Bildirilir ki, agentlərin heç biri bir-biri ilə əlaqəli olmayıb, onlarMərkəzi Kəşfiyyat İdarəsinin zabitləri ilə ayrı-ayrılıqda işləyiblər. Agentlərin bir hissəsi Amerika vizası almağın əvəzində əməkdaşlığa razı olub. “Bu şəxslərə məxfi informasiyanın toplanması üçün mürəkkəbtexniki avadanlıqlar verilib və onlar MKİ əməkdaşları yanından xüsusi hazırlıq keçiblər”,-İran kəşfiyyatının məlumatında deyilir.
Agentlərin bəziləri barədə edam hökmü çıxarılıb, qalanları isə uzunmüddətli həbsə məhkum edilib. Maraqlıdır ki, MKİ agentlərinin izlənilməsinə dair bəzi kadrlar Ermənistanın restoranlarında həyata keçirilib. Bundan əlavə xüsusi sənədli rolikdə İrəvanın mərkəzindən çəkilmiş kadr da yer alır.
Bəs İran kəşfiyyatı Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini Ermənistan ərazisində necə izləyib? Ümumiyyətlə, həmin agentlər Ermənistan ərazisində nə gəzirdi?
“Sputnik Armenia” agentliyi qeyd edir ki, ABŞ kəşfiyyatının bilavasitə İran ərazisində işləməsi kifayət qədər çətindir. Çünki istənilən xarici vətəndaş, xüsusən də qərb ölkələrindən gələnlər dərhal İran xüsusi xidmət orqanlarının diqqətini cəlb edir. Lakin İran vətəndaşları qonşu Azərbaycana, Ermənistana və Gürcüstana sərbəst gedib-gəlirlər, orada özlərini azad hiss edirlər.
Deməli ABŞ kəşfiyyatı üçün İran vətəndaşlarını qonşu ölkələrin ərazisində “ələ almaq” daha münasibdir. Xüsusən də Ermənistan ərazisində ABŞ-ın güclü casus mərkəzinin fəaliyyət göstərdiyi haqda deyilənlər nəzərə alınarsa. Regionda ABŞ-ın ən iri səfirliyi məhz İrəvandadır və orada minlərlə əməkdaş işləyir.
Belə səfirlik təkcə Ermənistanda işləmək üçün həddən artıq böyükdür. Ona görə də istisna deyil ki, belə baza-səfirliyin mövcudluğu həm də İrana yaxınlıqla bağlıdır. İran kəşfiyyatının yaydığı rolikdə göstərilir ki, agentlərdən biri ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində “verbovka” olunub. Lakin Ermənistan barədə heç nə deyilmir, ancaq bu ölkədə çəkilmiş kadrlar nümayiş etdirilir.
Belə görünür ki, İran tərəfi agentlərin bəzilərinin məhz Ermənistan ərazisində “verbovka” olunduğuna eyham edir. Habelə göstərməyə çalışır ki, İran əks-kəşfiyyatı həmin agentləri Ermənistan ərazisində izləyib. Hərçənd Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu məsələdə tərəflərdən hansısa birinə-ABŞ-a və ya İrana dəstək verməsi ehtimalı azdır. Casus oyunları böyük ehtimalla Ermənistan xüsusi xidmət orqanlarının xəbəri olmadan baş verib. (virtualaz.org)