Vaxt.Az

“İstanbulu qazanan Türkiyəni qazanar”


 

Türkiyədə AKP idarəçiliyi sona çatır, yoxsa...?

“İstanbulu qazanan Türkiyəni qazanar” Prezident Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi hakimlərdən ibarət Ali Seçki Qurumu (YSK) İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini ləğv edərkən (6 May), dünya narahat idi. Ancaq indi, yenilənən seçkidən sonra Ərdoğan narahat olmalıdır.

Builki yerli seçkilər, ilk olaraq 31 Martda keçirilib və Ərdoğanın avtoritar rəhbərliyinə etimad referendumu kimi qəbul edilib. İstanbuldakı təkrar səsvermə ilə CHP liderliyində olan müxalifət koalisiyası Türkiyənin ən əhəmiyyətli metropolislərində – Ankara, İzmir və İstanbulda qalib gəlib.

Ölkənin iqtisadi paytaxtı və ən sıx şəhəri İstanbul – son mükafatdır.

Rəmzi əhəmiyyəti ilə yanaşı, o, idarəediciləri mühüm güc və resursla (habelə korrupsiya imkanları ilə) təmin edir. Ərdoğanın təbirincə, “İstanbulu qazanan hər kəs Türkiyəni qazanar”.

Filippin, Braziliya, Macarıstan, Polşa və başqa yerlərdə digər populist liderlər kimi, özünün siyasi karyerasını 1990-cı illərdə İstanbulun bələdiyyə başçısı kimi başlayan Ərdoğan, yolunu kəsmiş seçkinin nəticəsini ləğv etmək üçün lazımi hər şeyi etməyə hazır görünürdü. Lakin müxalifət yeni seçki ilə 2002-ci ildən bəri Türkiyəni və 1994-cü ildən bəri İstanbulu idarə edən Ərdoğanın Ədalət və İnkişaf Partiyasını məğlub duruma gətirib.

Yeni bələdiyyə başçısı, CHP-li Əkrəm İmamoğlu AKP-li sabiq baş nazir Binəli Yıldırımla yarışda 54%-lik üstünlük qazanıb.

Bu nəticənin əhəmiyyəti təkcə İstanbul deyil, hətta Türkiyədən kənara çıxır, çünki avtoritar populistlərin ən böyük zəifliyinə diqqət yetirir: seçki qutusu.

Bugünkü populistlər Latın Amerikası, Cənubi Asiya və ya Türkiyədə çevrilişlə hakimiyyətə gələn hərbi mundirli şəxslər deyil. Çilidə Avqusto Pinoçet kimi əvvəlki demokratiya əleyhdarları açıq zorakılıq, mütəmadi qətllər, işgəncə və hakimiyyətinə qarşı çıxan hər kəsi həbsə atmaqla iqtidarda qalmırlar.

Əksinə, son 20 ilin populist avtoritarları hakimiyyətə seçkilərlə gəlib və adətən, onlar rəqiblərini öldürmürlər. Əksər hallarda həmin adamlar iqtisadi bərabərsizlik və mədəni bölünmələrdən yaranan ictimai narazılığı istismar etməklə seçiliblər. Hakimiyyətə gəldikdən sonra isə seçici dəstəyini nümayiş etdirərək, öz tərəfdarlarını cəmiyyətin digər üzvlərinə qarşı qoyurlar.

Əlbəttə, problem seçicilərin qütbləşdirilməsinə əsaslanan strategiyada vətəndaş hüquqlarına hörmətlə yanaşma, azad və ədalətli seçkilərin keçirilməsinə sadiqlik deyil. Bununla yanaşı, seçkiləri öz lehinə çevirmək üçün mediaya təzyiq göstərir, özlərini təriflətməyə ehtiyac duyurlar.

Ərdoğan bu oyun kitabından çox istifadə edib. O, iqtisadi cəhətdən marginal və mədəni cəhətdən geriləmiş dindar, az təhsilli və az qərbləşmiş türklərin şikayətlərinə söykənərək hakimiyyətə yiyələnib. (Əslində, bu təbəqənin nümayəndələri onilliklər ərzində müxtəlif formalarda hakimiyyətdə təmsil olunublar, lakin prosesdə siyasi iştaha artıb.)

Hakimiyyətə gəldikdən sonra, Ərdoğan “xalq” arasında populyarlığını artırıb və son 17 ildə bir neçə seçki zəfəri qazanıb. Lakin o da tədricən avtoritarlaşıb. Türkiyə mətbuatı və telekanalları artıq müstəqilliyə malik deyil və bürokratiya, məhkəmə və təhlükəsizlik qüvvələri Ərdoğan tərəfdarlarının sərəncamındadır.

Son vaxtlara qədər bu oyun sahəsi “Ərdoğan seçkilərdə qalib gəlməlidir və onun legitimliyi xalq dəstəyinə əsaslanır” idi. Ancaq AKP 2015-ci ilin iyun ayında keçirilən seçkilərdə parlamentin əksəriyyətini itirdiyi zaman, Ərdoğanın “buynuzu” görünüb. Prezident kimi, o, koalisiya hökumətinin formalaşmasına maneə törədib, daha da qütbləşmiş və təzyiqli bir mühitdə yeni seçkilər keçirib. Bu seçkidə də qalib gələrək, legitimliyi və səlahiyyətlərini qoruyub.

Ərdoğanın İstanbul seçkilərinin nəticələrini ləğv etmə səyi də eyni məntiqə uyğundur. Lakin indi “Axillesin dabanı” açıq qalıb. Seçki qutusunda qalib gələn elə seçki qutusunda da məğlub olur. Bugünkü populist avtoritarların məğlubiyyəti və demokratiyanın yenidən doğuşu məhz orada baş verir.

İstanbul seçkiləri əhəmiyyətli bir dərsdir.

CHP uzun müddət AKP-yə qarşı təsirli ola bilməyib, çünki ciddi bir dünyəvilik partiyası kimi ənənəvi roluna bağlanıb. Amma bu, rifahın yaxşılaşdırılması, daha yaxşı bələdiyyə xidmətləri, tullantıların azaldılması, korrupsiyaya son qoyulması və demokratiyanı bərpası ilə bağlı müsbət kampaniya aparan İmamoğlu ilə dəyişib.

Əlbəttə, bu, Türkiyədə AKP idarəçiliyinin sonu deyil. Ərdoğan 2023-cü ildə yenidən prezidentliyə namizəd olmamalıdır, amma partiyasının Məclisdə güclü çoxluğu var. CHP, etibarını artırmaq üçün kampaniya vədlərini yerinə yetirməlidir. Bu, asan olmayacaq, Ərdoğan hər dəfə CHP-ni zəiflətməyə çalışacaq. Lakin populistlər güclərini real şikayətlərdən alırlar. Yalnız bu şikayətlərə cavab verərək, yəni onları görməməzliyə vurmamaqla, müxalifət partiyaları demokratiyanı populistlərin cəngindən qopara bilər.

 





27.06.2019    çap et  çap et