Əslində 1994-cü ildə FİA və FOM bir yerdə Benetton və Mixael Şumaxerə qarşı izaholunmaz sanksiyalar tətbiq etmişdilər ki, bu günə qədər onların bəzisi hələ də müəmmalı qalır. Elə əvvəlki Britaniya Qran Prisindən sonra Mixaelin 2 yarışdan kənarlaşdırılması da bu cür qərarlardan idi.
Benetton komandası hətta apellyasiya belə verməyə qorxurdu, çünki bəzən FİA apellyasiyaya görə qərarı daha sərt qərarla əvəz edirdi. Məsələn, Eddi Örvayn Braziliyada bir yarışlıq kənarlaşdırılsa da, Jordan komandasının apellyasiyasından sonra cəza 3 yarışa dəyişdirilmişdi.
Amma Benetton apellyasiya verdi və buna ən çox sevinən elə FİA və FOM oldu. Çünki almanlar bu yarışı səbirsizliklə gözləyirdilər, alman sürücü çempionata başçılıq edirdi, titula əsas namizəd idi. Əgər Şumaxer yarışa buraxılmasa, bəzi millətçi qruplar trası yandırmaqla, yarışı dayandırmaqla və s. hədələmişdilər.
Sözün düzü, Şumaxer bilirdi ki, Hokkenhaymın uzun düzlüklərində qələbə qazanmaq mümkün olmayacaq. Çünki düzlüklərdə V12 Ferrari və V10 Renault motorları onun balaca və zəif V8 Ford motoru üzərində böyük üstünlüyə malik idilər. Poulu Ferraridən Gerhard Berger qazandı. Onun komanda yoldaşı Jan Alezi isə ikinci oldu - 1990-cı ilin Portuqaliya yarışından sonra ilk dəfə qırmızı maşınlar ilk cərgəni zəbt etmişdilər. Villiamsdan Deymon Hill 3-cü nəticə göstərdi. Şumaxer isə ustalığı hesabına yalnız 4-cülüklə kifayətlənməli oldu.
Yarışın startında aləm bir-birinə qarışdı. Berger yaxşı start aldı. Alezinin maşınında Ferrari motoru partladı. Maklarenin gənc sürücüsü Mika Həkkinen 1-ci döngədə əyləci gec basdığı üçün Kultharda çırpıldı, daha sonra idarəolunmaz maşın Blandell, Örvayn, Barrikello, Frentsen və Martinini də yarışdan xaric etdi. Qəzadan qurtulmağa çalışan Brandl isə Herbertlə toqquşdu. Arxada isə Çezari, Zanardi və Alboreto toqquşdular. Beləliklə, start alan 26 sürücüdən 11 nəfəri mübarizədən kənarlaşdı.
Almanlar isə ayağa qalxmışdılar - Şumaxer 2-ci yerə yüksəlmiş və Bergeri sıx təqib edirdi. Amma Briatore sürücüsü üçün 2 pit-stoplu strategiya seçmişdi. Ferrari isə Bergerlə bir pit-stoplu strategiyada idi.
Mixael 12-ci dövrənin sonunda boksa yollandı və trasa komanda yoldaşı Yos Ferstappenin arxasında 5-ci yerdə qayıtdı. Almaniyalı sürücü əvvəlcə Yosu, sonra isə Ligier komandasının sürücüləri Erik Bernar və Olivye Panisi arxada qoydu. Yenidən 2-ci yerə yüksələn Mixael bu zaman Bergerə 20 saniyədən çox uduzurdu və hər iki sürücünü bir pit-stop gözləyirdi.
Mixael 2-ci yerə yüksələn zaman Ferstappen boksa yollandı. Benettonun mexanikləri maşının təkərlərini dəyişməyə və çənə yanacaq vurmağa başladılar. Mexanik Saymon Marli yanacaq şlanqını çənin başlığına yaxşı keçirə bilmədi və yanacaq vurulan zaman şlanq yüksək təzyiq altında geri atdı. Ətrafa yanacaq dağıldı. Qazburaxma sisteminin qızmış boruları yanacağın alovlanmasına səbəb oldular. Xoşbəxtlikdən yanğın dərhal söndürüldü, amma Yos Ferstappen və 5 mexanik yüngül xəsarət aldılar.
Bir neçə dövrədən sonra Mixaelin maşınında Ford motoru canını tapşırdı və Bergerin qələbə uğrunda rəqibi qalmadı. Son dövrələrdə avstriyalı sürücü sürətini lap azaltmışdı. Əgər Devid Kulthard son dövrələrdə sürətli dövrəyə imza atmasaydı, Berger karyerasında ikinci Böyük Dəbilqəni qazanacaqdı.
Amma Bergerdən çox Ferrarinin əməkdaşları sevinirdilər. Gənc Jan Todt hamını qucaqlayırdı. Sonuncu dəfə Ferrari 1990-cı ilin İspaniya yarışında qələbə qazanmışdı...
P.S. Hadisə yerinin düz yanında olan MotorSport agentliyinin fotoqrafı Stiven Ti aparatın düyməsini 4 dəfə basa bilmişdi. İlk 3 şəkildə fokus yox idi, amma 4-cü şəkildə alova bürünmüş mexanik Pol Sibi möhtəşəm alınmışdı - bu şəkil tarixin ən gözəl 10 şəkli arasında xüsusi yer tutur...