Vaxt.Az

Naxçıvan BTQ-yə qoşulur


 

Muxtar bölgənin blokadadan çıxması Ermənistanın planları alt-üst edəcək

Naxçıvan BTQ-yə qoşulur Qardaş Türkiyə Naxçıvanın Qarabağ münaqişəsi səbəbindən düşdüyü nəqliyyat blokadasından çıxarılması istiqamətində mühüm bir addım atmaq ərəfəsindədir. Belə ki, hazırda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanır.

APA-nın yerli bürosuna bu barədə danışan Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib ki,  bu, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməsindən xəbər verir. “Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi məna daşıyır. Birlikdə həyata keçirdiyimiz layihələr regionun təhlükəsizliyini və sabitliyini gücləndirir”.

Nazirin sözlərinə görə, son zamanlar Türkiyənin Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri daha sıx xarakter alıb: “Bu, hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına zəmin yaradır”.

Qeyd edək ki, bu  dəmir yolu layihəsi həqiqətən həm də böyük siyasi anlam daşıyır. Daha dəqiq desək, Naxçıvanın həm siyasi və hərbi təhlükəsizliyi, o cümlədən iqtisadi inkişafı üçün mühüm bir infrastrukturdur.

“Atlas” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da açıqlamasında bildirdi ki, bu layihənin həqiqətən də böyük əhəmiyyəti var: Naxçıvanla quru yol əlaqəmiz olmadığına görə, bu bölgə ilə əlaqə yaratmaq, geniş-gəliş və daşınmalar bizə müəyyən çətinlik yaradır. Hazırda hava yolu ilə və İran üzərindən keçməklə avtomobil yolu ilə müəyyən əlaqə var. Ancaq Bakı-Tiflis-Qars dəmir yolu çəkildikdən sonra onun bir qolu da Qars-İğdır-Naxçıvan layihəsi çərçivəsində bu bölgəyə çəkilərsə, quru yolu ilə Azərbaycanı qardaş Türkiyə üzərindən Naxçıvanla birləşdirmək olar. Bu da Naxçıvan üçün böyük imkanlar yaradır, bu şəhərin strateji məhsulları hər iki istiqamətdə, həm Türkiyəyə, həm də Azərbaycana danışacaq. Bu, qarşılıqlı əlaqələrin inkişafı baxımından da vacibdir".

Politoloq vurğuladı ki, bu məsələ Ermənistanın da planlarını alt-üst edir: “Artıq Naxçıvanı blokadada saxlamaq mümkün olmayacaq. Hava yolu ilə əlaqə, İran üzərindən avtomobil yolu ilə əlaqə və Türkiyə üzərindən keçməklə dəmir yolu əlaqəsi. Bu yaxınlarda bir məlumat da gəldi ki, Azərbaycandan İran üzərindən keçməklə Naxçıvana gedən yolda bütün yoxlamalar aradan qalxıb. Bu, həm Naxçıvanla Azərbaycan arasında, həm də iki ölkə arasında əlaqələrin daha da güclənməsinə şərait yaradır. Hansı istiqamətdən baxsaq, bu həm Azərbaycanın, həm də Naxçıvanın mövqelərini bölgədə gücləndirir. O baxımdan Naxçıvana dəmiryol xəttinin çəkilməsini tezləşdirmək lazımdır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğuladı ki, bu dəmiryolunun açılması Naxçıvan üçün həyati əhəmiyyət kəsb edir: “Ermənistanın işğalçı siyasəti nəticəsində uzun illərdir Naxçıvan blokada şəraitində yaşayır. Türkiyə və İranla quru yolun olması Naxçıvan üçün həyati əhəmiyyət kəsb edir. Bir çox hallarda Naxçıvanın ehtiyaclarını bu yollar vasitəsilə ödəyirlər. Ötən əsrin 90-cı illərindən etibarən vəziyyət belədir. Blokadaya görə dəmiryol əlaqəsi kəsilib. Öncəki dövrdə isə Naxçıvana Mehri rayonundan keçən 27 kilometrlik dəmiryol xətti var idi. Həmin ərazinin işğal altında olması səbəbindən dəmiryol əlaqəsi də kəsildi. Yeni dəmiryol xəttinin açılması Bakı-Tiflis-Qars xətti üzərindən yeni bir qol ilə Naxçıvanla əlaqəni təmin edəcək. Çünki Gürcüstan üzərindən Naxçıvanla əlaqənin təmin olunması daha çox zaman alacaq”.

N.Cəfərli vurğuladı ki, bu yolla BTQ-yə qoşulan Naxçıvan Avropaya qədər uzanan yol-nəqliyyat imkanı əldə edir: “Bu həm Naxçıvana yüklərin dəmir yolu vasitəsilə daşınmasına imkan yarada bilər, həm də bu yolun açılması Naxçıvanın Bakı-Tiflis-Qars xəttinə qoşularaq Avropaya qədər yüklərin, eləcə də sərnişinlərin daşınmasına nail oluna bilər. Naxçıvanın həm də açılmamış turizm potensialı da var. Bu bölgənin turizm  potensialı olsa da, blokada şəraiti inkişafa imkan vermirdi. Dəmir yolunun açılması turizm imkanları da yarada bilər. Türkiyə vətəndaşlarının, eləcə də Türkiyəyə gələn xaricilərin qardaş ölkədən keçərək Naxçıvana daxil olması üçün imkan yaranacaq. Müharibə şəraitində olduğumuzu nəzərə alsaq, bu dəmir yolu Naxçıvanın iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynaya bilər. Türkiyə tərəfinin bu təşəbbüsü təqdirəlayiq haldır”.

 





02.08.2019    çap et  çap et