Vaxt.Az

Canlı vicdan abidəsi ...


 

... Yaxud təhsildə güzəşt tanımayan MÜƏLLİM

Canlı vicdan abidəsi ... 1990-cı ilin martı... Bu müsahibə qələmə alınanda 6 yaşlı Mark Zükerberq, hələ aşırma şalvar geyinirdi. İlon Maskın bığ yeri yenicə tərləyirdi.

Hə, bircə Stiv Cobs... O, ikinci nəsil təkmilləşdirilmiş NeXTcube məhsulunu buraxmağa macal tapmışdı artıq. Amma hələ nə İpone, iPad vardı, nə ölkələrə iki-üç günün içində milyardlar qazandıran ağıllı texnologiyalar, nə də Google, Facebook.

Hələ Azərbaycanın müstəqilliyinə də bir ildən çox qalırdı. Və çoxu söyləyirdi ki, müstəqillik qazansaq, təbii sərvətlərimiz hesabına bütün respublika ərazisini bir neçə qarış qızılla örtmək olar.

Təkcə bir professor 29 il əvvəlin martında dərc olunmuş müsahibəsində deyirdi ki təbii sərvətlərə çox bənd olmayaq. İnsan kapitalına yönəlmək lazımdır: “...İndi dünya bazarında ən qiymətli məhsul elmi-texniki kəşflərdir. Belə məhsulun alıcıları da çoxdur. Mən bunu ona görə deyirəm ki, müstəqillikdən söhbət gedən kimi, hamı təbii sərvətlərdən danışır. Halbuki təbii sərvətlər tükənmək üzrədir və əvvəl-axır da tükənəcək. Lakin tükənməyən bir şey varsa, o da insan beynidir”.

Və o professor dünən 95 yaşında dünyasını dəyişdi...

Qəribədir ki, dünən günorta Şirməmməd müəllim haqqında düşünürdüm. Axşama doğru vəfatı xəbəri gəldi. Sən demə, yada saldığım həmin dəqiqələrdə yavaş-yavaş dünyayla vidalaşırmış.

***

O, tələbəliyimin ən unudulmaz xatirələrindədir. İlk dəfə qeydiyyatdan keçmək üçün 1996-cı ilin 30 avqustunda atamla birgə BDU-nun Jurnalistika fakültəsinə gəlib dəhlizdəki şəkillər arasında onun “Planetimizin mənzərəsi”ndəki tanış simasını da görəndə o qədər sevinmişdim ki...

Bizə xarici jurnalistika ilə bağlı mühazirələri 2-ci kursdan başladı. Hər şey bir kənara, şirin Şəki ləhcəsi ilə səsləndirdiyi fikirlər, arı çiçəkdən bal çəkən kimi müxtəlif mənbələrdən toplayıb gətirdiyi maraqlı faktlar və cümlələrinin sonunda zənlə adamın üzünə baxıb dediyi “Bildin nə deyirəm?” sualı hər şeyə dəyərdi.

Dərsləri səhərin lap erkən saatlarında olardı. O qədər maraqlı keçərdi ki, hətta ən tənbəl tələbələr də bu mühazirələri qaçırmamaq üçün ondan əvvəl auditoriyada olardılar. Bir dəqiqə geciksəydin, içəri buraxmayacaqdı. Bu qədər sərt, yəni. Mühazirənin şirin yerində bilmədən qapını açıb dərsi ani pozan dəhliz avaralarını əsəbi vaxtlarında “Сволочь!” deyə yamanlamağı da vardı. Tələbələrlə arada Çin səddi saxlayan müəllimlərdəndi, bununla belə hamı ona böyük rəğbət bəsləyirdi. Çünki Şirməmməd Hüseynov insandan, müəllimdən daha çox canlı vicdan abidəsi kimi yaşayırdı, çalışırdı, insanlar arasında gəzib-dolaşırdı. Onun quruca kölgəsi BDU-nun Jurnalistika fakültəsindəki sağlam mənəvi-əxlaqi mühitin qorunmasına bəs edirdi. Və biz tələbədən bir az çalışqanlıqdan başqa heç nə tələb edilməyən bu fakültədə təhsil almağımızla əməlli-başlı qürur duyurduq.

“Son illər fakültədə az oluram. Birdən Sizdən nəsə umanlar olar, mənə deməzsiniz ha” dilbədil tapşırardı və əlavə edərdi “Vaxt olub ki, yaramazlıq eləmək istəyənləri sürü ilə qovdurmuşam burdan. Bildin nə deyirəm?!”.

***

O, mühazirələrdə hətta dərs adına heç nə danışmasaydı belə, şəxsiyyəti ilə, davranışları ilə, təlqin etdiyi dəyərlərlə özü bir dərs idi. Deyirdi ki, yazı masasının arxasına keçəndə bəzən vaxtı hiss etmədən dörd-beş saat çalışır: “Moskvada aspiranturada oxuyanda yoldaşlar tez-tez məclislər qurardılar, məni də aparmaq istəyərdilər, getməzdim. Eyş-işrət, araq-çaxır mənlik deyildi. Əvəzinə Lenin kitabxanasında nəsə maraqlı bir fakt tapıb üzə çıxaranda mən də bundan zövq alırdım. İnsan cavanlığından faydalı işlərə vərdiş etməlidir. Yoxsa, ömür hiss olunmadan yanımızdan ötüb keçir, bir də görürsən ki, ortada heç nə yoxdur”.

Bizə dərs deyəndə yaşı 70-i çoxdan adlamışdı. Qəzeti eynəksiz oxuyurdu. Amma orası da vardı ki, günəşli yerdə, işıqlı iclas salonunda olanda dərhal qara gün eynəyini çıxarıb gözünə taxardı. Rejiminə bələd olan müəllimlərimiz deyirdilər ki, vaxtilə saat 13.00 olan kimi hətta dövlət imtahanını yarımçıq qoyub bir neçə dəqiqəyə naharını edib geri qayıdarmış.

Şirməmməd müəllimi 95 yaşa çatdıran da bəlkə, bu mütəşəkkilliyi, daxili intizamı idi.

Onun mühazirə vaxtı söylədiklərinin çoxunu sətirbəsətir dəftərlərimə köçürmüşəm. Amma indi məyusam ki, çatdırıb köçürə bilmədiklərim də çox olub. Keşkə o gözəl günləri, maraqlı mühazirə saatlarını bir də yaşamaq mümkün olsaydı...

***

Bir dəfə imtahan götürürdü, cavab vermək növbəsi mənə çatdığından qarşısındakı masada əyləşmişdim. Bu zaman arxa partalardakı qızlarımızdan birinin ağlamsındığını duydu. “Ay qızım, nə olub sənə?” “Müəllim, gözümə nəsə düşüb”. “Ay qızım, çıx bayıra gözündən çöpü çıxar gəl də”. O, qapını arxasınca örtəndən sonra başını buladı, “Pah atonnan, indi ingilis, alman olsaydı, müəllimi vecinə almayıb çıxmışdı, yekə qızdı, bunun uşaq kimi ağlamağına bax”.

Onda ikinci Çeçen müharibəsi yenicə başlamışdı, bölgədə ardıcıl terraktlar törədilirdi. Mühazirələrinin birində bu mövzuya diqqət yönəltdi. Şeyx Şamil hərəkatını əzmək üçün də yüz illər əvvəl tətbiq olunan bənzər hiylələri yada saldı. Sözünün bu yerində ikinci mənası bir qədər gülməli yozulan maraqlı ifadə işlətdi. Tələbə dostlarımızdan birini gic gülmək tutdu. O, dostumuzun gülüb sakitləşməsini gözlədi. Amma oğlanın ürəyinə şeytan girmişdi elə bil, kirimək bilmirdi. Onda Şirməmməd müəllim dedi: “Ay oğul, icazə verirəm, çıx çölə doyunca gül, qayıt”. Və o çıxandan sonra təbəssümlə əlavə elədi: “Yaxın qohumum psixi xəstəxananın baş həkimidir. Deyir ki, Şirməmməd, sən hərdən biz tərəflərə bir baş çək. Çox maraqlı pasiyentlərimiz olur. Eləsi var ki, bütün günü dayanmadan elə hey gülür. İndi bu cavan oğlan da, yazıqdı onlardan olmasın...”

***

Bir dəfə də zaçot günü idi. İçəri girəndə gördü ki, auditoriya ağzına qədər doludur. Mühazirələrdə, seminarlarda gözə dəyməyənlər də səliqə-səhmanla öz yerlərini tutublar. Bu vəziyyətə özünəməxsus tərzdə reaksiya verməsəydi, onda o, Şirməmməd Hüseynov olmazdı. “Hə, nömrə almağa gəlmisiniz?!” qəzəbli ironiya ilə davam etdi “İndi alarsınız”. Və qıvraq addımlarla sıraların arasında dolaşıb başladı dərslərdə fəallıq göstərən tələbələri bir-bir işarə ilə auditoriyadan çıxarmağa. Bu, zaçotdan azad etmək anlamı verirdi. Mən də buna ümidli idim. Amma içəridən çıxardıqlarını çıxarıb sorğu-suala başlamaq üçün yerinə keçəndə ümidim qırıldı. Özümü sərt suallara hazırladım. Elə bu an gözü mənə sataşdı: “Sən nə gəzirsən burda, dur, çıx bayıra”. İçəridə qalıb suallara cavab verə bilməyənlərə isə zaçotu bir neçə həftə sonra kafedra müdiri yazası olmuşdu. Şirməmməd Hüseynov təhsildə, bilikdə güzəşt tanımazdı.

***

Şirməmməd Hüseynov şair deyildi. Amma mən o şanslı tələbələrindənəm ki, onun birinci və sonuncu şeirini öz dilindən eşidib elə o an da əzbərləmişəm. Deyirdi ki, bir dəfə Xəlil adlı dostumuzun ad gününə gedirdik. Sözləşdik ki, hərəmiz bir təbrik şeiri yazaq, birini də mən düzüb qoşdum:

Ay Allah, Sən Xəlilin,

Əlini hərəkətli,

Cibini bərəkətli,

Düşmənlərin lal eylə,

Müdirin liberal eylə

Sonuncu dərsində əfsus ki, özümdən asılı olmayan səbəbdən iştirak edə bilməmişdim. Uşaqlar dedi ki, hansısa fransız yazıçısının son dərslə bağlı maraqlı bir hekayəsi haqqında danışıbmış: müəllim səliqə ilə ən gözəl paltarlarını geyinib sonuncu dərsinə gəlir...

Özündən dinləyə bilmədiyimə görə çox üzülmüşdüm.

Amma onun dərsləri mənim üçün heç bitmədi ki...

Əsl müəllim dərsləri onun yoxluğunda da davam edən müəllimdir...

Professor Şirməmməd Hüseynov kimi.

Yeri behişt olsun.

 





25.06.2019    çap et  çap et