Beləliklə, “Əli Babacan iqtisadiyyatın başına keçər və yeni partiya işi yaddan çıxar” gözləntisində olanlar məyus olublar.
Sentyabr-oktyabr aylarında yeni partiya elan ediləcək.
Əli Babacanın istefası sürpriz olmayıb. Çoxdan gözlənilirdi. Ötən həftə Babacanın istefa məktubu göndərdiyi bildirilmişdi. Amma Babacan bu həftəyədək gözləyib.
Əslində, mayın 30-da prezident Ərdoğanla görüşə o, cibindəki istefa məktubu ilə getmişdi. Amma 23 İyun seçkilərində məğlubiyyətə görə günahkar sayılmamaq üçün istefasını təxirə saldığı bildirilir.
Babacanın açıqlamasındakı “Türkiyənin bu günü və gələcəyi üçün yeni bir işə başlamaq labüd hala gəlib. Mən və bir çox dostlarım belə bir işə görə böyük və tarixi məsuliyyət hiss edirik” ifadəsi yeni partiyanın elanından başqa heç bir məna daşımır. Ancaq Babacanın: “Son illərdə bir çox sahələrdə tətbiq olunan prinsip, dəyər və düşüncələr arasında dərin fərqlər yaranıb. Zəkam və qəlbimlə bundan ayrıldım” sözləri də çox əhəmiyyətlidir. Bu sözlər qopma bəyanatı olaraq qavranılmalıdır. Onları yeni partiya qurulmasının səbəblərindən biri hesab etmək daha realdır.
Əlbəttə, yeni partiya qurucuları: “Yaratdığımız AK Partiya bugünkü AK Partiya deyil” deyəcəklər. Davudoğlu da bənzər bir təbirdən istifadə edəcək.
Babacanın yol xəritəsi
Əli Babacanın “Hər şeyə ağ səhifədən başlamalıyıq” cümləsi gələcək proses üçün də yol xəritəsidir. Babacan partiyaya dəvət etmək üçün görüşdüyü qrupa “AK Partiyanı hədəfləmirik. Amma AK Partiya düşərgəsinə də xitab edəcəyik. Hədəfimiz Türkiyədir”, – deyib.
Onunla görüşənlərin ağlında AKP kimi əsasən “İslamçı” xətt deyil, ANAP kimi mərkəzçi bir partiya təsəvvürü var. Təklif olaraq liberal və sosial-demokrat adlar irəli sürülüb. Hətta hörmətli sənətkarımız Zülfü Livaneliyə də təklif verilib, amma o bunu qəbul etməyib.
Yeni partiyada keçmiş AKP-lilərə üstünlük verilməməsinə çalışılacaq. Tanınmış adlardan başqa, AK Partiyadan ifrat mərkəzçi şəxslər vitrində yer alacaq. Gənc zəkalar və yeni adlar nəzərdən keçirilir.
Yeni partiyanın üstün və mənfi cəhətləri var. Partiyanın qurulması zamanı onları çox müzakirə edəcəyik. İstənilən partiya kimi, cəmiyyətə yeni vədlər edəcəklər. Amma hər şeydən əvvəl AK Partiya lideri olaraq, Ərdoğanın “xəyanət” ittihamına sinə gərməli olacaqlar.
Davudoğlu-Ərdoğan söhbəti
Əli Babacan AK Partiya ilə körpüləri yandırıb yeni bir partiya meydana gətirmə səylərini sürətləndirərkən, ayrı bir partiya inşa edən Əhməd Davudoğlunun nə edəcəyi maraqlıdır.
Söhbət İstanbul seçkiləri və yeni partiyanın meydana gəlməsinə yönəlib.
Ərdoğan Davudoğlunun İstanbulda keçirilən təkrar seçkilərdə çalışmasını istəyib. Davudoğlu: “Konyadayam”, – deyib. Ərdoğan İstanbulda seçki kampaniyasına dəstək verməsini istədikdə, Davudoğlu belə deyib: “Bu məsələ ilə bağlı məsul qurumlarla söhbət aparmışam. Onlar mənsiz də İstanbulda işləyirlər”.
Davudoğlu aprelin 22-də 14 maddədən ibarət bir bəyanat yayıb. Ramazan ayında Diyarbəkirdə bir iftar süfrəsinə qatılıb.
Ərdoğan bunlara eyham vurub.
Davudoğlu: “Bunlar sizin üçün sürpriz deyil. Mənim fikirlərimi artıq sizə təqdim etmişəm”.
Partiya məsələsinə də bu dialoqda toxunulub.
Ərdoğan: “Partiya formalaşdırırsınız”.
Davudoğlu: “Belə bir bəyanım olmayıb”.
Onun “Bayramınızı təbrik etmək üçün zəng etmişdim. Bayramınız mübarək olsun!” sözlərinə Ərdoğanın cavabı: “Bayramınız mübarək olsun!”
Şübhəsiz, xoş söhbət deyil.
AK Partiya qurulduğu gündən bu yana ən ciddi sınaqlardan keçib.
İndi yeniləri əlavə olunub: bir tərəfdən, 31 Mart və 23 İyun seçkiləri nəticələri, digər tərəfdən, AK Partiyanın kökləri üzərində qurulan yeni partiya.
Bu günə qədər bir çox çətinliyi adlayaraq, Ərdoğan siyasi həyatında yeni bir meydan oxuma ilə üz-üzədir…
Bu dəfə həm xaricə, həm də daxilə yönəlik mübarizə aparacaq.