Huk bildirib ki, Amerikanın İran neftinin satışına qoyduğu qadağalar ölkə iqtisadiyyatına kəskin mənfi təsir göstərməsi ilə yanaşı, həm də İranın ekstremist terrorçu qruplaşmalara maliyyə dəstəyini xeyli zəiflədib: “Amerikanın qoyduğu sanksiyalar bu günə qədər İranı 50 milyard dollarlıq neft satışından məhrum edib. Bu isə elə bir məsələdir ki, İran İslam Respublikasının İraqda, Suriyada və digər yerlərdə maliyyə dəstəyi verdiyi terrorçu qruplaşmalar, o cümlədən də “Hizbullah”, “Həmas” və digər qruplar da hiss edirlər. Sanksiyalar qoyulması nəticəsində, həmin qruplar hazırda ciddi maliyyə böhranı ilə üz-üzə qalıblar və İran artıq istədiyi qədər onlara yardım edə bilmir.
Təəssüflər olsun ki, İrandakı hakim dini mafiya öz xalqını talan edərək onun pulunu zorakılıq ideologiyasına sərf edir. “Hizbullah” terror təşkilatının hərbi kadrlarının aldığı maaşlar, İranın öz hərbçilərinin aldığı aylıq məvacibdən qat-qat yüksəkdir. Çünki İran Hizbullah”ın büdcəsinin 75 faizini təmin edir. Bu isə ildə 700 milyon dollar təşkil edir.
Bundan başqa İranın dini lideri Əli Xamneyi öz xalqını ağır və çətin duruma salmaqla özünü zənginləşdirib. O, “İmam Xomeyni” Fərmanının İcraiyyə Qərargahından milyardlarla dollar pul əldə edib. Siz İran liderinin bu qədər sərvətinə və onun digər əmlakına baxdıqda, İran İslam Respublikası sistemində və onun rəhbərlərində olan bu qədər korrupsiya və ikiüzlülüyün son həddinin şahidi ola bilərsiniz”, – deyə Brayan Huk əlavə edib.