İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini CHP-li namizəd Əkrəm İmamoğlunun qazanması Türk Lirəsinin dəyər qazanmasına səbəb olub.
Gecə saatlarında 5.73 səviyyələrini görən Dollar/TL məzənnəsi, saat 09:25-ə olan məlumata görə,1,5 faiz geriləmə ilə 5.7294 səviyyəsinə düşüb.
Məzənnə ötən cümə günü 5.82 səviyyələrindən
bağlanmışdı. Türkiyə bazarları açılanda məzənnə daha dəqiq məlum olacaq.
Ekspertlər seçkinin məzənnə üzərindəki təsirindən başqa bu həftə Türkiyə və ABŞ
əlaqələrinin izlənəcəyini bildirirlər.
Hakim partiyanın seçki nəticəsini qəbul etməsi, əvvəlki seçkidən bu yana davam edən qeyri-müəyyənliyin sona çatması bazar tərəfindən məmnunluqla qəbul edilib.
İlk nəticələrə görə, Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin (AKP) namizədi Binəli İldırım 45,09 faiz, CHP-nin namizədi Əkrəm İmamoğlu 54,03 faiz səs toplayıb. Beləliklə, Əkrəm İmamoğlu İstanbulda təkrarlanan seçkini 806 min 415 səs fərqlə yenidən qazanıb.