«Bakı»nın baş məşçisi Milinko Pantiç də «futbolunuzu qaldıracam» deyənlərdəndi. Amma «Bakı» - «Sumqayıt» matçından sonra mətbuat konfransında serbiyalı mütəxəssis «Azərbaycanın AÇ-2016-nın seçmə mərhələsindəki rəqibləri necə dəyərləndirirsiz» sualına sualla cavab verdi. Daha doğrusu o, tərcüməçisi Vüqar Əliyevdən Azərbaycanın hansı yığmalarla qarşılaşacağını soruşdu. Tərcüməsi Norveç, Xorvatiya, Malta, İtaliya və Bolqarıstan dedikdə, o «çox çətin qrupdu» deyərək cavab verdi.
Sən demə, Pantiç Azərbaycanın hansı komandalarla qarşılaşacağından belə xəbərsiz imiş. Bu üzdən mətbuat konfransında biz də «zolaqlılar»ın çalışdırıcısına belə bir sual verməli olduq:
- Hər zaman açıqlamalarınızda qeyd edirsiz ki, Azərbaycan futbolunu inkişaf etdirmək üçün gəlmişəm. Ancaq bu gün Azərbaycan yığmasının rəqiblərinin kim olmasından xəbərsizsiz. «Futbolunuzu qaldıracam» deyən mütəxəssisin bu ölkənin yığmasının rəqiblərindən xərbərsiz olması nə dərəcədə düzgündü?
- Sizə kim deyir ki, mən Azərbaycanın hansı komandalarla qarşılaşacağından xəbərsizəm?
- Hər halda xəbəriniz olsaydı, tərcüməçinizdən soruşmazdız...
- Mənim hər dediyimi ciddi qəbul etməyin.
Pantiçin dediyi kimi, onun hər sözünü ciddiyə almaq lazım deyilmiş. Biz də ona inanmışdıq ki, serb doğrudan da bizim futbolumuzu qaldırmağa gəlib. Amma Pantiç özü sübut etdi ki, yalan açıqlamaları ilə başımızı aldadırmış. Görünür, o da ölkəmizə digər həmkarları kimi sadəcə, çörəkpulu qazanmağa təşrif buyurub.
Amma Pantiç ən azı ötən gün qalib gələ bilmədiyi «Sumqayıt»ın gənc məşqçisi Aqil Məmmədovdan çox şey öyrənə bilər. Məsələn, azərbaycanlı məşqçi ona yerli və gənc futbolçularla, kiçik büdcə ilə də necə əzmkar komanda yaratmaq mümkün olduğunu göstərdi. Görəsən, Pantiç də «kasıb» «Sumqayıt»ın bu təcrübəsiz uşaqlarını çalışdırmağa, bu komanda ilə də «Azərbaycan futbolunu qaldırmağa» razı olardı? Çətin. Axı yuxarıda da qeyd etdiyimiz kimi, serbi «Bakı»ya gətirən, belə gəlişigözəl sözləri tez-tez deməyə məcbur edən Hafiz Məmmədovun ona verdiyi layiq olmadığı pullardı.