Hələ SSRİ yerində idi.
Müəyyən qədər laxlasa da, ləngər vurmağa başlasa da, 1980-ci illərdə heç kəs təsəvvür etməzdi ki, bu nəhənglikdə imperiya belə tezliklə parça-parça olacaq.
Onda Əbülfəz Bahaduri Böyük Britaniyada, Mançester şəhərində yaşayırdı. Universiteti İngiltərədə bitirmişdi.
Mərhum atası vaxtında tədbirli hərəkət edərək oğluna Mançesterdə 2 otaqlı kiçik mənzil almışdı. Odur ki, Əbülfəz İrana qayıtmayaraq əmək fəaliyyətinə buralarda başlamaq istəyəndə ən azı yaşayış yeri baxımından çətinliyi yox idi.
Özünüifadə üçün isə, təbii ki, Avropada üfüqlər yetərincə geniş idi.
Biz ilk dəfə tanış olanda 1987-ci il idi. O zamanlar mən bizim Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyirdim.
Əbülfəz ixtisasca kompüter texnologiyaları üzrə mütəxəssis olsa da, elə əvvəlinci görüşlərimizdən onun ədəbiyyatı, musiqini, sənəti necə qəlbən sevməsinə, həm də yaxşı bilməsinə, istedadlı rəssamlığına şahid kəsildim. Xüsusən aşıq yaradıcılığının tarixini beş barmağı kimi bilirdi. Bəzi dostlar bir aşıq havası səslənincə Əbülfəzin dərhal nəyin çalındığını deməsinə mat qalırdılar ki, nə təhər olur bu cavan adam illərcə İngiltərə yaşaya-yaşaya milli musiqiyə belə dərindən bələddir?!
Ancaq Əbülfəz muğamı da həm yaxşı bilir, həm də bu qədim səs abidələrimizin məftunudur.
Həmin səbəbdən də 1987-ci ildə məndən xanəndə Hacıbaba Hüseynovla görüşünü təşkil etməyimi rica edəndə onu da götürüb yollanmışdım Asəf Zeynallı adına musiqi məktəbinə.
Hacıbaba müəllim də Əbülfəzin həm muğama aşinalığına, həm də ən xırda incəliklərə də maraq göstərməsinə məmnun olmuşdu, tələbələrini yola salandan sonra sözün əsl mənasında bizə bir ustad dərsi keçmişdi.
Mən də həmin söhbəti yazmışdım lentə.
Əbülfəz Bakıdan ayrılanda bu səs yazısını əziz bir yadigar kimi özüylə aparmışdı.
Xeyli sonralar ABŞ-a köçərək radioda işləməyə başlayanda artıq müstəqillik qazanmış ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayevlə görüşündə Əbülfəz Bakı səfərindən, xanəndə Hacıbaba Hüseynovla görüşündən söz açınca Hacıbaba sənətinin valehlərindən olan Hafiz müəllim həmin lent yazısını köçürərək ona da verməyi xahiş etmişdi.
Lakin Əbülfəz folklorumuzun, tariximizin bilicisi olmaqla yanaşı, sazı, muğamı qəlbinə yaxın tutmaqla bərabər milli simfonik musiqimizin də aşiqidir.
Hələ bununla bağlı bir məzəli əhvalat da baş vermişdi.
Bakıda Əbülfəzlə taksiylə harasa gedirdik.
Radioda Qara Qarayev haqqında veriliş səslənirdi.
Görünür musiqisevər olan sürücü bu mövzunun hər sərnişinçün maraqlı olmadığını düşündüyündən radionu sakit səsdə saxlamışdıvə adətən dil boğaza qoymayan başqa taksiçilərdən fərqli olaraq dinməz-söyləməz, bizi istədiyimiz ünvana doğru apara-apara diqqətlə verilişi dinləyirdi.
Təhər-tövründən əcnəbi olduğu hiss edilən sərnişinin – Əbülfəzin ona müraciətlə “Lütfən, radionun səsini bir az artıra bilərsinizmi?!” deməsinə sürücü təəccüblənən kimi də oldu.
Veriliş davam edirdi. Arada böyük Qara Qarayevin ayrı-ayrı simfoniyalarından, baletlərindən parçalar səslənirdi, diktor bəstəkarın ömür yolundan, sənət uğurlarından bəhs edən mətni oxuyurdu.
Aparıcının dilindən Qara Qarayevin cavan yaşlarında Lenin mükafatına layiq görülməsi sorağını eşidəndə Əbülfəz tutuldu və içini çəkərək vaysındı: “Baba, bu biçarənin nə günahı varmış ki, ona belə ağır cəza veriblər?!.
“Nə cəza?” soruşdum.
– Necə yəni nə cəza! Sizin ölkədə, Sovet İttifaqında Lenin ən böyük şəxsiyyət sayılmırmı? Demək, onun adına olan mükafat da cəzaların ən ağırı olmalıdır”.
Taksi sürücüsü heyrətlə gözlərini döyürdü.
Artıq mənə Əbülfəzin təəccübünün, taksi sürücüsünün heyrətinin də səbəbi aydın idi və izah etdim.
İş ondadır ki, Azərbaycan dilinə ərəbcədən keçmiş və bizdə “təltif”, “bəxşiş” mənasında işlənən “mükafat” sözü həm də “cəza” deməkdir . Ərəblərdə də, İranda da elə əsasən bu mənada qavranılır.
Və bu qəbil başqa bir yığın söz var ki, farscada, ərəbcədə büsbütün başqa anlamda istifadə edildiyi halda, bizim dildə fərqli, bəzən lap əks məna qazanıb. Məsələn, fars dilində “gümrah” kəlməsi “yolunu azmış” mənası verir, bizdə “sağlam”, “qıvraq” deməkdir; “xəstə” bizdə “azarlı, hanısısa mərəzə tutulmuş, bimar” anlamındadır, farsların özündə, o cümlədən Cənubi Azərbaycan türkləri arasında. sadəcə, “yorğun” mənasında.
Əbülfəz də SSRİ-dəki 1930-cu illər repressiyalarından xəbərdar idi. Ona görə də düşünürmüş ki, “Lenin mükafatı” (onun yozumunda “Lenin cəzası”) azı güllələnməyə bərabər bir hökm imiş!..
Həqiqəti biləndən sonra Əbülfəz də, sürücü də xeyli gülüşdülər.
…1980-ci illərdə, 1990-ların əvvəllərində Əbülfəz xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin qurulub möhkəmlənməsi yolunda cani-dildən çalışan barmaqla sayılacaq qədər azlardan idi.
Həm də Böyük Britaniyada olan soydaşlarımız sırasından oçağkı Dostluq Cəmiyyətinin də, az sonrakı Vətən Cəmiyyətinin də tanıdığı şəxsiyyətlər, ünvanlar lap az idi.
Əbülfəz özü fəal çalışmaqla yanaşı oralardakı neçə-neçə başqalarının da səslərinin, əllərinin Bakıya çatmasında vasitəçiyə, körpüyə çevrildi.
Unudulmaz Lütfiyar İmanov Əbülfəzgilin Londonda təşkil etdiyi konserti, zalı səmimiyyətləri, sevgiləri ilə dolduran tamaşaçıların onu necə hərarətlə qarşılamasını həmişə riqqətlə xatırlayırdı.
Ölkələri və xalqları bir-birindən ayıran kip-kip bağlı dəmir pərdələr yeni-yeni açılmağa üz qoyurdu və belə təşəbbüslərin hər birinin əhəmiyyəti çox böyük idi.
Lütfiyar İmanovun Londondakı həmin konsertini Əbülfəzgil o zaman ayrıca videokaset kimi də buarxmışdılar.
1991-ci ildə Əbülfəz Bahadurinin dəvəti ilə mən Böyük Britaniyaya səfər etdim. Bir neçə gün onun “Təpə başı” dediyim – Hill top məhəlləsindəki evinə qonaq olandan sonra Şeffildə də baş aldıq, Londonda da maraqlı günlər keçirdik.
O çağlar tanış olduğum reportyor və iş adamı Məmməd-Aleks Gülzari, istedadlı fotoqraf Azər İmdadi, müğənni Xosrov Məhsuri, böyük şərqşünas alim, London Universitetinin professoru Turxan Gənceyi və bir çox başqaları ilə münasibətlərimiz çox keçmədən qırılmaz dostluğa çevrildi.
Yadıma düşür ki, Əbülfəzin Mançestrdəki mənzilində Azərbaycan radiosunun yüzlərlə verilişinin yazıldığı kasetləri görəndə mat qalmışdım ki, yolların bağlı dönəmlərində bunları nə sayaq əldə edib.
Sən dəmə, 1960-70-80-ci illərdə Güneydə xüsusi adamlar varmış ki, dalğaları sərhəd tanımayan Azərbaycan Radiosunun, xüsusən “Araz” kanalının yayımladığı ədəbi verilişləri, radiotamaşaları, konsertləri, müxtəlif mədəni proqramları lentə alırmışlar, sonra kasetlər şəkilndə çoxaldır, Təbriz bazarında satırlarmış.
Əbülfəz də özünə ədəbiyyat, musiqi, ədəbi dil müəllimi hesab etdiyi o verilişlərin kasetlərini Təbriz bazarından alıb saxlayırmış, dönə-dönə dinləyirmiş, sonralar özü ilə İngiltərəyə gətiribmiş, həmin köhnə “dostları” təbii ki, indi ABŞ-da, Virciniyadakı mənzilindədir.
İndi xeyli uzaqda qalmış 1991-ci ildə Əbülfəz bir axşam söylədi ki, Bakı radiosundan dinlədiyim, kasetini alıb saxladığım verilişlər içərsində ən çox sevdiyim Üzeyir bəyin haqqındakı bir proqram olmuşdu.
Həvəslə həmin verilişin bəzi təfərrüatlarını nağıl eləməyə başlayanda qayıtmışdım ki, o verilişi mən hazırlamışdım.
İnanmamışdı ki, sən o vaxt uşaq olardın, bu təcrübəli, bişkin bir adamın hazırladığı proqrama oxşayır.
Zarafat etmişdim ki, elə mən belə işləri uşaqlıqdan başlamışam, ilk tələbəlik illərindən radio və televiziya ilə əməkdaşlıq etmişəm, ona görə tez böyümüşəm.
Kaseti tapıb qoymuşdu səslənməyə, arada mənim Qulam Məmmədli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Niyazi, Bəhram Mansurovdan, Yavər Kələntərlidən müsahibə alan xeyli cavan səsim eşidilincə, verilişin sonunda diktor müəllif kimi adımı çəkincə Əbülfəzin bütün şəkləri yoxa çıxmışdı, “Əhsən sənə!” demişdi.
Yadıma düşür 1996-cı il, Əbülfəzin həmişə onun xiffətini çəkən, fikrini edən mərhum anası ilə birgə Bakıya gəlişi, Gəncə səfərimiz, Nizami məqbərəsini ziyarətimiz, Göygölün gözəlliyinə dalmağımız…
Sonra mənim Amerikaya səfərlərim, yeni görüşlərimiz…
Mütəmadi telefon söhbətlərimiz…
…Azərbaycan İstiqlalının 100 yaşı tamam oldu, ən böyük sərvətimiz olan dövlət müstəqilliyimizin ikinci əsri başlandı.
Bu əzizdən əziz ildönümü münasibəti ilə Azərbaycan Dövləti ayrıca yubiley medalı təsis etdi və sevinirəm ki, həmin ali təltifə layiq görülənlərin arasında dəyərli və köhnəlməz dostumuz Əbülfəz Bahadurinin də adı var.
Bu medal bir rəmzdir. Bu rəmzin arxasında Əbülfəz Bahadurinin ömrünün onilləri boyu könlündə daşıdığı coşqun Azərbaycan sevgisi, millətimizi, yurdumuzu dünyada tanıtmaq, daha da ucaltmaq səmtində ardıcıl səyləri dayanır.
Vətəni candan sevənlərin, xalq və yurd üçün fədakarlıqla çalışanların bütün tarix boyu və dünyanın hər yerində mükafatları heç vaxt əskik olmayıb.
“Mükafat” sözünün hər iki mənasınada – həm cəza, həm təltif anlamında.
Belə sevgilərə, belə fəaliyyətlərə görə sıxıntılarla üzləşənlər, başı daşdan-daşa dəyənlər, acılar dadanlar da az olmayıb. Tarix o qədər qəmli səhifələrdən agahdır ki!
Amma belə pak amalları ömürlərinin mənasına çevirənlər, millətinə, Vətəninə imkanı çatdığı faydanı verməkdən usanmayanlar mütləq və mütləq, gec, ya tez layiq olduqları şərəflərə də çatırlar.
Təltiflər də, bu qəbil işıq daşıyıcısı fədakarları şəxsən tanıyan və tanımayanların minnətdarlıqları da, məhəbbətləri də, alqışları da onları hökmən tapır!
BU DA ƏBÜLFƏZ BAHADURİNİN ALDIĞI MÜKAFATA GÖRƏ TƏŞƏKKÜR MƏKTUBU.
(Azərbaycan Prezidentinin rəsmi saytından götürdüm)
Hörmətli cənab Prezident.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi millətimizin bütöv tarixinin ən əlamətdar hadisəsidir.
Mən Böyük Britaniyada təhsil almışam, indi Amerika Birləşmiş Ştatlarında yaşayır və işləyirəm. Ancaq əminəm, mənim kimi müxtəlif ölkələrdə yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq bir sevinc, müştərək bir iftixar qaynağı var ki, biz dünyanın öz müstəqil dövləti olan xoşbəxt xalqlarındanıq. Bu elə müqəddəs bir dəyər və ali rəmzdir ki, bütün dünya azərbaycanlılarını bir-birinə daha yaxın edir, daha sıx birləşdirir.
Mən ixtisasca rəssam-dizayner, kompüter texnologiyaları mütəxəssisi olsam da, daim Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə bağlı olmuşam və xalqımızın mənəvi sərvətlərinin təbliği yolunda çalışmışam. Lakin bu gün müstəqil, azad, çiçəklənən, güclü inkişaf edən Azərbaycanın dünyaya bəyan ediləsi və təbliğ olunmalı nailiyyətləri, parlaq nəticələri bütün istiqamətlərdədir və onlar haqqında beynəlxalq ictimaiyyətə dolğun məlumatlar çatdırmaq vətənpərvər kimi bizim hər birimizin vəzifəsidir.
Azərbaycan bizim and yerimizdir və biz həmişə, harada olsaq belə ürəyimizdə Azərbaycana sədaqəti və məhəbbəti daşıyırıq, həmişə də belə qalacağıq.
Hörmətli cənab Prezident, mən ilk dəfə Bakıya gələndə 1980-ci illər idi, Azərbaycan hələ Sovet İttifaqının tərkibində idi. O zamanlar Dostluq, ardınca isə Vətən cəmiyyəti xətti ilə sıx əməkdaşlıq edir, əhəmiyyətli layihələr həyata keçirir, xaricdəki soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da dərinləşməsinə səy göstərirdik. Xatirimdədir ki, o zaman ürək xəstəliyi olan 7 yaşlı azərbaycanlı bir qız uşağının Londonda cərrahiyə əməliyyatından keçməsinə də kömək etmişdik. Bunu ona görə yada salıram ki, o çağlar Azərbaycan hələ müstəqilliyini bərpa etməyə doğru irəliləyirdi, yenidən qazandığı istiqlalının ilk illərində də hələ zəif idi, köməyə, dayağa ehtiyacı çox idi.
İndi görəndə, eşidəndə, oxuyanda ki, artıq Azərbaycan özü xarici ölkələrdə bir sıra mədəni layihələrin gerçəkləşməsinə dəstək göstərir, təşəbbüskar kimi çıxış edir, şahid olanda ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ən vacib ölkələrdən birinə çevrilib, doğma Vətənimiz iqtisadi cəhətdən gündən-günə ucalır, çox şad oluram. Çünki bunlar sadəcə fərəh doğuran mədəni, elmi, iqtisadi nailiyyətlər demək deyildir. Bunlar həm də Azərbaycanın artan qüdrətinin, çoxalan güc və nüfuzunun ifadəsidir.
Xeyli var ki, Bakıya gəlməsəm də, Azərbaycan Respublikasının bütün uğur və inkişafını diqqətlə izləyir, aldığım hər xoş xəbərdən məmnunluq duyuram. Nə qədər bəxtiyarıq ki, itirilmiş istiqlalımızı bərpa etmək, müstəqil bir dövlət kimi yaşamaq və tərəqqi etmək səadəti bizə yenidən nəsib oldu.
Sizin Azərbaycanın tərəqqisi, dünya dövlətləri sırasında nailiyyətləri ilə seçilməsi naminə gördüyünüz bütün işləri uzaqdan izləyir, qəlbimizə yaxın tutur, hər yeni zəfərə fərəhlənirik. Çox məsuduq ki, Azərbaycan Respublikası öz cümhuriyyət tarixinin ikinci əsrini yaşamağa başlamışdır.
Məni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif etdiyinizə görə Sizə ən dərin minnətdarlığımı bildirirəm. Bu, son dərəcə ali rəmzi mənası olan dövlət təltifini indiyədək gördüyüm işlərdən daha öncə gələcəkdə Azərbaycan yolunda etməyi düşündüyüm yeni faydalı işlər üçün səfərbəredici təkan nöqtəsi sayıram. Eyni zamanda, belə bir həssas məqama da diqqət yönəltmək istəyirəm ki, mənə bu medalın verilməsi böyük amallar yolunda hamımızın, dünya boyu bütün azərbaycanlıların birgə, yekdil olmasının daha bir təsdiqidir. Biz hamımız xalqımıza, Vətənimizə borcluyuq. Təltif olunduğum medal məni hər an bu borc barədə düşünməyə, yeni gərəkli əməllərə çağırır.
Bir daha Sizə ən səmimimi minnətdarlığımı bildirir, Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər diləyirəm.
Dərin hörmətlə,
Bahaduri Əbülfəz.
Amerika Birləşmiş Ştatları, Vaşinqton şəhəri.
23 iyul 2019, 12:40