Vaxt.Az

Aşqabad “bataqlığı”


 

Nağd pul qıtlığı, çörək növbəsində həlak olanlar və şıltaq prezidentin ədaları ölkəni hara aparır?

Aşqabad “bataqlığı” Sovetsonrası məkanda yeni qaynar nöqtə meydana çıxa bilər. Britaniya məruzəsinə görə, ölkədə kəskin ərzaq qıtlığı duyulur. İqtisadi böhran respublikada radikal islamçıların fəallaşması ilə nəticələnə bilər. Başqa oyunçular da qazla zəngin ölkə uğrunda savaşa qoşula bilər. Rusiya isə əlverişsiz bölgüdə rusdilli əhalini oradan necə xilas etməyi düşünməli olacaq.

Politoloq və teleaparıcı Nadana Fridrixson çərşənbə günü öz “Facebook” səhifəsində yazıb: “Mənə elə gəlir ki, hər şeyi bilmək istəyən baxışlarımız tezliklə Türkmənistana sarı yönələcək”.

Ekspert gələcəkdən danışır: “Qiyamçı sovetsonrası məkanda təkcə Ukrayna mövcud deyil. Budur, bu yaxındakı əhvalat Gürcüstanın cizgilərinə işıq salıb. Tezliklə isə Türkmənistanın – təbii resurslarla zəngin Xəzərin oyunçusunun da vaxtı çatar. Daxili böhran Əfqanıstanda güc toplamaq üzrə olan İŞİD-in fəallığı üzündən çox tezliklə əhatəli miqyas alacaq”.

İstisna deyil ki, politoloqu London Xarici Siyasət Mərkəzinin hazırladığı “Hiperinflyasiya və aclıq: Türkmənistan fəlakət həddində” məruzəsi belə bir qaranlıq proqnoza dümsükləyib. Məruzədə bildirilir ki, Türkmənistan son aylarda SSRİ dağılandan bəri ən pis iqtisadi böhran yaşayır. Araşdırıcıların iddiasına görə, görünməmiş şəkildə qazla zəngin bu ölkədə, özəlliklə paytaxtdan uzaq bölgələrdə əsil aclıq başlanıb.

Bu ölkə dünyanın araşdırılan bütün təbii qaz ehtiyatlarının, təxminən, 10%-ə sahibdir (ehtiyatlara görə dünyada birinci və araşdırılmış ehtiyatlara görə dünyada dördüncü), amma məruzədən belə çıxır ki, son zamanlar orada hiperinflyasiya, başlıcası isə hər yerdə ərzaq qıtlığı yaranıb. Bu sarsıntılar qismən qazın qiymətinin düşməsi, habelə Moskva ilə 2016-2019-cu illərdə Rusiyaya mavi yanacağın ixracını dayandırmağa səbəb olan savaşla bağlıdır. “Vzqlyad” qəzetinin artıq xəbər verdiyi kimi, “Qazprom” bu yaxınlarda Aşqabadla yenidən saziş bağlayıb, amma çox cüzi həcm üçün. Görünür, saziş Türkmənistan büdcəsini artıq xilas etməz.

İngilis iqtisadçılar yazırlar – qıtlıq iqtisadiyyata son zərbəni vurub: bu yazda buğda və arpa səpini daşqına görə ciddi ziyan görüb. Bununla yanaşı, qıtlığın səbəblərindən biri ölkə prezidenti Qurbanqulı Berdımuhəmədovun xarici siyasət jesti olub. O, əhalisi yaz sellərindən ziyan çəkən Əfqanıstanın bitişik əyalətlərinə humanitar yardım göndərməyi əmr edib. Həm də yardım rezervdən deyil, türkmənlərin özləri üçün nəzərdə tutulmuş ehtiyatdan göndərilib.

“Regnum”un hələ apreldə məlumat verdiyi kimi, nəticədə Türkmənistanın içərilərində un qıtlığı meydana çıxıb və indi onun əhaliyə satışı ciddi limitləşdirilib – ayda adambaşına 5 kq-dan artıq deyil. Dükanların ətrafında hər gün səhər saat altıdan tutulan böyük növbə durur. Hətta adama normalaşdırılmış iki kömbə buraxılarkən də həmişə hamıya çörək çatmır. Növbələrdə gerçək dava və basabas başlanır. Bəzən insan qurban gedir. Mart və apreldə çörək üçün basabasda, ən azı, iki adam həlak olub.

Orta Asiya üzrə ekspert Andrey Serenko “Vzqlyad” qəzetinə deyir: “Düşünürəm ki, Britaniya araşdırcılarının məruzəsində xeyli həqiqət payı var. İndiki Türkmənistandan mötəbər məlumat almaq bir az çətindir.

Amma eşidilənlər ondan xəbər verir ki, durum böhrana yaxındır”. Ekspertin qiymətinə görə, “Qurbanqulı Berdımuhəmədovun rejimi öz tarixində, ola bilsin, ən gərgin dövr yaşayır. Prezidentin və komandasının şəxsi fəallıq göstərməkdə hər cür cəhdləri uğursuzluğu üzə verməmək səyidir”.

Serenkonun fikrincə, fəaliyyətdəki hökuməti hələlik “ancaq bir şey xilas edir – aşkar etiraz əhvalı hələ etiraz hərəkətlərinə transformasiya olunmur”. Səbəb – “respublika sakinlərinin müəyyən siyasi davranış özəlliyində” və “Türkmənistanda fəaliyyət göstərən güclü cəza strukturlarıdır”.

Ekspert hesab edir ki, “Türkmənistan islahata uğrayan Özbəkistanın, siyasi tranzit zolağına girən Tacikistanın, demokratik Qırğızıstanın fonunda formalaşmış praktikalar baxımından tamamilə arxaik dövlət kimi görünür və orada dəyişikliklər qaçılmazdır”. Həmsöhbətimin fikrincə, dəyişikliklər, bir yandan, “çox güclü sosial-iqtisadi böhranla, o biri yandan bölgədə heç hara yox olmamış islamçı tendensiyaların çağırışı ilə” başlanacaq.

Serenko təəssüflənir: “Türkmənistanın strateji resurslardan ancaq qazı və Xəzər dənizinə çıxışı var. Bununla yanaşı, ölkədə əhali azdır, onu normal siyasətlə doyuzdurmaq olar, amma hələlik çox da alınmır”.

Politoloq proqnozlaşdırır – həm də rejim zəiflədikcə “müxtəlif bölgəsəl və beynəlxalq oyunçuların Türkmənistan uğrunda rəqabəti güclənəcək”. Bu fonda məlumat gəlib ki, Türkmənistan və Avropa Birliyi çərşənbə axşamı Avropaya qaz tədarükü haqda çərçivə sazişi üzərində işə başlayıb – bunu “Praym” bildirir.

Yeri gəlmişkən, uzun illər ərzində ilk dəfə Almaniyadan siyasətçi və iş adamlarından nümayəndə heyəti payızda Aşqabadda olub. Qonaqlar Transxəzər qaz kəməri layihəsini irəlilətmək üçün lobbilik fəaliyyətini fəallaşdırmağa söz veriblər. Bu nəhəng boru kəməri salınsa, Türkmənistan qazı Rusiyadan yan keçməklə Cənubi Qafqaz və Türkiyə üzərindən birbaşa Avropa Birliyinə keçə bilər.

Bu arada Aşqabad inandırır ki, respublikada işlər uğurla gedir. MDB Statistika Komitəsinin çərşənbə axşamı dərc edilmiş məlumatı şahidlik edir ki, Türkmənistan 6,2 faiz göstərici ilə sovetsonrası məkanda ÜDM artımının ən yüksək tempini sərgiləyən ölkələr üçlüyünü qapayır. İlk iki mövqeyi Tacikistan (7,5 faiz) və Ermənistan (7,1 faiz) bölüşüb.

Lakin ingilis iqtisadçıların məruzəsində deyilir ki, rəsmi məlumatlarn arxasında maliyyə xaosu gizlənir. Britaniyanın beynəlxalq ticarət nazirliyi Aşqabadın məlumatlarını etibarlı saymır. Nazirlikdə yatırım riskləri kimi rəsmən “prezidentin skleroz bürokratiyası tərəfdən özbaşınalığa gətirən şıltaqlıqlarını” göstərirlər.

Əvvəllər məlumat gəlib ki, ərzaq qıtlığı üzündən emiqrasiya sürətlənib – birinci növbədə Rusiya və Türkiyəyə. “Новые известия” qabaqlar xəbər verib ki, getmək elə də asan deyil, amma kənd sakinləri qənaət edib yığdıqları son puldan istifadə edirlər. Ümumdünya Bankının analitiklərinin fikrincə, 2017-ci ildə Türkmənistan əhalisinin sayı 5,7 milyon nəfər olub. Amma müxalif mühacir nəşrlərdə hesab edildiyi kimi, bu rəqəm xeyli azdır – tam 3,3 milyon nəfərdir. Onlar hesab edirlər ki, son 10 ildə milyon yarımdan çox adam respublikadan gedib. Amma getmək həm pul, həm də siyasi səbəbdən çətindir. Yalnız ötən  həftə bəlli olub ki, hökumət ikili – əsasən, Rusiya – vətəndaşlığı olan şəxslərə xarici pasport verməyə icazə verib. Bu adamlar 2013-cü ildən bəri gedə bilməyən idilər – onları seçim qarşısında qoyublar: “Коммерсантъ” qeyd edir ki, Türkmənistan xarici pasportu almaq üçün Rusiyanınkından imtina etmək gərək idi. Nəşr istisna etmir ki, rusdillilərə üz vermək Moskvanın qaz alqısını təzələməzdən qabaq Aşqabad qarşısında qoyduğu gizli şərtlərdən biri olub.

AİB İnstitutunun baş direktoru Vladimir Lepexin İngiltərə mərkəzinin məruzəsində “müəyyən uydurma payı” görür, onun məzmununu dəyərləndirərkən Çin, ABŞ və Böyük Britaniyanın karbohidrogen şirkətləri tərəfindən Türkmənistanın sərvətinə iddiaları nəzərə almaq gərəkdir. Amma o, ölkənin fəal şəkildə qaz satdığı, “ona necəsə bir təhlükəsizlik balıncı verən” Pekinlə güclü iqtisadi bağlarını unutmamağa çağırır.

Ancaq ekspert etiraf edir ki, Türkmənistan hökuməti təkxammal yönünə “hədsiz aludə olub və öz iqtisadiyyatının başqa sahələrinə gərəkli diqqət ayırmır”. Lepexin “Vzqlyad” qəzetinə deyib: “Qaz hasilatı və nəqli bazardan, dünyada qaz qiymətlərindən çox ciddi asılıdır, buna görə də Türkmənistan iqtisadiyyatını manipulyasiya etmək çox asandır”. Lepexin etiraf edir: “Aşqabad bu zaman nəzərdə tutur ki, ola bilsin, Pekin Çinin Orta Asiyaya planlı yayılması ilə bağlı bu ölkənin qaz sektorunu tam özünə qamarlamaq istərdi”.

Serenko da yada salır: təkcə Çin deyil, qonşu dövlətlər, Rusiya və əlbəttə, başqa xarici oyunçular da Türkmənistana göz dikib. Türkmənistandakı durumun məhz britaniyalılar tərəfindən ayrıntılı incələnməsi təəccüblü deyil. Serenko hesab edir: “London ümumiyyətlə sovetsonrası məkana və birinci növbədə Xəzər bölgəsi, Qafqaz və Mərkəzi Asiyaya münasibətdə öz strategiyasına yenidən baxmağa gedir. Britaniyanın orada fəallığı yalnız artacaq”.

Ekspert vurğulayır: “Türkmənistan beynəlxalq nəqliyyat dəhlizlərindən biridir. Başqa dövlətlər buna görə də onun siyasi modelinin gələcəyinə fəal təsir etməyə çalışacaq. Rusiya da xarici siyasətin Türkmənistan yönünü maksimal fəallaşdırmalıdır”.

Lepexin bu zaman hesab edir ki, respublikada istənilən halda rusların durumu yaxşılaşmayacaq, amma bu, Rusiyaya hətta əlverişli ola bilər. Onun sözlərinə görə, rusdilli əhalinin Orta Asiya ölkələrində “mahiyyətcə” bir işi yoxdur, “buna görə də Moskvanın mövqeyi onların Rusiyaya getməyinə şərait yaratmaqdan ibarətdir”.

Qeyd etməyinə dəyər: 1989-cu il məlumatına görə, Türkmənistanda, təxminən, bir milyon rusdillidən yarım milyondan az olmayan rus yaşayıb. Daha təzə dəqiq məlumat yoxdur. Ekspertlərin fikrincə, təxminən, 100 min rus və daha 200 min rusdilli qalıb.

 





21.07.2019    çap et  çap et