Vaxt.Az

“Böyük biabırçılıqdır”


 

Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya

“Böyük biabırçılıqdır” “Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putinə qarşı edilmiş təhqir qəbuledilməzdir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, baş verənlər Gürcüstan-Rusiya münasibətlərinin gərginləşməsinə yönəlib və bu gürcü xalqına layiq deyil.

“Əlbəttə ki, baş verənlər gürcülər üçün böyük biabırçılıqdır”, - Peskov bildirib.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) də “Rustavi 2” telekanalında Vladimir Putinin ünvanına təhqiramiz ifadələrin səsləndirilməsini qınayıb.

“Buna gürcü radikal qüvvələrinin Rusiya-Gürcüstan münasibətlərini pozmağa istiqamətlənmiş daha bir açıq təxribatı kimi baxırıq. Bu məlum insident çirkin rusofobiyanın hara apardığı yerin aydın nümunəsidir. Qeyd edirik ki, bu dəfə, iyunun 20-də Rusiya parlamenti nümayəndələrinə hücumlardan fərqli olaraq, Gürcüstan hakimiyyəti radikallara haqq qazandırmadı, özlərini təxribatçılardan ayırmağa və onların hərəkətini qınamağa özündə güc tapdı. Baş verənlərlə bağlı Gürcüstan cəmiyyətində haqlı narazılığı da görürük. Beynəlxalq və regional təşkilatlardan, jurnalist cəmiyyətləri tərəfindən adekvat reaksiyaları gözləyirik. Bu cür təzahürlərə sivil ölkələrdə yer olmamalıdır”, – Rusiya XİN-in saytında yayılan məlumatda vurğulanıb.

Xatırladaq ki, Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putin təhqir olunub.

Dünən proqramın aparıcısı Giorgi Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.

Müxalif televiziya kanalının bu hərəkəti Gürcüstan hökumətini və ictimaiyyətini hiddətləndirib.

Baş nazir Mamuka Baxtadze “Rustavi 2” kanalını ölkədə qeyri-sabitlik yaratmağa cəhddə ittiham edib: “Bu gün “Rustavi 2”də gördüyümüz iyrənc təxribat aktı və ölkəmizdə sabitliyi pozmağa cəhdindən başqa bir şey deyil. Bu isə tamamilə yolverilməzdir”.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze də “Rustavi 2” kanalının efirində səsləndirilən ifadələri Gürcüstan dövləti və xalqına qarşı təxribat kimi qiymətləndirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili də analoji bəyanatla çıxış edib. O, televiziya kanalını dövlət maraqlarına xələl gətirməkdə ittiham edib. Dövlət başçısının sözlərinə görə, Gürcüstanın yolu sülh yolu, gücü isə sabitlikdir. (Virtualaz.org)

 





09.07.2019    çap et  çap et