Amma qarşımdakı insan nə yollasa, hansı sözlərləsə ailə zorakılığına, kişinin qadını və ya uşağı döyməsinə haqq qazandırmağa çalışanda səbr kasam daşır. Etna kimi.
Çünki “gərək kişinin beynini xarab etməyəyədi”dən tutmuş “məni də uşaq vaxtı döyüblər, heç nə olmadı, əksinə, savadlı və uğurlu insanam”a qədər səfsəfə arqumentasiya, dəlil və isbatlar cəhdləri opponentimi özü də bilmədən daha dərinə gömür.
Kişi arvadını döyə bilər, ata övladını vura bilər, eləmi?!
Tamam. Həmişəki kimi, emosiyalardan çox kənar məqama varaq.
Fərz edək ki, ailədə kişi X, xanımı Y, övladı isə Z-dir.
“Ər, ata haqlıdır!” deyənlərin məntiqinə görə, X - kişidir, güclüdür, ailə başçısıdır, evə pul gətirəndir. Və bu səbəbdən də Y ilə Z-ə qarşı zorakılıq haqqına malikdir.
Qadına, uşağa, zəifə, yaşca kiçiyə, maddi baxımdan ondan asılıya.
Oyun qaydalarını qəbul etsək, bu brutal, şortik geyinməyən, “qiryet”dən fasiləsiz danışa biləcək maço X işdə onu rəisi, şefi, sədri və s.-i olan XXX-in söyməsinə, aşağılamasına, yainki vurmasına əsla etiraz etməməlidir.
Axı XXX mütləq şəkildə X-dən ağıllıdır - o rəhbərdir, yox?!
Axı XXX mütləq şəkildə X-dən güclüdür - əks halda X boss olardı, yox?!
Binqo.
Hə, güclü, maskulist X unutmasın: çağdaş postsənaye dövründə qadın əksər hallarda zəif, kiçik və maddi baxımdan asılı insan deyil. Onun müdafiəsinə media, ictimai təşkilatlar, sosial şəbəkələr, qanunlar, məhkəmələr və polis durur.
Ona görə də ailədə qadına əl qaldırmaq əslində məntiqi suala arqumentli cavabı olmayan yekə və qəzəbli yazığın zəifliyi, dalana dirənmişin zavallı çırpıntısıdır.
Ağrı verməklə, əzab yaşatmaqla kimsəni itaətə salmaq olmur.
Əksinə, ağrı nə qədər çoxdursa, nifrət o qədər artır.
Nifrətsə daim yığılan yaydı - bir gün mütləq açılacaq.
Qadın kişini sevməlidir - nəyinsə, kiminsə xatirinə onunla iyrənərək yaşamamalıdır.
P. S. Xanım bossunun “Facebook”da yazdığını qaçaraq, hövlnak “like” edən, hətta “….”yə “Ax, tamamilə doğurudur!” yazanın axşam evə gedəndə “Yeməyə nə var?!” deyib çəmkirməsi qədər binəva mənzərə ola bilərmi?!