Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyyəti üzrə baxmaq əvəzinə iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin ötən ilin sonunda Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etmiş və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Lakin bu ilin fevral ayında Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Cahangir Yusifov) Ali Məhkəmənin mövqeyi ilə razılaşmayaraq artıq 3-cü (???!!!) dəfə iddiamı mümkünsüz hesab etdi. Təbii, bu misli görünməyən özbaşınalıqdan yenidən şikayət verdim və Ali Məhkəmə (sədrlik edən hakim İlqar Hüseynov) bir daha mövqeyini təsdiq edərək Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv etdi (dərc edirəm).
Beləliklə, mübarizə yenə davam edir və Vergilər Nazirliyi xeyrimə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur. Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. Üçüncü dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur. Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsində hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir.
P.S. 2 ildən çoxdur ki, işə baxılır, hələ də iddiamın mümkünlüyü məsələsi həll olunur. Buna nə ad verəsən axı? Özü də mən hələ vəkiləm! Görün, indi başqaları nələr çəkir bizim məhkəmə sistemindən! Ümid edirəm ki, Bakı Appelyasiya Məhkəməsi nəhayət bu dəfə işə mahiyyəti üzrə baxacaq və Ali Məhkəmə dördüncü dəfə mövqeyini təsdiqləməli olmayacaq! Ən azı ona görə ki, ölkədə məhkəmə-hüquq islahatları gedir…