Vaxt.Az

“Ümumbəşər mədəniyyətinə verdiyimiz töhfə...”


 

Prezident Azərbaycan xalqını təbrik edib

“Ümumbəşər mədəniyyətinə verdiyimiz töhfə...” Prezident İlham Əliyev iyulun 7-də UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Şəkinin tarixi mərkəzinin və Xan sarayının Dünya irs siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə qeyd edilir ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır: “Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESCO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir”.

Diqqətə çatdırılır ki, Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, həmçinin Qobustan qaya sənəti mədəni landşaftı UNESCO-nun Dünya irs siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alır: “Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”.

Təbrikdə daha sonra deyilir:

“Əziz həmvətənlər!

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. UNESCO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin dünya irsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

 





08.07.2019    çap et  çap et