- Qüdrət bəy, son zamanlar deputat fəaliyyətinizlə bağlı haradasa bir süstlük müşahidə olunur deyə bilərik. Sanki Milli Məclisin iclaslarında da əvvəlki kimi fəal deyilsiniz...
- Belə görünə bilər. Amma Milli Məclisin son sessiyasında Xocalı soyqırımı və Qarabağ məsələsi ilə bağlı çıxış etmişdim. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, həmçinin Minsk Qrupuna daxil olan ölkələrin Azərbaycana qarşı ədalətsiz mövqeyi, Türkiyə və İranla bağlı çıxışım oldu. Bu çıxışım kifayət qədər geniş müzakirələrə də səbəb oldu. Ondan əvvəlki iclasda isə təhsillə bağlı çıxış etmişdim. Bəzi özəl universitetlərdə tələbələrin kütləvi şəkildə imtahandan kəsilməsi, onlardan rüşvət tələb edilməsi kimi məsələləri qaldırmışdım. Çox az ola bilər ki, Milli Məclisin iclaslarında çıxış etməyim.
- Milli Məclisin son iclasında nurçularla bağlı müzakirələr oldu. Bundan sonra bəzi deputatların nurçu olması ilə bağlı mətbuatda məlumatlar yayıldı. Milli Məclisdə təmsil olunan deputatlardan 24-nün nurçu olduğu iddia edildi. Azərbaycanda nurçularla bağlı məsələ uzun zamandır ki, müzakirə olunur. Siz necə düşünürsünüz, nurçular Azərbaycan dövləti üçün bir təhlükədirmi?
- Bizdə dini etiqad azadlığı var. İnsanlar istənilən təriqətin üzvü ola bilər. Hətta ateist də ola bilərlər. İnsanların hansısa dini cərəyana qoşulmasında təhlükə görmürəm. O cərəyanlarda ki ekstremizm və zorakılıq yoxdur, bu, tamamilə normaldır. Bizim siyasətçilərimiz də hansısa təriqətə mənsub olmaqda azaddır və burada da heç bir təhlükə görmürəm. Mənim üçün qəbuledilməz olan dinin siyasətə bulaşması, siyasətçilərin öz məqsədləri üçün dindən istifadə etməyə çalışmasıdır. Biz qonşu ölkə olan Türkiyədə, İranda bunun şahidi olduq. Kimlərsə insanların dini inancından istifadə edərək hakimiyyətə gəldi. Siyasətdə səhvlər, yanlış qərarlar olur. Bu zaman dinin siyasətlə uyğunlaşdırılması dini dəyərlərin aşınmasına gətirib çıxarır. Buna yol vermək olmaz. Konstitusiyamıza görə də din dövlətdən aralıdır.
Azərbaycanda fəaliyyət göstərən «Çağ öyrətim» siyasi elitanın dinə meylləndirilməsi siyasəti ilə məşğul olurdu. Amma son zamanlarda fəaliyyətlərini çərçivəyə salıblar. Bununla bağlı mənim Milli Məclisdə çıxışlarım da olub. Xatırlayıram ki, bir gün »Avrasiya dialoq» jurnalı mərhum prezident Heydər Əliyevin doğum günü ilə bağlı «Gülüstan» sarayında tədbir keçirirdi. Orada bizə bir jurnal payladılar. Jurnalda cəmisi iki material Heydər Əliyevə həsr edilmişdi. Qalanı isə Fətullah Gülən və nurçuluq ideologiyasının mahiyyəti ilə bağlı idi. Həmin tədbirə gənclər, QHT nümayəndələri dəvət edilmişdi. Mən həmin jurnalı parlamentdəki çıxışımda da göstərdim və etiraz etdim ki, insanları başqa adamın adı ilə tədbirə çağırıb başqa bir adamın təbliğini aparırlar. Bunun yolverilməz olduğunu səsləndirmişdim. Jurnalda belə bir ifadə işlədilmişdi ki, «beyni biliklərlə, ürəyi nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldikdə həmin ölkədə ədalətli hakimiyyət qurmaq olar».
- Yəni dediniz ki, Heydər Əliyev hara, Fətullah Gülən hara?
- Əlbəttə, bu da məni çox narahat edirdi. Bu, birbaşa ortaya hansısa siyasi bir iddianın qoyulduğunu göstərir. Parlamentdəki çıxışımda da bildirmişdim ki, ölkədə başqa-başqa dini cərəyanların təsirinin olduğu məktəblərin yaranmasına icazə vermək olmaz. Həmçinin açılan bu Türkiyə məktəblərini. Bu gün də bu məsələdən narazılığımı dilə gətirirəm. Amma indi məndə olan məlumata görə, onların mülkiyyət hüququ Dövlət Neft Şirkətinə keçib. Neft Şirkəti Qafqaz Universitetinin və nurçulara məxsus olan məktəblərin mülkiyyət hüququnu alıb. Amma tədrisi həmin insanlar aparır. Onların tələbələri Prezident Administrasiyasında təmsil olunurlar. Bu məktəblər imtahanla ən savadlı uşaqları seçib götürürlər. Sonra da təbliğat aparırlar ki, baxın, bizim uşaqlar ən yüksək balları toplayır. Ancaq həmin uşaqlar digər məktəblərdə də oxusaydılar, onlar başqa məktəblərdə də eyni nəticəni göstərəcəkdilər. Onların məktəblərinin illik ödənişi 7 min manata gəlib çatır. Bu məktəblərdə isə ölkənin yalnız siyasi elitasına yaxın olan imkanlı ailələrin uşaqları oxuya bilər. Və bu uşaqların vasitəsilə də həmin şəxslərə təsir edirlər. həmin məktəbləri bitirənlərə sonradan bir-birləri dəstəkləməsi kimi tapşırıqlarda verilir.
Mən onun tərəfdarıyam ki, orta məktəblər bütünlüklə dövlətin nəzarətində olmalıdır. Uşaqlar yetkinlik yaşına çatana qədər hansısa bir dini cərəyana yaxınlığa icazə verilməməlidir. Yetkinlik yaşına çatdıqdan sonra onlar özü seçim edəcəklər. Bu məsələ ilə bağlı xəbərdarlıq etmişdim. Hökumət bununla bağlı ciddi tədbirlər görməlidir. Bu tədbirlər görülməsə, Azərbaycanın dünyəvi dövlətçiliyini təhlükə altına ata bilər.
- Nurçulardan parlamentdə təmsil olunanlar var dediniz. Bunlar kimlərdir?
- Deyə bilmərəm ki, o məktəbləri bitirənlərin hamısı nurçudur. Amma xeyli sayda insanları öz ideologiyaları altında səfərbər edə biliblər. Mənim əlimdə əsasım yoxdur ki, deyəm ki bu adamlar birbaşa bu cərəyanla bağlıdır. Nurçulara bağlı universitetləri bitirən gənclər yüksək dövlət postlarında və hakimiyyət orqanlarında da təmsil olunurlar.
- Cəmiyyətin son zamanlar ən çox təhlükə olaraq gördüyü məsələ Suriyaya döyüşməyə gedənlərdir. Biz onların oraya dəqiq olaraq hansı məqsədlər üçün getdiyini deyə bilmərik. Onların qayıdışını təhlükə kimi qiymətləndirənlər də var. Siz necə düşünürsünüz?
- Hakimiyyət bu məsələlərdə seyrçi olaraq qalarsa, əlbəttə, biz gələcək üçün çox ciddi təhlükələrlə üz-üzə qala bilərik. Azərbaycanda qanunla da muzdla döyüşmək qadağandır. Onlar qayıtdıqdan sonra müvafiq orqanlar tərəfindən nəzarətə götürülməlidir. Müəyyən olunmalıdır ki, onlar qanunvericiliyə görə hansı məsuliyyəti daşıyırlar. Əsas da bu insanların hansı məqsədlə Suriyaya getməsi araşdırılmalıdır. Kimlər bu insanları şirnikləndirib, inancından istifadə edərək oraya göndərirsə, bu şəxslər müəyyənləşdirilməlidir. Necə ola bilər ki. bu şəxslər indiyə qədər tapılmasın? Bu məsələnin üstünə ciddi şəkildə gedilməlidir. Dini cəhalətə, ekstremizmə qarşı ancaq təhsilin səviyyəsini artıraraq, yeni iş yerlərin açılması ilə mübarizə aparmaq olar. Dini cəhalətin düşməni təhsildir. Tutmaq, həbs etmək və məsuliyyətə cəlb etməklə bu prosesin qarşısını müvəqqəti olaraq almaq olar. Bunun qarşısını yalnız maariflə almaq olar. Televiziyalarda şou-proqramlar əvəzinə açıq şəkildə debatlar təşkil olunmalıdır, insanlar maarifləndiriliməlidir. Cəmiyyətin bütün təbəqələri bu proqramlara cəlb olunmalıdır. Suriyaya gedənlərin əksəriyyəti təhsilsiz insanlardır və onları da yönləndirmək asandır. Suriyaya gedənlərin əksəriyyəti rayonlardan olan gənclərdir. Onlar təhsilsizlikdən, işsizlikdən əziyyət çəkirlər. Bu insanlardan istifadə etmək asandır. Bunların qarşısını almaq üçün təhsil və sosial sahədə islahatlar aparılmalıdır. Bir məqamı da qeyd edim ki, insanlar cəmiyyətdə ədaləti tapa bilməyəndə dinə daha çox meyllənirlər.
- Qüdrət bəy, yəqin ki, məmur övladlarının lüks həyatı, bahalı maşınları haqda mətbuatda yer alan xəbərlərdən də məlumatınız var. Bir neçə gün ciddi müzakirə olunan bu məsələ onu göstərdi ki, cəmiyyət bundan çox narazıdır. Məmur balaları bu dəbdəbəli həyatlarını insanların diqqətinə çatdırmaq üçün sanki yarışa giriblər. Bəzi deputatlar məmur övladlarının bu tərzdə həyat sürməsinə və onu reklam etməsinə haqq qazandırdı. Siz necə düşünürsünüz?
- Sonradan bunların həqiqət olmaması haqda məlumatları da oxudum. Prezidentin keçirdiyi müşavirədəki fikirlərini xatırlayıram. Prezident demişdi ki, hansısa bir məmurun övladı və ya hansısa bir məmura güvənən gənc qudurğanlıq edirsə və öz davranışı ilə başqalarında qıcıq doğurursa, eyni zamanda iqtidarın nüfuzuna zərbə vurursa, mən həmin şəxsləri və onların güvəndiyi şəxsləri cəzalandıracağam. Əgər məmur övladları haqda yazılanlar həqiqətdirsə və prezidentin bu çıxışından sonra bu cür hərəkətlərə yol verirlərsə, onda onlar sanki prezidentə mesaj verirlər ki, «cəzalandır, görüm necə cəzalandırırsan». Bir növ güc nümayiş etdirirlər və bir növ sayğısızlıq ifadə olunur. Bununla prezidentin nüfuzuna da zərbə vururlar. Görünür, bunlar ailədə eşitdikləri əsasında belə düşünürlər ki, onların güvəndikləri şəxslərə heç kim güldən ağır söz deyə, cəzalandıra bilməz. Ola bilər ki, heç valideynləri də onlara demir ki, bəs, prezident belə bir söz deyib. Ya da ola bilər ki, o uşaqlar heç valideynlərini də saymırlar. Bu gənclər özləri də görünür nə televizora baxır, nə də qəzet oxuyurlar. Onlar eyş-işrətlə başqa bir həyat yaşayırlar. Saydığım variantların hər biri mümkündür.
Bir daha qeyd edirəm ki. hansısa bir məsələ cəmiyyətdə qınanılırsa, narazılıqla qarşılanırsa, bununla bağlı ciddi tədbir görülməlidir. Yəqin görüləcək də. Azərbaycan siyasətində uzun müddətdir olan bir şəxs kimi deyə bilərəm ki, bu kimi məsələlər diqqətdən kənarda qalmır. Mən bilirəm ki, prezident ölçü götürəcək.
- Milli Məclisin son iclasında Zeynəb Xanlarova məmurların dəniz sahillərini hasarlamasını gündəmə gətirərək insanların bundan ciddi narahat olduqlarını bildirdi. Cəmiyyətdə bu kimi narazılıqları, tələbə etirazlarını, «Sovetski» sakinlərinin narazılığı və. s bunları nəzərə alsaq, Zeynəb Xanlarovanın dediyi kimi, xalqın bu səbəblərdən etiraza qalxmasını gözləmək olarmı?
- Düşünmürəm ki, indiki halda Azərbaycan cəmiyyətində iqtidara qarşı kütləvi bir etiraz baş qaldırsın. Amma ayrı-ayrı lokal hallar ola bilər. Ağıllı hökumətlər gərək bu kimi kiçik problemlərə həssaslıqla yanaşsın, onları doğuran məsələləri araşdırsın və həll yollarını tapsın.
Dünyanın bir çox ölkələrində dəniz kənarında imkanlı şəxslərin villaları var. Bunun üçün dəniz kənarında məhdud yerlər satıla bilər. Bundan da dövlət büdcəsinə böyük məbləğdə pullar daxil olur. Amma dənizin qalan böyük hissələri insanlar üçün açıq olur. Belə olan halda satılan bir neçə kilometrlik ərazi insanlarda qıcıq doğurmur. Amma indi Azərbaycanda elə bir vəziyyət yaranıb ki, ictimaiyyət üçün açıq olan çimərliklər də kimlərəsə satılıb. Şıxovda, Novxanıda bunları görmək olar. Sahibkarlar həmin ərazilərə girişi pullu ediblər. Bu isə faciədir ki, xalq üçün heç bir yer saxlanmayıb. Bu da ictimaiyyətdə haqlı narazılığa səbəb olur. Burada məsuliyyəti mülkiyyət sahibi yox, bu ərazini onlara satan bələdiyyələr, icra orqanları daşıyır. Bu məsələ zaman-zaman gündəmə gətirib. Amma təəssüf ki, hökumət bununla bağlı effektiv addım atmayıb. Bu da insanları narazı salan məqamlardan biridir.
- Qüdrət bəy, gələk təhsilə. Bu sahədəki problemlərə baxışlarınızı bilmək istərdik...
- Təhsil sahəsində olan problemlərlə bağlı Milli Məclisin iclasında dəfələrlə çıxışlarım olub. Çıxışlarımın birində universitetlərdəki problemləri dilə gətirərək bildirdim ki, necə ola bilər ki, bir qrupdan 17 nəfər «2» alır. Universitetdə məqsədyönlü şəkildə elə edirlər ki, ali məktəbə yüksək balla girən tələbələr də oxumurlar. Yaxşı oxuyan tələbələr digər tələbələrin təsirinə düşərək oxumurlar. Müəllimlər isə dərslərdə hansısa bir nağıl danışır və bununla da təhsilin səviyyəsi olur sıfır. Dekanlar da bunu bilir, amma həmin müəllimləri cəzalandırmırlar. Sonra həmin tələbələrdən pul alaraq yay semestrləri təşkil edirlər. Həmin pullar isə təhsilin səviyyəsinə yox, universitetlərin təmirinə sərf olunur. Universitetə qəbul olarkən pul ala bilmədiklərindən onlara diplom verəndə pul alırlar. Bunların hamısını açıq şəkildə parlamentdəki çıxışlarımda dilə gətirmişəm. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də iclasda iştirak edirdi. Mən ona müraciət etdim ki, bunlar haqda tədbir görülsün.
Universitetlər deyirlər ki, bizdə Boloniya sistemidir. Tələbələr imtahandan keçə bilmirsə, pullu yay təhsillərində yenidən oxuya bilər. Amma Boloniya sisteminin əsas hissəsi Azərbaycanda tətbiq olunmur. Məsələn, rektorlar seçkili olmalıdır. Rektoru böyük Elmi Şura seçməlidir. Prezidenti, deputatları, yəni ölkəni idarə edən şəxsləri xalq - sürücü, fəhlə, digərləri seçə bilirsə, rektorları niyə seçə bilmir? Niyə professorlar, tələbələr özünə rektor seçə bilmir? Təhsildə islahatların bir yolu da güc strukturlarına bağlı bir-iki hərbi akademiyaları çıxmaqla bütün universitetlərin özəlləşdirilmələsi, səhmdar cəmiyyətlərə çevrilməsi ilə ola bilər. Mülkiyyət forması dəyişdirilməlidir. Əgər biz bazar iqtisadiyyatına keçmişiksə, niyə ölkədə bu qədər dövlət universiteti olmalıdır? Özəlləşdirilmədən gələn gəlirlə də orta məktəb müəllimlərinin maaşları 10 dəfəyə qədər artırılmalıdır. Bununla da müəllimlərin repetitorluğuna son qoyulmalı, orta təhsilin səviyyəsi yüksəldilməlidir. Ölkəmizdə tələbələrin əksəriyyəti repetitor yanına gedərək universitetə qəbul olunub. Dolayısı ilə bu da o deməkdir ki, ölkəmizdə orta məktəb də pulludur.
Təhsil kreditlərinin verilməsi ilə bağlı da problemlər var. Prezident keçən il təhsil konsepsiyası imzaladı. Əgər prezident bunu imzalayıbsa, bu, büdcədə niyə nəzərdə tutulmur? Axı orada qeyd olunub ki, təhsil kreditlərinin verilməsi ilə bağlı dövlət müvafiq addımlar atsın. Hər şeyə kredit ayrılır, amma təhsilə yox. Azərbaycanda təhsillə bağlı müəyyən islahatlar aparılmalıdır. Bu sadaladığım islahatlar həyata keçirilməlidir ki, başqa ölkələrdə baş verənlər Azərbaycanda baş verməsin, siyasi sabitlik pozulmasın. Siyasi sabitlik statik olmasın. Məsələn, Türkmənistandakı siyasi sabitlik Azərbaycana lazım deyil. Biz siyasi sabitliyi göz bəbəyi kimi qorumalıyıq. İdarəetmə təkmilləşdirilməlidir, kadr islahatları aparılmalıdır, yenilənməlidir, yerdəyişmələr olmalıdır. Cəmiyyət dinamik olmalıdır. Biz sabitliyi qoruyub saxlamalıyıq. Müharibə şəraitində yaşayırıq. Hər bir vətəndaş siyasi sabitliyin qorunmasına çalışmalıdır. Amma problemlərin həllini də tələb etməlidir. Problemləri də həll edərkən ölkədə siyasi sabitliyin qorunmasına çalışmalıyıq. Ukraynada siyasi sabitlik pozuldu. Ölkənin ərazi bütövlüyü təhlükə altına düşüb və bundan sonra da nələrin olacağı bilinmir. Hər bir dəyişikliyi konstitusiya və qanun çərçivəsində həyata keçirmək olar.
- Təhsillə bağlı ciddi problemlərin olduğunu dediniz, bunları bir-bir sadaladınız. Bir çox ölkələrdə inqilablar tələbələr tərəfindən həyata keçirilib. Cəmiyyətin ən aktiv təbəqəsi olan tələbələr hakimiyyət üçün ciddi təhlükə kimi görülməlidirmi?
- Tələbələr cəmiyyətin ən aktiv təbəqəsidir. Onların içində gənclikdən gələn bir enerji var. Tələbələr bir yerdə təhsil alırlar, bir çox problemləri bir yerdə müzakirə etmək imkanları var. Tələbələr hər zaman bir yerdədirlər və onlar üçün birgə fəaliyyət imkanı yaranır. Tələbələr kompakt qüvvədir. Gənclər heç də hər zaman məsələləri sona qədər hesablamırlar. 18-19 yaşlı gənc keçirəcəyi aksiyanın nəticəsinin sonda ölkəyə necə təsir edəcəyini düşünmür. Həyat təcrübələrinə görə onları qınamaq düzgün deyil. Gəncliyə, təhsilə xüsusi diqqət olmalıdır. Ciddi islahatlar aparılmalıdır. Kadr dəyişiklikləri ilə bu problemlərin qarşısını almaq mümkün olmayacaq. İndi rektorları da, nazirləri də prezident təyin edir. Bəzi hallarda rektorlar özlərini nazir səviyyəsində səlahiyyətli şəxs kimi bilirlər. Heç nazirlərin ora müdaxilə şansı da yoxdur. Cəmiyyətin indiki potensialı imkan vermir ki, biz keyfiyyətcə yeni mərhələyə keçə bilək, yəni indikindən daha sivil bir cəmiyyət quraq. Cəmiyyətin bu potensialı yoxdur, onun siyasi mədəniyyəti, elmi potensialı, demokratik ənənələrinin olmaması kimi bir çox faktorlar imkan vermir ki, biz yeni mərhələyə keçid edə bilək. Azərbaycan xalqı o zaman xoşbəxt ola bilər ki, islahatlar yuxarıdan başlasın. İndiki halda xalqdan təhlükə görmürəm. Çünki insanlar bu yaşayışa müəyyən mənada uyğunlaşıb və bu da onları qane edir. Bunu biz də görürük. Amma indi yaranmış vəziyyət cəmiyyəti xarici qüvvələr qarşısında çox gücsüz vəziyyətə gətirib çıxarıb. Seçki öncəsində gördük ki, özünə milli qüvvə deyənlər Rusiyanın layihəsində yer aldılar, onların əli ilə hakimiyyətə gəlməyə çalışdılar. Hətta hakimiyyətin öz içindən də bəziləri inanmışdılar ki, Rusiya Rüstəm İbrahimbəyovun əli ilə Azərbaycanda hakimiyyəti dəyişmək istəyir. Hətta bunu ciddiyə almışdılar da. Hətta o zaman hökumətin öz içindən o adamlarla əlaqə quranlar da var idi. Məsələn, Yanukoviçi götürək. Onun bu vəziyyətə düşməsinin səbəbi o oldu ki, ətrafındakılar onu asanlıqla satdı. Özü də bunu etiraf etdi. Milli Şura ideyası onu göstərdi ki, bu nüvə varsa, xarici qüvvələr istənilən vaxt bunun üzərində təsir göstərərək böyük güc yarada bilər. Onun üçün də hakimiyyət siyasi islahatlar aparmalıdır. Azərbaycan parlamentli respublikaya keçid eləməlidir. Parlamentdə güclü, normal müxalifət fraksiyaları mövcud olmalıdır. Normal siyasi rəqabət mühiti formalaşdırılmalıdır ki, ölkə kənar müdaxilələr qarşısında gücsüz olmasın. Bu barədə ciddi düşünmək lazımdır.
- Sizcə, Ukraynada baş verənlərin əsas səbəbi nə oldu? Ukraynada baş verənlərin Azərbaycana təsiri ola bilərmi? Ukraynanı qarışdıran üçüncü qüvvə kimi Rusiya göstərilir. Azərbaycanda da seçkilərdən əvvəl siz də dediyiniz kimi, Rusiyanın təsir edəcəyini düşünənlər var idi. İndi Azərbaycana Rusiyanın təsir etməsi təhlükəsi sovuşubmu?
- Xeyr. Bu təhlükə geridə qalmayıb. Rusiyanın imkanı var ki, istənilən vaxt Azərbaycana müdaxilə etsin. Mən o zaman da deyirdim ki, Rusiyanın Azərbaycana təzyiqlərinin məqsədi müəyyən güzəştlər qoparmaq idi. Azərbaycanda əksər siyasətçilər Rüstəm İbrahimbəyovla bağlı ehtiyatla danışarkən, yeganə ilk siyasətçi olmuşam, demişəm ki, İbrahimbəyov istedadlı kinorejissor, mədəniyyət xadimidir, amma onu danışdıran vicdanın səsi yox, onun Moskvadakı yüksək vəzifəli dostlarıdır. Zaman mənim nə qədər haqlı olduğumu göstərdi. Rusiya öz maraqları üçün Rüstəm İbrahimbəyov kimi min nəfər adamdan istifadə edib atmağa hazırdır. Atır da zamanında. Rusiya üçün önəmli olan onun dövlət maraqlarıdır. Bir çox ölkələrdə rəngli inqilablar baş verərkən bunların Azərbaycana təsir edəcəyini deyirdilər. Ərəb ölkələrində «ərəb baharı» baş verərkən də bu fikirlər səsləndirildi. İndi də deyirlər ki, Ukraynada baş verənlər Azərbaycana təsir edəcək. Mən bu sadaladıqlarımın hamısında olduğu kimi Ukrayna hadisələrində də əminliklə deyə bilərəm ki, bu olaylar Azərbaycana əsla təsir etməyəcək. Ukraynada da bu güc yox idi ki, Maydana toplanan insanlar hakimiyyəti dəyişmək gücünə malik olsun. Amma Avropa və Amerika Yanukoviçin yaxın ətrafına ciddi təsir etdi. Onlara dedilər ki, sizin bank hesablarınızı donduracağıq, sizə sanksiyalar tətbiq edəcəyik. Yanukoviçin özünü də hədələdilər. 2013-cü ilin noyabr ayından etibarən Maydanda olan insanlar gündə üç dəfə yeməklə təmin olunur, lazım olan ərzaqlar verilir, istiliklə təmin edilirdilər. Bunlara böyük məbləğdə vəsait qoyuldu. Yəni Avropa və Amerika Yanukoviçiun dəyişilməsi üçün qərar vermişdi. Avropa Birliyi şərqə doğru genişlənir. 46 milyonluq Ukrayna iqtisadi problemlər yaşayan Avropa üçün böyük bir bazardır. İndi ölkələri əsarət altına alarkən bunu tankla, topla etmirlər. Onların siyasətçiləri təsir altına salınır və onların rəhbərliyi istənilən maraqlara xidmət edir. İndi Avropanın diqqəti Ukraynada cəmlənib. Azərbaycandan hər hansı söhbət getmir. Rusiya da Ukraynanı öz təsiri altında saxlamağa çalışır. Ümid edək ki, bütün bu baş verənlər Ukraynanın ərazi bütövlüyü daxilində həll olunacaq.