Yenilənmiş İstanbul seçkilərinin bu nəticəsindən sonra siyasətdə heç nə əvvəlki kimi olmayacaq.
31 Mart seçkilərində Əkrəm İmamoğlunun lehinə olan təxminən 13 min səsin 23 İyunda 800 mini aşması İstanbul seçkilərinin mahiyyətindən kənara çıxan yeni bir siyasi vəziyyətdir.
Xalq 31 mart seçkilərində ölkəni ağır sosial-iqtisadi-siyasi böhrana soxan iqtidara xəbərdarlıq edib və yerli hakimiyyəti müxalifətə təhvil verib. Bu nəticə xalqın dəyişiklik istəyinə dair balanslı mesajdır.
İqtidar bu mesajı alıb, hərəkətlərinə nizam vermək əvəzinə, xalqa inad göstərməyi seçib. O, yalnız xalqın demokratik seçimini görməməzliyə vurmayıb, həm də onu qanmaz yerinə qoyub. Bu da baha başa gəlib.
Xalq bu gedişə “dayan” dedi
Müxalifətin İstanbulda seçkiləri 9 faiz fərqlə udması siyasi balansı dəyişdirəcək çox güclü bir siqnaldır. Dəyişikliyin ayaq səsləridir.
Xalq səsvermə qutusundakı mesajı düzgün oxuyan müxalifətin yaratdığı demokratik ittifaqa yol açarkən, iqtidarın da haqq-hüquq bilməyən anlayışına “dayan” deyib.
Demokratiyanın mütləq şərtlərindən biri – xalqın iradəsinə hörmət etmək, partiyanın itkilərini qəbul etmək və iqtidarı qutudan çıxan partiya və ya partiyalara təhvil verməkdir.
Ancaq 17 ildir girdiyi hər seçkini udmağa alışmış AKP məğlubiyyətini qəbul etməyib və nəticəni dəyişdirməyə çalışıb.
İkinci dəfə xalqın demokratik təpkisi qarşısında daha ağır bir məğlubiyyətə uğrayıb.
Hökumətin ən böyük səhvi insanları sadəlövh adam yerinə qoymasıdır.
Heç bir qanuni əsas olmadan YSK-ya təzyiq edib, seçkinin nəticələrini ləğv etdirməsi, nəticənin ləğv səbəbi olaraq “çünki səsləri oğurlayıblar”, – deyə müxalifətə böhtan atması, İmamoğlunu Orduda VİP-dən keçidinə imkan verməməsi, üstəlik, “valini təhqir etdi, məhkəmə qarşısına çıxarılacaq, validən üzr istəməsə, o kürsüyə oturmayacaq” təhdidi, irqçi bir yanaşmadan istifadə edərək, “Pontus” ifadəsindən yararlanması, bu da kifayət olmadığından İmralıda “terrorist, körpə qatili” dediyi Öcalandan aldığı məktubla HDP seçicisini yönəltməyə çalışması iflasın açıq səbəbləridir.
Yeni deyim-yeni idarəçilik
Siyasətdə artıq demokratik ittifaqın təmsil etdiyi yeni idarəçilik və deyim üsulu getdikcə dominant hala gəlir.
CHP lideri Kılıçdaroğlunun formalaşdırdığı qovğa yerinə, sülh, gərginlik yerinə uyğunlaşma, yadlaşdırma yerinə, yaxınlaşdırma, ayrılma yerinə, bütünləşmə siyasəti 17 ildir iqtidarın yürütdüyü qütbləşdirmə, düşərgələşmə, yadlaşdırma, alçaltma siyasətinə qalib gəlib.
Kılıcdaroğlunun iqtidardan şikayətçi olan hər kəsi sırasına almağı hədəfləyən və partiyasını bir çətir kimi açaraq demokratik-mülki platformada haqq-hüquq mübarizəsini birləşdirməsi yeni siyasətin idarəçilik üsulu halı alıb.
Millət İttifaqının İstanbul Böyük Şəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu bu üsul-idarə və ritorikanı böyük bir uğurla davam etdirib və həll prosesinə özünün böyük qatqısını təmin edib.
Bu gedişlə iqtidar özünü dəyişdirməzsə, seçici onu dəyişdirəcək.