Vaxt.Az

Dördqat əziz Cahangir


 

Aktyor, rejissor, müəllim, sənət bilicisi və əziz dost ...

Dördqat əziz Cahangir Doğum günləri bizdən icazəsiz və səliqə ilə hər il öz vaxtında gəlir. Zahirən ömrün ən adi hadisəsidir. Lakin söhbət millətinki olan insanlardan gedirkən ad günləri sıradan gün olmaq çərçivəsindən çıxır.

İllah da ki, bu doğum günü yuvarlaqlaşan ildönümünə təsadüf edəndə mütləq arxaya baxmaq, bu yol gələnin kimliyi haqqında bir daha düşüncə bölüşmək ehtiyacı yaranır.

Cahangir Novruzov mənimçün dördqat əziz bir insandır.

Çünki Cahangir ilk növbədə 3 qiymətli insanın yadigarı, yaşayan xatirəsi, ləyaqətli yolu və ömrü ilə onları da yaşadan bir insan və sənətkardır.

Cahangir Novruzov ömrünü teatra həsr edib və adını daşıdığı şərəfli babasının mənzilində indi xeyli uzaqda görünən XX yüzilin əvvəllərində yeni Azərbaycan teatrının sabahlara ümidli quruculuğu yolunda fədakarlar insanlar əl-ələ, ürək-ürəyə çalışırmışlar.

Yəni bizim Cahangir Azərbaycan teatrının ocağının qalandığı ailənin təmsilçisidir.

Cahangir Zeynalov səhnə mədəniyyətimizin, demək ki, zövqümüzün, mənəviyyatımızın şəkillənməsinə, dirçəlib gələcək qoynunda inamla addımlamasına malını və canını tərəddüdsüz həsr edən işıqlıdan işqılı insan olub.

Millət üçün hələ çox faydalar verə biləcək o fədakar teatr xadimi və xeyriyyəçi əslində 1918-ci ildə millətimizin qanına susamış ermənilərin törətdiyi qətliamın qurbanlarından sayılmalıdır və yol yarımçıq qırılmasaydı hələ nələr yarada, nə qədər qiymətli işlər görə bilərdi.

Hər halda Allah insaflı Allahdır ki, ona Nəsibə kimi Azərbaycan mədəniyyətinin bütün tarixinin ən müstəsna sənətkarlarından olacaq övladı bağışladı.

Pərvərdigar bu lütfü etdi ki, həm Cahangir Zeynalovun adı və soyadı yaşasın, həm də qırılmış yolu və arzuları davam etsin.

Bir dəfə Nəsibə xanım haqqında hələ onun sağlığında çəkilən televiziya verilişi üçün danışarkən, səslənişcə və elə mənşəyi etibarı ilə onun adına yaxın bir neçə sözü mənalandıraraq demişdim ki, Nəsibə kəlməsi ilk növbədə “nəsəb”i yada salır.

Yəni əsil, kök, nəsil. Nəsibə elə nəsəbdən, elə nəsildən törənmişdi ki, artıq doğulandan sənət də qanında idi, millətinə sevgi də.

Nəsibəyə Azərbaycan səhnəsinin ulduzlarla dolu bir dövründə yaşayıb-yaratmaq, bizə isə bu kəhkəşandan və onun ən parlaq uzlduzlarından olan misilsiz bir aktrisanı yaxından tanımaq, görmək, izləmək, yaratdıqlarından ləzzət almaq səadəti nəsib oldu.

Nəsibəyə uyğun bir kəlmə də var – nisbət.

Adətən həqiqəti müəyyən etmək istəyəndə çox vaxt müqayisəyə qaçırlar, filana nisbətən filan, filankəsə nisbətdə filankəs necədir söyləyirlər.

Nəsibə nisbətsiz bir yaradıcı idi.

Qadın aktrisalarımız, az da olsa, əvvəllər də varmış, indi də az deyil, gələcəkdə də yetişəcək.

Fəqət Nəsibəyə demək mümkün deyildi ki, o kimə nisbətənsə daha yaxşıdır.

O tək idi, müqayisəsiz idi, sabiqəsiz idi, özündən əvvəl bənzəri olmamış idi və həmişə də belə qalacaq.

Nəsibə kəlməsinə rişəcə, anlamca bağlı bir ayrı söz də var – nisbə.

Bir insanın haralı olduğunu nişan verən söz. Şirvanlı, Gəncəvi, Təbrizi, Marağalı... kimi.

Xoşbəxtik ki, Cahangir Zeynalovun da, Nəsibə Zeynalovanın da nisbəti Azərbaycanlıdır.

Xoşbəxtik ki, bu sərvət şəxsiyyətlər bizimkidir, yurdumuzunkudur, millətimizinkidir!

Bu yurddan, bu torpaqdan, bu millətdən olan qiymətli övladlar!

Tale Cahangir Zeynalovun tək yadigarı Nəsibə xanımı Mütəllib Novruzov kimi abırlı, nəcib, xeyirxah muğamla nəfəs alan, Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin ən yaxşı illərində neçə cavana biliklərini, təcrübəsini səxavətlə ötürən bir insanla qovuşdurdu.

O cür babanın, bu cür ata-ananın balası Cahangir belə istedadlı, sənətinə bunca vurğun, belə zəhmətkeş, çalışmaqdan usanmayan olmayaydı neyləyəydi?!

Lakin bəxt Cahangir Novruzova ayrı bir hədiyyəsini də qismət etdi.

O illərdə ki, Cahangir Mirzağa Əliyev adına İncəsənət İnstitutunda təhsil alırdı orada auditoriyalarda oturaraq dərsləru dinləmək deyil, elə dəhlizlərdən keçən, hərəsi bir zirvə olan müəllimlərə-sənətkarlara sadəcə gendən baxmaq kifayət idi ki, axarında olduğun bu mühit səni teatr aşiqinə çevirsin.

Və Cahangir Novruzov yalnız bilavasitə ustadı, kurs rəhbəri olan qüdrətli Mehdi Məmmədovdan deyil, o çağlar ətrafında olan, hərəsi bir ayrı güc daşıyan seçkinlərin hamısından nəsə əxz etdi.

Moskvada təhsil və təcrübəsini davam elətdirəsi oldu, orda da bəxt üzünə güldü. Malaya Bronnaya teatrında Rusiya Federasiyasının xalq artisti professor A. Efrosun rəhbərliyi altında təcrübə keçdi, 2 il ərzində bir çox əsərlərin quruluşlarında A. Efros kimi nəhəngə assistentlik etdi.

Ardınca isə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olundu, hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda bir neçə il çalışdı.

Bunlar Əlahəzrət Vaxtın sovqatı olan əvəzsiz məktəblər idi.

Minlərlə kitab oxu, tamaşa seyr elə, filmlərə bax, təhlil et, öyrən, amma diri, bütün varlığıyla məktəb olanların arasında yetişmək əlbəttə ki, bunların hamısından üstündür.

Cahangirsə qafasına, ruhuna həm onu, həm bunu hopdurdu.

Qan, irsən ona nəsib olan nur, gördüyü məktəblər, aldığı biliklər, Tanrının bəxş etdiyi istedad, bir də daim aramaq, axtarmaq, yeniliyə, mütəmadi təkmilləşməyə can atmaq.

Məhz bunlar Cahangiri tanıdığımız, sevdiyimiz, yüksək dəyərləndirdiyimiz Cahangir Novruzova çevirdi!

İndi onu da düşünürəm ki, görəsən 1995-ci ildən bəri Türkiyədə, Adanada, dərs dediyi universitetdə Cahangir Novruzovun sinfindən keçmiş tələbələr fərqindədirlərmi ki, onlar nə qədər şanslıymışlar.

Onlara içərisində bu qədər zənginliyi daşıyan bir ustadla daimi təmasda olmaq və ondan dərs almaq bəxtiyarlığı qismət olub.

Aktyor, rejissor, müəllim, sənət bilicisi və əziz dost Cahangir Novruzovun millətimizə, türk dünyasına və bütövlükdə gözəl sənətə yeni və gözəl töhfələri, inanıram ki, hələ çox olacaq.

Və bu Cahangirin borcu, özünün həmişə borclu olacağı qanının, müəllimlərinin, məktəblərinin ona yazılmamış, amma labüd tapşırığıdır.

Cahangir bu gün artıq bütün məziyyətlərindən savayı mötəbər körpüdür, daşıyıcı, ötürücüdür.

Hələ cavan olsa da, zarafat-zarafat klassikləşmiş bir sənətçidir.

Arzumdur ki, ömrünün yeni illərini və günlərini imza atacağı yeni sənət zəfərləri bəzəsin!

Türkiyə, təbii ki, qürbət deyil, ora da Vətəndir.

Lakin hər halda buralardan xeyli aralıdadır.

Bunları da bu gün ona görə yazdım ki, Cahangir bilsin elə hər gün həm də burda, bizimlədir, ürəyimizdə, söhbətlərimizdədir!

31 iyul, 2019

Redaksiyadan: Vaxt.az da öz növbəsində, Cahangir müəllimin 65 illik yubileyini səmimi qəlbdən təbrik edir, ustad sənətkarımıza uzun ömür, cansağlığı və daha böyük sənət zirvələri arzulayır.

 





31.07.2019    çap et  çap et