Vaxt.Az

İşğal rəsmən elan edildi


 

Ukraynaya on minlərlə Rusiya desantı yeridildi; ABŞ isə hələ hərbi müdaxilə barədə xəbərləri yoxlayır

İşğal rəsmən elan edildi Rusiya Krıma on minlərlə desant, çoxlu sayda zirehli texnika və xüsusi təyinatlılar yeridib və bu gün səhər Ukrayna ərazisinin bir hissəsinin işğal olunduğunu rəsmən elan edib. Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bütün strateji obyektlərinin Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlılarının nəzarətinə keçməsinin və yarımadaya minlərlə desantın yeridilməsinin ardınca Krımın rus xüsusi təyinatlılarının diktəsi altında seçilmiş yeni hökumət rəhbəri Moskvadan kömək istəyib.

Krım Muxtar Respublikası Nazirlər Şurasının QRU xüsusi təyinatlılarının yerli hökuməti və parlament binasını tutmasından sonra «seçilmiş» yeni sədri Sergey Aksyonov Rusiya prezidenti Vladimir Putinə «Krımda sülh və sakitliyin bərpası» üçün kömək xahişi ilə müraciət edib.

Habelə V.Aksyonov Krımın bütün təhlükəsizlik orqanlarının rəhbərlərinə Kiyevin əmrlərinə tabe olmamağı və ancaq onun əmrlərini yerinə yetirməyi tapşırıb.

Bu müraciətin yayılmasından çox keçmədən ildırım sürətilə Kremldən cavab verilib. Eyni vaxtda üç Rusiya informasiya agentliyi Kreml administrasiyasındakı anonim mənbənin bəyanatını yayıb. Bəyanatda deyilir ki, Rusiya Krım hökumət rəhbərinin prezident Putinə müraciətinə reaksiya verib və bu xahişi diqqətdən kənarda qoya bilməz. Lakin mənbə Krıma köməyin nədən ibarət olacağı haqda danışmayıb.

 

ABŞ RUSİYANIN KRIMI TUTMASINDAN HƏLƏ DƏ «XƏBƏRSİZDİR»

 

Krımda bütün strateji obyektlərin, hava məkanının, rabitənin, KİV-lərin və hökumət binalarının Rusiya xüsusi təyinatlılarının nəzarəti altında olduğunu, on minlərlə rus desantının yarımadaya yeridildiyi və Rusiya zirehli texnikasının Sevastopol, Simferopol küçələrində şütüdüyü bir vaxtda ABŞ Dövlət Departamenti qəribə açıqlama verib. Dövlət Departamentinin rəsmisi Ceyns Psaki bildirib ki, ABŞ hələlik Rusiyanın Krıma hərbi müdaxiləsinə dair xəbərləri təsdiqləmir və bu xəbərləri «müstəqil mənbələrdən» dəqiqləşdirməyə çalışır.

«Bizdə müstəqil mənbələrdən təsdiqlənmiş informasiya yoxdur və mən sizinlə bölüşmək üçün belə informasiyalara malik deyiləm» - Psaki bildirib.

Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Ukraynadakı situasiyanı «diqqətlə izlədiyini» də deyib.

Bu gün səhər isə Ağ Ev prezident Barak Obamanın Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkinməyə çağıran bəyanatını yaymışdı. Bəyanatda deyilirdi ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin «öz qiyməti olacaq».

 

DÖVLƏT DUMASININ DESANTI DA KRIMDADIR

Krımın hava məkanı rus xüsusi təyinatlıları tərəfindən tam bağlansa da bu gün səhər Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan bir qrup deputatını aparan təyyarə Simferopoldan Moskvaya uçub.

Nümayəndə heyətinə partiyanın lideri Vladimir Jirinovski başçılıq edir. Bundan əvvəl rusiyalı deputatlar Simferopoldan Moskvaya uça bilmədiklərini bildirmişdilər.

Ukraynanın milli rabitə operatoru «Ukrtelekom» elan edib ki, Krımla bütün növ rabitə kəsilib. Buna səbəb Rusiya hərbçilərinin yerli telekommunikasiya şəbəkəsini ələ keçirməsidir. Volokon-optik kabellərin kəsilməsi nəticəsində Krımla Ukraynanın qalan hissəsi arasında mobil rabitə, stasionar telefon əlaqəsi və internet kəsilib.

QRU xüsusi təyinatlıları Krımın yerli dövlət teleradio şirkətini də tutublar. Ardınca Krımın digər telekanalları və KİV-ləri də xüsusi təyinatlıların nəzarətinə keçib.

Krımdakı Rusiya hərbi bazasının nəzarətində olan «Qvardeyski» hərbi aerodromuna fevralın 28-də axşam saatlarından başlayaraq intensiv şəkildə «İl-76» Rusiya hərbi nəqliyyat təyyarələri enir. Təyyarələr desant və onlara aid zirehli texnika daşıyır. Hər təyyarədə təxminən 150 desantçı olduğu bildirilir. Aeroportu Rusiya dəniz piyadaları, desantçıları və xüsusi təyinatlıları əhatəyə alıb.

Dünən axşam saatlarında BMT Təhlükəsizlik Şurası toplanıb və Rusiyanın «hərbi müdaxilə cəhdlərindən» narahatlıq ifadə edən bəyanat qəbul edilib. Ukraynanın müvəqqəti lideri Aleksandr Turçinov isə baş verənləri Rusiyanın Krımı ilhaq etməsi adlandırıb.

Bu gün səhər Rusiyanın Qara dəniz donanmasının «Nikolay Filçenkov» desant gəmisinin Sevastopola daha 700 xüsusi təyinatlı çatdırdığı xəbər verilir. Xəbərlərə görə, son bir neçə gündə Rusiya Krıma azı 6 min hərbçi yeridib.

 





01.03.2014    çap et  çap et