən Pravoslav Parlament Assambleyasının 26-cı sessiyasının plenar iclası zamanı Rusiyanı təmsil edən kommunist Sergey Qavrilov iclasa sədrlik edib və Gürcüstan parlamentinin sədrinin kreslosunda – yəni yuxarı başda oturub. Bu mənzərə gürcü cəmiyyətində böyük həqarət kimi qəbul olunub və ölkə çalxalanmağa başlayıb. Həmin an içəridə olmayan müxalifətçi millət vəkilləri (“Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat) vətəndaş cəmiyyətinin fəalları ilə birlikdə hay-küylə zala daxil olaraq iclası pozublar. Deputatlardan biri Rusiya nümayəndə heyətinin üstünə su atıb. Müxalifətçilər kreslonu mühasirəyə alaraq Qavrilovun bir daha orada oturmasına imkan verməyəcəklərini bildiriblər. Kritik səhvə yol verdiklərini anlayan Bidzina İvanişvili dərhal sərt bəyanat yayıb və işğalçı ölkənin nümayəndəsinin Gürcüstanda hər hansı toplantıya sədrlik etməsinin yolverilməz olduğunu vurğulayıb. “Gürcü Arzusu”nun digər liderləri və prezident Zurabişvili də sərt bəyanatlar veriblər. Toplantı bir daha bərpa olunmayıb və Rusiya nümayəndə heyəti mühafizə altında hava limanına aparılaraq Moskvaya göndərilib.
Axşam saatlarında insanlar Rustaveli prospektinə, parlamentin binası qarşısına toplaşıblar. Başqa şəhərlərdə də aksiyalar başlayıb. Parlamentə daxil olmağa cəhd edən kütlənin qarşısını polis kordonu çətinliklə alıb. Saakaşvili Ukraynadan Gürcüstan polisini hakimiyyətə tabe olmamağa çağırana qədər polis güc tətbiq etmirdi və korrekt davranırdı. Müxalifət də prosesi inqilabi ssenari üzrə aparmayaraq yalnız parlament sədri İrakli Kobaxidze, daxili işlər naziri Georgi Qaxariya (Rusiyanın adamı olduğu deyilir) və DTX sədri Qomelaurinin istefasını tələb edirdi. Lakin Saakaşvilinin müraciətindən sonra hadisə yerinə xüsusi təyinatlılar göndərildi və polis gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etməyə başladı. Hazırda vəziyyət gərgin olaraq qalır.
Baş verənlərdən hansı nəticələri çıxarmaq olar?
Əvvəla, son vaxtlar özünün “yumşaq güc” vasitələri ilə, xüsusən də din kartını oynayaraq, Gürcüstanda xeyli fəallaşmış Rusiyanın bu ölkədə nüfuzu bir daha test edildi və gürcü toplumunda Moskvaya böyük qəzəbin, avroatlantik inteqrasiyaya isə dəstəyin davam etdiyi təsdiqləndi.
İkincisi, bu hadisə yaxınlaşan parlament seçkiləri öncəsi “Gürcü Arzusu”nun mövqelərinə zərbə vuracaq. Çünki Rusiya ilə təhlükəli yaxınlaşmanın müəllifi iqtidar partiyası və şəxsən İvanişvilidir. Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq. Kəlləsi “uçan”lardan biri parlamentin sədri Kobaxidze ola bilər. Bədnam toplantı məhz onun icazəsi ilə təşkil olunub.
Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət yəqin ki, sona yetəcək və son həftələrdə “gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu” qismində ortaya çıxıb, ölkədə at oynadan iş adamı Levan Vasadze tipli agent-provokatorlar səhnədən yığışdırılacaq. (Vasadze Rusiyanın dövlət şirkətlərində yüksək vəzifələr tutub və Duginin dostudur.) Moskva ilə münasibətlərdə növbəti soyuqlaşmanın başlaması gözləniləndir.