Vaxt.Az

Paşinyan Qarabağda savaş istəyir


 

Naqolay, primitiv və rüsvayçı şəkildə

Paşinyan Qarabağda savaş istəyir Səbəb və nəticə qanunu hər hansı təsadüfü inkar edir. Siyasətdə isə ümumiyyətlə, təsadüflər olmur. Bunu bilən ermənilər çox narahat olublar. Çünki Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın Vaşinqtonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü, sonra da Birləşmiş Ştatların milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun xüsusi bəyanatla çıxış etməsi təsadüf deyildi.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin İrəvanda Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanla görüşü də təsadüf sayıla bilməz. Xüsusən də həmin görüşdən bir neçə gün əvvəl rusiyalı səfir Ermənistanın sabiq prezidenti, məhkəmə qərarı ilə zaminə buraxılmış Robert Köçəryanla bir araya gəlmişdi.

ABŞ və Rusiya Ermənistanla bağlı çox ciddi, yeni oyuna başlayıblar. Vaşinqton görüşündə Bakı ilə İrəvana çeşidli mesajlar verildisə, Moskva İrəvanda səfiri vasitəsilə ermənilərə aşkar təzyiq göstərdi və Rusiyanın təsir rıçaqlarını təmin edən siyasətçilərin kimlər olduğunu, onların “toxunulmaz”lığını baş nazir Nikol Paşinyana açıq-aşkar şəkildə “xatırlatdı”.

Azərbaycan və Ermənistanın XİN başçılarının Minsk Qrupunun həmsədrləri ilə Vaşinqtonda müzakirələr aparmasından sonra C.Bolton nazirlərlə təkbətək görüşdü, sonda da bəyan etdi: “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqların aktivləşməsi üçün Azərbaycanla Ermənistan arasında dialoqu ABŞ dəstəkləməyə davam edəcək”.

Bu açıqlama Ermənistan və ümumiyyətlə, ermənilər üçün pis xəbərdir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan əslən Dağlıq Qarabağdan olan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ölkə siyasəti ilə yanaşı, iqtisadiyyatında və maliyyəsindəki təsir imkanlarını azaltmaq üçün onların lider olduqları “karabaxtsi”, yəni “qarababağlılar” klanının üzərinə hücuma keçib.

Məqsəd Rusiyaya meylli, Moskvadan idarə olunan “karabaxtsi”ləri maksimum dərəcədə zəiflətmək, onları təsir imkanlarından məhrum etməkdir.

Təbii ki, Paşinyanın hücumu cavabsız qalmadı. Əvvəlcə Dağlıq Qarabağdakı terrorçu rejimin sabiq rəhbəri Arkadi Qukasyan və xuntanın indiki lideri Bako Saakyan İrəvana yollandılar, Nor Nork məhkəməsində Robert Köçəryanla görüşüb qucaqlaşdılar, sonra da R.Köçəryanın zaminə götürülməsi barədə məhkəməyə müraciət etdilər.

Məhkəmə qərar verdi, R.Köçəryan zaminə buraxıldı.

N.Paşinyan tərəfdarlarını məhkəmə binalarını mühasirəyə alaraq aksiyalar keçirməyə çağırsa da, artıq gecdi.

Daha sonra Bako Saakyan əvvəlcə köməkçiləri vasitəsilə, sonra da birbaşa özü N.Paşinyanı “Dağlıq Qarabağ məsələsində çox zəif mövqe tutmaqda” suçladılar, “Ermənistanın mövcud hakimiyyətinin təslimçilik ruhunda olduğunu” bəyan etdilər.

Beləcə, Ermənistanda mövcud hakimiyyət və Paşinyanın tərəfdarları ilə “karabaxtsi”lər arasında qarşıdurma yarandı.

Paşinyan münaqişəni səngitmək, problemi həll etmək üçün əsla arzulamadığı bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində qarabağlı ermənilərin tərəf qismində tanınmasının vacibliyini və hətta “qaçılmazlığını” vurğuladı.

Azərbaycan və Ermənistanın XİN başçılarının Vaşinqtonda görüşü ərəfəsində isə N.Paşinyan bir qədər də irəli getdi, absurd açıqlama verdi.

O, dedi: “Dağlıq Qarabağda hərbi əməliyyatlar hər an başlaya bilər. Azərbaycan nizamlanma prosesini konstruktiv məcradan çıxarmağa çalışır. Ermənistan belə cəhdlərin qarşısını almalıdır. Eyni zamanda biz silahlı qüvvələrimizin döyüş hazırlığını fasiləsiz, daima artırmalıyıq. Nə biz, nə də qarabağlı ermənilər müharibə istəmirik. Lakin kimsə bizi savaş hədəsi ilə qorxuda bilməz”.

N.Paşinyanın belə sərt ritorikası göstərir ki, o, münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda maraqlı deyil, sülh prosesini pozmaq istəyir. Azərbaycanın danışıqlarda qarşılıqlı etimad və dialoq mühitinin yaranmasına yönəlmiş səylər nümayiş etdirdiyi halda Ermənistanın belə aqressiv, absurd davranışı təbii ki, ermənilərin əleyhinə işləyir.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun son bəyanatı məhz bu səbəbdən Ermənistana ünvanlanmış mesaj da sayıla bilər.

Boltonun bəyanatında münaqişə tərəfi qismində Azərbaycanla Ermənistan göstərilir və bu, Nikol Paşinyanın “qarabağlı ermənilər də tərəf olsun” marazmına hələlik diplomatik cavabdır.

Bolton əslində yeni heç nə deməyib. Dağlıq Qarabağ münaqişəsində tərəflərin Ermənistanla Azərbaycan olduqları istisnasız olaraq bütün dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən tanınıb və Paşinyan da bəyanatları ilə əslində daxili publikaya oynayaraq qarabağlı erməniləri sakitləşdirməyə çalışır.

Naqolay, primitiv və rüsvayçı şəkildə.

Üstəlik, N.Paşinyanın ABŞ və Avropa Birliyinə meyllənmiş siyasət yürütməsindən narazı qalan Rusiya Ermənistanın daxili siyasi həyatında eskalasasiya yaradaraq İrəvana təzyiqlər göstərir.

Qayıdaq təsadüf məsələsinə.

Rusiyanın Ermənistandakı səfiri S.Kopırkinin Hrayr Tovmasyanla görüşündən sonra Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin ikinci prezidenti Robert Köçəryanla bağlı cinayət işində CM-nin 135 və 35-ci maddələri üzrə irəli sürülmüş ittihamların 300.1-ci maddə üzrə ittihamla birləşdirilməsinə qərar verdi.

Birləşdirilmiş ittihamla bağlı məhkəmənin yeni iclası avqustun 29-na təyin olunub.

Yəni Rusiya R.Köçəryanın azad edilməsinə və onunla bağlı cinayət işinə xitam verlməsinə çalışır. Eyni zamanda N.Paşinyana ultimatum verən Moskva hələlik yumşaq şəkildə Ermənistanda siyasi və hüquqi böhran yaradır.

Ermənistana qarşı "hibrid savaş" texnologiyalarından istifadə edən Rusiya İrəvandakı hakimiyyətin nəzərinə çatdırır ki, tələbləri təmin olunmazsa, Robert Köçəryana qarşı cinayət işi ləğv edilməzsə və ən başlıcası, gələcəkdə ona qarşı yeni cinayət işinin açılmamasına təminat verilməzsə, Ermənistanda ciddi siyasi, hüquqi və konstitusion böhran yaradılacaq.

Rusiya ilə münasibətlərini “Köçəryan amili”ndən qurtarmağa çalışan Nikol Paşinyan çıxış yolunu kütləyə hesablanmış bəyanatlarda görür.

ABŞ da İrəvana təzyiq göstərir və Nikol Paşinyana bir daha xatırladır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda laqeyd seyrçi mövqeyi tutmaq niyyətində deyil.

Tam əksinə, Vaşinqton münaqişənin idarə olunması üçün gərəkli rıçaqlara yiyələnmək, bölgədə təsir mexanizmləri formalaşdırmaq niyyətindədir.

Bu isə Ermənistanın “effektiv status-kvo” mövqeyinin bəyənilməməsidir.

Münaqişə bölgəsində status-kvonu nəyin bahasına olursa-olsun, bundan sonra da saxlamağa çalışan Ermənistan ağır vəziyyətdədir: ermənilər bu status-kvonun siyasi idarəetmə mexanizmlərindən sürətlə məhrum olurlar.

Azərbaycanın tanımadığı və tanımaq niyyətində də olmadığı status-kvo heç bir halda münaqişə bölgəsində yeni hərbi əməliyyatların başlanmasının qarşısını almır.

Məhz bu səbəbdən Nikol Paşinyan son vaxtlar İran, Yaxın Şərq, Afrika, Çin istiqamətlərində xarici siyasətdə aktivləşib, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mənası və effektivliyiinə şübhə etdiyini deyir, Dağlıq Qarabağda yeni müharibə başlayarsa əsas məsuliyyətin Rusiyanın üzərinə düşəcəyini vurğulayır, Yunanıstan-Kipr-Ermənistan üçtərəfli formatda ittifaqa qatılır, ABŞ ilə strateji dialoq aparmağa çalışır.

Ermənistan xarici siyasətində bütün cəbhə boyu geriləmənin qarşısını almağa, müvafiq mühit formalaşdırmağa çalışır.

Nikol Paşinyanın müharibəyə çağırışlar üzərində köklənmiş aqressiv ritorikası da məhz bununla bağlıdır.

 





24.06.2019    çap et  çap et