“2019-cu ilin yanvar-aprel aylarında Rusiyaya gələn miqrantların sayı artıb”. Bu, son 10 ildə ən yüksək göstəricidir. Bu haqda Rusiya KİV-i məlumat yayıb (Teleqraf.com). Bildirilir ki, 2019-cu ilin ilk aylarında Rusiya əhalisi daxilində miqrant artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 98 minə çatıb. Miqrantların 97 faizi MDB məkanına daxil olan ölkələrdəndir. Diqqətçəkicidir ki, ilin 1-ci rübündə Rusiyaya ən çox Qazaxıstan (16.1 min), Tacikistan (14.2) və Ermənistandan (12.8 min) miqrant axın edib.
***
Göründüyü kimi, Paşinyan dönəmində Ermənistandan kütləvi köç dayanmayıb. Özü də statistik məlumatlara görə, onların mütləq əksəriyyəti geriodönməz şəkildə ölkəni tərk edir və əsasən iş qabiliyyətli, gənc və orta yaşlı adamlardır. Daha maraqlısı odur ki, köç edənlər imkan düşdükcə qaçaq malı aparmağa çalışırlar. Söhbət ən təhlükəli sayılan radioaktiv maddə qaçaqmalçılığından gedir.
Məsələn, bugünlərdə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Sadaxlı” Nəzarət-Keçid Məntəqəsində yük mikroavtobusunda 72 kilo (!!) “Torium 232" radioaktiv izotop aparan Ermənistan vətəndaşını saxlayıb. Bu fakt bir daha radioaktiv maddələrin Gürcüstan ərazisindən qanunsuz daşınmasının nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. Mütəxəssislərə görə, belə materialın azacıq hissəsinin toz halında havaya qarışması nəinki Gürcüstan, bütövlükdə bölgəyə böyük təhlükə yarada bilər.
Xatırladaq ki, Ermənistandan Gürcüstan vasitəsilə radioaktiv maddə qaçaqmalçılığına cəhdlər əvvəllər də qeydə alınıb. Məsələn, 2001-ci ildə Samsxi-Cavaxetiyada Ermənistan mənşəli 300 qram uran aşkarlanıb. 2003-cü ilin iyulunda isə Gürcüstan sərhədi vasitəsilə 170 qram zənginləşdirilmiş uran keçirməyə cəhd edilib. Həmin ilin dekabrında Mehridə Ermənistan-İran sərhədində radioaktiv izotop olan və Metsamor AES-dən çıxarılmış “Stronsium-90”nun saxlandığı konteyner ələ keçib.
2007-ci ildə Gürcüstan-Türkiyə sərhədində Ermənistan mənşəli “Lourensium 103” radioaktiv maddədən ibarət partiya saxlanıb.
2010-cu ildə Tiflis hava limanında xaricə “Plutonium” və zənginləşdirilmiş uran çıxarmaq istəyən cinayətkar qruplaşma saxlanılıb.
2014-cü ilin avqustunda Gürcüstan sərhədində bu ölkəyə “Sezium-137” keçirilməsinin qarşısı alınıb.
2016-cı ilin yanvarında gürcü gömrükçüləri üç ermənini “Sezium -137” ilə saxlayıblar.
2016-cı ilin ortalarında Kabulettidə üçü Gürcüstan, üçü Ermənistan vətəndaşı olmaqla bütöv bir qruplaşma Uran (238 və 235) satarkən yaxalanıb.
Yenə 2016-cı ildə daha 8 nəfər 2 kilo uranı 3 milyon ABŞ dollarına satarkən saxlanılıb. 2016-cı ilin mayında isə Gürcüstan sərhədində Ermənistandakı hakim (o vaxtkı) Respublika Partiyasından deputat Arakel Mövsisyanın bacısı oğlu həbs edilib. Onun Gürcüstan sərhədi vasitəsilə dəyəri 200 milyon dollar məbləğində qiymətləndirilən uranı keçirməyə çalışdığı bəli olmuşdu.
2017-ci ildə isə Belarusun Qomel aeroportunda yerə enən və son enmə məntəqəsi Avropa ölkələrindən biri olan Ermənistan təyyarəsində radioaktiv maddə aşkarlanmışdı.
***
Aparılan tədqiqatlar onu da göstərib ki, qaçaqmalıçıların əksəriyyəti Metsamor AES-in keçmiş əməkdaşları olublar. Hansı AES ki, xeyli köhnəlib və seysmik zonada yerləşir. Bu barədə müvafiq beynəlxalq qurumlar, Avropa Birliyi dəfələrlə Ermənistan hökumətinə xəbərdarlıq edib. Bu təhlükədən çıxış edərək də, Türkiyə az öncə Ermənistanla həmsərhəd bölgədə (Qars və İqdırda) Metsamor AES-də mümkün qəza halında yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı təlim keçirmişdi.
Daha bir təhlükəli məqam odur ki, belə qaçaqmalçılıq radioaktiv maddələrin terrorçuların əlinə keçməsinə və “çirkli nüvə bombası” yaradılmasına gətirə bilər. Əfsus ki, Ermənistanda son hakimiyyət dəyişikliyi də bu sahədə nəzarətin güclənməsinə gətirməyib. İşğalçı ölkədə korrupsiyanın miqyası kifayət qədər yüksək, əhalinin dolanışığı isə aşağı olaraq qalır.
Demək, nüvə qaçaqmalçılığı təhlükəsi davam edəcək. Odur ki, bu təhlükənin, Metsamor AES-in özü də daxil, ən yüksək - beynəlxalq səviyyədə nəzarətə götürülməsinin zamanı çatıb. Bəlkə də çoxdan keçib...