Sonuncu prezident seçkiləri zamanı B.İvanişvilinin komandası açıq şəkildə seçiciləri satın almaq yolunu tutdu - insanlara vəd edildi ki, bəs əhalinin böyük hissəsinin banklara kredit borcları ödəniləcək.
Bilmirik, Gürcüstanın hələki yeganə rəsmi milyarderi və hakim partiyanın “boz kardinalı” sözünün üstündə durdu, ya durmadı, bircə onu bilirik ki, əgər durmayıbsa, onda bu da onun lideri olduğu partiyanın neqativinə yazılacaqdır.
Amma yenə də əksər yerli və xarici siyasi müşahidəçilər belə hesab edirlər ki, bütün hallarda növbəti “qızılgül inqilabı” olmayacaq, çünki onların fikrincə, B.İvanişvili müxalifətin iki tələbini, xüsusən də artıq növbəti parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsi haqqındakı tələbini qəbul edərək növbəti inqilabın baş vermə ehtimalını azalda bildi.
Mübahisə etməyəcəyik, amma bununla belə qeyd etmək lazım gəlir ki, siyasi həyəcanlanmalar bu gün də davam edir, protest ovqatı azalmır və hər gün daxili işlər nazirinin istefası tələbilə mitinqlər keçirilir. Burada təbii sual yaranır: Niyə görə İvanişvili öz komandasının daha bir üzvünü “qurban vermək” istəmir?
Çox təəssüf ki, hələki bu sualın tam, tükəndirici bir cavabı yoxdur. Bəli, demək olar ki, öz kadrlarını “qurban verərək” hakim partiya kadr resursların xərcləməli olur, amma nəzərə almaq lazımdır ki, bu resurslar heç də sonsuz deyil.
İkincisi, əgər “boz kardinal” daxili işlər naziri G.Qaxariyanı da “qurban vermək” qərarına gəlsə artıq növbəti etirazlar zamanı yeni daxili işlər naziri tərəddüd yaşamalı, nəsə etməzdən öncə yüz dəfə ölçüb-biçməli olacaq, bu isə hakimiyyətin laxladığı dövrdə onun immunitetini bir az da azaldır.
İkincisi, artıq gürcü hadisələrinin arxasında aşkar geosiyasi izlər sezilir və bu savaş təkcə “Gürcü arzusu” ilə “Milli hərəkat”ın savaşı deyil və bu qovğanın arxasında böyük güclər dayanır. Rusiya Gürcüstan əleyhinə az qala, hər gün bir məhdudiyyət qəbul edir. İki ölkə arasında pul köçürmələri faktiki olaraq dayandırılıb, turistlərin də səfərlərinə “stop!” deyilib və nəhayət, gürcü mallarına yasaq elan olunubdur...
Axı nə baş verir? Məsələ bundadır ki, Gürcüstanın və Ukraynanın bilavasitə iştirakı ilə Qara dəniz tədricən NATO və ABŞ-ın nəzarətinə keçir. Rusiyalı analitiklər hələ xeyli vaxt bundan əvvəl “ağlaşırdılar” ki, ölkələri Şimal dənizinin arxasınca Qara dənizi də itirir.
Qeyd etmək lazımdır ki, prezident D.Trampın həmkarı V.Putinə ünvanlanan simpatiya dolu bəyanatlarına paralel olaraq ABŞ dövlət maşını öz işindədir -Vaşinqton artıq Gürcüstanı, Moldovanı və Ukraynanı Rusiyadan tamamilə uzaqlaşdırmaq yolunu tutubdur.
Hazırda ABŞ dövlət departamenti möhtəşəm plan üzərində işləyir və onu adı da təxminən belədir: “Post-sovet məkanında Rusiyanın təsirinin azaldılması”.
Artıq bu məqsədlə ABŞ 2020-ci ildə 660 milyon dollardan artıq vəsait xərcləmək niyyətindədir. Məqsəd də bir daha deyirik ki, bu ölkələrin siyasi, iqtisadi, energetik və informasiya təhlükəsizliyini təmin etməkdir.
Deyək ki, bu proses bir az da bundan əvvəl başlayıb - daha üç post-sovet ölkəsi, məşhur “GUAM üçlüyü” Moskvanın nəzarətindən tamam-kamal çıxmaqdadır. Məsələn, Moldovanın ixracının 70 faizi AB ölkələrinə, yalnız 16 faizi Rusiyaya yönəlib.
Gürcüstandakı etirazların tele-kanallara da yol tapması o deməkdir ki, biz faktiki olaraq Gürcüstanla Rusiya arasında növbəti müharibənin - bu dəfə hibrid müharibəsinin şahidləriyik. Kremldə başa düşürlər ki, Qara dənizdən sonra növbə Azov dənizinə çatacaqdır və Rusiya NATO -nun hərbi gəmilərinin əhatəsində qalacaq.
Ehtimal var ki, bu müharibənin qurbanı təkcə daxili işlər naziri G.Qaxariya yox, B.İvanişvilinin bütün komandası olacaq, hansı ki, nə ölkənin, nə də onun vətəndaşlarının etimadını doğrultmadı: bəli, onlar nəinki sovet dövrünün zavod və fabriklərini işə sala bilmədilər, həm də Rusiya ilə normal münasibət qurmağı bacarmadılar. Üstəlik, bu da azmış kimi, “Gürcü arzusu”nun sayəsində prezident olan S.Zurabişvili özünün anti-Rusiya ritorikasına görə M.Saakaşvili tərəfdarlarından geri qalmır və bir ifrat qərbçi, fransız xanımı təsiri bağışlayır.
Odur ki, gürcü hadisələrinin nöqtəsini qoymaq hələ tezdir - siyasi narazılıqlar hələ indi-indi güclənir və hələ məlum deyil siyasətin rəqqası hara istiqamət götürəcək?
Aydın olan bir məsələ var: bu hadisələrin arxasında tamam real geosiyasi ambisiyalar dayanır, hətta ola bilsin, bu, Cənubi Qafqaz və ya Qara dəniz hövzəsi uğrunda savaşdır - o savaş ki, vaxtilə politoloqlar bu haqda fərziyyələr irəli sürməyi sevirdilər. Bəli, bir daha deyirik ki, bu təkcə “Gürcü arzusu” ilə “Milli hərəkat”ın qarşıdurması deyildir, Qərblə Rusiyanın savaşıdır...