Rus pasportunu kim almaq istəməz ki? Böyük bir dövlətin hüquqi məkanına daxil olmaq, onun geniş iqtisadi və sosial resurslarından istifadə etmək, nəhayət, yurisdik immunitetini qazanmaq hətta qabaqcıl Avropa sakinlərinin də arzusu ola bilər. Bir halda ki, Qərbdə daha bahalı prosedurlar və faktiki qadağa rejiminə bərabər tələblər üzündən insanlar uzun on illər ərzində öz doğulduqları ölkəni dəyişə bilmirlər və ideallarını reallaşdırmaqdan məhrum olurlar, elə isə onsuz da demoqrafik böhran yaşayan bir dövlət bu missiyanı niyə öz üzərinə götürməsin ki? Məsələn, təkcə Malta kimi kiçik, lakin təminatları və həyat standartları böyük olan bir ərazinin tam hüquqlu üzvünə çevrilmək naminə külli miqdarda vəsaitlər - 250 min avrodan yuxarı ianələr, invesisiya qoymaq öhdəlikləri varsa, onda coğrafi olaraq üç qitəni əhatə edən Rusiya qapılarını yeni köçmənlərə açmaqla hansı perspektivə işlədiyini, nələr qazandığını hesablamaq o qədər də çətin deyil.
Əslində prosesin yeni olmadığını, bir sadəcə Ukraynadakı bəlli geopolitik savaşa parlamentarilərin töhfə vermək istədiyini düşünmək sadəlövhlük olardı. Abxaziya və Osetiya üzərində sınanılmış təcrübə çox böyük effekt verdiyindən rus siyasi elitası üçün oxşar tendensiyanı digər yeni qitə axtaranlara təklif etməsi sadə bir əməliyyata çevrilirdi. Gürcüstanın parçalanması bu yolla gerçəkləşdi. Tarixən Qafqazları öz dəmir pəncəsinə zorla almağın ağır nəticələrini hesablayan Kreml strateqləri bu dəfə yeni tələyə əl atdılar. Regiona hərbi cəhətdən kobud müdaxilədən əvvəl osetinlərə, abxazlara Mayakovskinin sevimli pasportlarını payladılar və milli sərhədlərini bu yolla xeyli genişləndirdilər.
Artıq Putinin komandası Saakaşvili hakimiyyətinin bütün hərbi-siyasi manevrləri ilə Rusiyanın cənub cinahında həyati maraqlarını təhdid etməsindən danışmır, konkret öz vətəndaşlarının «bizi işğalçı gürcü dövlətindən qoruyun» deyən sakinlərinin harayına yetişməkdən bəhs edirdi. Nəticə indi ortalıqdadır. Bir tərəfdən müstəqilliyi 16 ölkə tərəfindən tanınmış iki separatçı qurum var, digər yanda rusdan vətəndaşlıq almış «başqa bir ölkənin vətəndaşları».
Bəs Ukraynanın yeni millətçi, hətta faşist təmayüllü qüvvələrinin qarşısını sizcə necə almaq olar? Bundan öncə uğurla sınaqdan çıxmış yolu bir az da irəliyə getməklə Rusiya çar Putinin dövründə yeni-yeni ərazilərə sahiblənmiş olur, Napoleonun məğlub olaraq geri döndüyü Kerç boğazını belə aşıb irəliyə gedir. Həmişə isti dənizlərə çıxmaq arzusunda olan bir millət üçün belə yürüşlər niyə qəbul edilməsin ki?
Rusiya indi təkcə məşhur «Berkut»çuları və Krım ruslarını öz pasport dəbilqəsi altına almır, həmçinin bütün MDB məkanına separatçı təklifini irəli sürür. Yeri gəlmişkən, Dumada bütün siyasi qüvvələr bu məsələdə yekdildilər. İstər «Vahid Rusiya», istər «Liberal demokrat» və istərsə də kommunistlər vahid bir səslə çıxış edərək Sovetlər birliyindən qopub uzaq düşmüş təbəələrini yenidən öz sıralarına çağırır, «İqor polkunun dastanını» və ya Puşkinin əsərlərini ana dilində mənimsəməyə çağırırlar. Üstəlik, burada kollektiv seçim imkanları da unudulmayıb.
Reallıqda çox mümkündür ki, nəinki minlərlə xarici ölkə vətəndaşı, o cümlədən, bütöv bir bölgə referendum və ya başqa növ petisiya ilə öz müqəddəratını təyin edib vahid bir subyekt kimi Rusiyanın əyalətlərindən birinə çevrilmək istəsin. Onsuz da SSRİ-nin qurucuları bolşevik dövlətinin fundamentini elə qoymuşdular ki, ayrılmağa qalxan hər bir xalqın müstəqillik arzusunu muxtar respublikalar, vilayətlər, diyar şuraları ilə yerindəcə boğa bilirdilər. İndi isə daşları geri yığırlar, lakin bu dəfə qazanan tərəf yenə onların özüdür. Keçmiş minaların hamısı indi «dinib danışır» və əksəriyyəti mərkəzdən qaçma meyli nümayiş etdirirlər. Kremli onların üstünə qoruyucu çətiri açmaqdan hansı məntiqlə imtina etsin ki?
Jerar Depardye yüksək vergi üzündən öz ölkəsini atıb Putinə pənah gətirəndə, Edvard Snouden kəşfiyyat məlumatlarını götürüb Domodedevo hava limanına qaçanda artıq kütləviləşmiş bir prosesin - Rus pasportu ilə özünü qorumağın yaxşı bir siyasi layihə olduğu dünya miqyasında təsdiqləndi. Sadə insanlar belə məşhurlardan niyə nümunə götürməsin ki?
Vaxtilə məşhur sovet şairinin Qərbli həmkarının üzünə fəxarətlə çırpdığı vəsiqəsi böyük bir imperiyanın tanıtım nişanı, güc simvolu və savaş silahı idi. O vaxtlar heç kəs «hamını yana-yana qoyan» sovet pasportunun arxasında dayanan ləyaqətli, təminatlı və özgür həyatın mahiyyətinə varmaq istəmirdi. Cəmi 70 il ömrü olan qırmızı və qızıl cildli dəbilqələr indi tarixin arxivində çürüyür. Orada faşistlər üzərində qələbəni qazanmış insanların da, repressiya və kütləvi köçürülmələrə məruz qalanların da ağır, məşəqqətli həyatını ifadə edən bir keçmiş uyuyur. O pasportların hər biri ayrıca insan taleyidir.
Yeni Rusiyanın vətəndaşı olmağa can atanlar Amerikanın təzə kəşfindən sonra münbit torpaqlara yürüyənlərə can bənzəyirlər. Corc Vaşinqtonun, Tomas Cefersonun həmvətənləri sonralar qanlı müharibələrdən keçib amerikalı olmağın şərəfini dünyaya sübut etmişdilər. Çünki bərabərlik, hürriyyət və demokratiya ideallarına qovuşmaq onların birinci amalı idi. İndi öz ölkələrini atıb rus pasportunu daşımağa can atanlara zamanın sualı belədir: siz azadlığamı çatırsınız və həqiqi şəxsiyyətinmi vəsiqəsini daşıyacaqsınız?
Pasport hansı rəngdə olur-olsun, bircə ananın və millətinin adını dəyişməsin!