Rusiya problemlə bağlı uyğun variantlar təklif etdikcə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Qərbdə yeni dostlar tapmaqla bağlı çağırışlarının tonu bir qədər də yüksəlir.
Belarus qonşu dövlətdən çoxillik ittifaqı pozmadan istədiyini ala biləcəkmi? İyunun sonlarında Minsk II Avropa oyunlarına ev sahibliyi etdi. Bu mötəbər idman yarışı çərçivəsində Minskə bir çox dövlətlərin rəhbər şəxsləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin də gəldi. Tədbir səs-küysüz, qalmaqalsız keçsə də, oyundan dərhal sonra Belarus lideri qəfildən vətəndaşlarına çağırış etdi: NATO və Rusiya arasında seçim edin!
Hərbi çağırış haqda qanuna dəyişikliyi şərh etməklə Lukaşenko gündəmə daxili siyasətə dair yeni mövzu atdı. Prezident bəyan etdi ki, vətəni müstəqil şəkildə müdafiə zərurəti yaranacağı təqdirdə, Belarus xalqı kömək üçün digər dövlətlərə müraciət etməli olacaq. Və bu kömək Belarusa çox baha başa gələcək. Belə ki, Moskva nüvə çətiri, hipersonik silahlar və s. müqabilində Minskdən suverenliyindən tam imtinanı tələb edə bilər.
Bu cür təhdidlər ilk dəfə səslənmir. Belarusun tezliklə Rusiya tərəfindən ilhaq olunacağı barədə məlumatlar bu ölkənin informasiya məkanında hələ ötən ilin sonlarından gözə dəyməyə başlayıb. Bu məlumatların yayılmasına iki liderin Rusiya və Belarusun iştirakıyla ittifaq dövlətinin yaradılmasına dair apardığı danışıqlar təkan verdi. Müvafiq saziş hələ 1999-cu ildə imzalansa da, bu istiqamətdə heç bir irəliləyiş olmayıb.
Putin 20 iyundakı canlı yayımda məsələyə aydınlıq gətirərək qonşuları sakitləşdirməyə başladı. Bildirdi ki, söhbət, Rusiya və Belarusun bir dövlətin tərkibində birləşməsindən yox, sadəcə ittifaq dövlətinin yaradılmasından gedir. Dediyinə görə, bunlar, eyni şey deyil. Putin əlavə etdi ki, sazişdə hətta ittifaq parlamentinin yaradılmasına və vahid valyutaya qədər çox sayda birləşdirici element var. Rusiya prezidenti söz verdi ki, Belarus lideri ilə bu məsələyə daha sonra qayıdacaqlar.
Lukaşenkoya görə, sazişin imzalanmasından sonra ittifaq dövlətinin Konstitusiyasını qəbul etmək, orada da ümumi idaretmə orqanlarını, hakimiyyət orqanlarını və vahid siyasəti göstərmək lazım idi.
«Rusiya həmin vaxt bundan imtina etdi”, – deyə Lukaşenko Moskvanı bu addımına görə qınamışdı.
Əslində Rusiya ilə birləşmə məsələsi uzun illərdir ki, Rusiya siyasətində qadağan olunmuş mövzu hesab olunur. Yerli hakimiyyət təmsilçiləri Moskva ilə həddən artıq aktiv əməkdaşlığın tərəfdarlarını sərt cəzalandırmağa hazır olduğunu dəfələrlə nümayiş etdirib.
Məsələn, 2017-ci ildə rusiyayönlü üç jurnalist millətlərarası ədavəti qızışdırmaq ittihamı ilə məsuliyyətə cəlb olunmuşdu. Rəsmi Minsk Rusiya telekanallarında tənqid olunanda həmin verilişlər Belarusda senzuraya məruz qalır. Sosial şəbəkələrdə də eyni vəziyyət hökm sürür.
Bunlarla yanaşı, ölkədə milliyyətçi partiya və hərəkatlar var ki, Rusiyaya ukraynalı milliyyətçilər kimi baxırlar və Moskvanı Belarusun müstəqilliyinə təhdid hesab edirlər.
Əgər birləşmə baş tutarsa, bu, Belarusun böyük şəhərlərində kütləvi etirazlara səbəb olacaq. Moskva bunu başa düşür, lakin Belarusun Rusiyaya inteqrasiyasında maraqlı olduğu üçün bu dəfə bir qədər də irəli gedərək müttəfiqi ilə ultimatum dili ilə danışır.
Belarusda qonşu ilə uzunmüddətli dostluq modeli əbəs yerə “öpüş qarşılığında neft” adlandırılmır. Rusiya hakimiyyət orqanları daha böyük diqqət görmək ümidilə enerji ehtiyatlarına “stavka” etdilər.
Hazırda Rusiya Belarusa və Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə neft və neft məhsullarını daxili qiymətlərlə tədarük edir. Yəni neftin dünya bazarındakı qiymətindən daha ucuz. Yanacağın böyük hissəsi hələ ki Belarusun iki neft emalı zavoduna gedir. Onlar nefti ölkənin ehtiyacları üçün emal edirlər, qalanı da ixrac olunur. Belarusdan çıxarılan neftin ixrac rüsumu da bu ölkənin büdcəsinə daxil olur.
2018-ci ilin yayında Rusiya Dövlət Duması “Vergi manevri” adlanan və yerli neft emalı sənayesinə dəstəyi nəzərdə tutan qanun qəbul etdi. Sənədə əsasən, 2024-cü ilədək tədricən faydalı qazıntıların hasilatı üçün nəzərdə tutulan rüsum qalxacaq, ixrac rüsumu ləğv olunacaq. Bu o deməkdir ki, Belarusa tədarük olunan neft dünya qiymətləri ilə satılacaq. Bu isə Belarus iqtisadiyyatına zərbədir.
Rusiyadan gələn və rüsumdan azad olan yanacaq Belarus üçün olduqca sərfəli, ixrac rüsumları isə Minsk üçün valyutanın əsas mənbəyi idi. İndi Lukaşenko bütün bunlardan məhrum olunacaq. Minskin hesablamalarına görə, qarşıdakı 5 ildə Belarus 12 milyard dollara qədər vəsait itirə bilər. Eyni zamanda ölkədə benzin və dizelin qiyməti qalxacaq ki, bu da əhalinin xərclərində özünü nəzərəçarpacaq dərəcədə göstərəcək.
Rusiya müttəfiqinə itkiləri kompensasiya etməyi təklif edir. Əvəzində isə bir tələbi var – daha sıx inteqrasiya. Moskva ehtimal edirdi ki, Minsk böyük maliyyə itkisindən çəkinərək daha uyumlu olacaq. Lakin başqa reaksiya ilə qarşılaşdı – qarşı tərəfdən mesajlar gəlməyə başladı ki, əgər kompensasiya olmasa, yerli hakimiyyət ittifaq dövlətinin onlara lazım olub-olmadığını bir daha düşünəcək.
Lukaşenko “heç kimin əlaltısı olmayacağıq” kimi, gurultulu bəyanatlar səsləndirməyi sevir. Minsk neft qiymətində endirim qazanmaq istəyir, Moskva isə pulları tranşla bir ölkənin büdcəsindən başqa bir büdcəyə köçürməyi təklif edir. Bu, Rusiya hökumətinə Belarus üzərində tam təsir imkanı verir. Minsk isə nümayiş etdirir ki, neft kompensasiyaları bu cür qurbanlara dəymir…