Bu ilin fevral ayında məşhur iş adamı İnan Kıraça Fransadan “Skype” vasitəsilə zəng gəldi. Zəng edən Fransanın sabiq Müdafiə naziri Jan-İv Le Drian idi. Zəng edən şəxsin özü elə söyləyirdi. Halbuki o, Gilbert Çikli idi. 40 ölkədən olan 150 önəmli iş adamına zəng edir və bir səbəblə, pullarını alırdı. Yəni, onları aldadırdı…
Təbii, aldadılan yalnız Kıraç deyildi. Tunis Müdafiə Nazirliyi belə aldadılanların arasında yer alırdı. Saxta Le Drianın tələsinə düşənlər arasında məşhur iş adamları, dövlət məmurları və şərab istehsalçıları vardı. Hörmətli Kıraç da sadəcə bunlardan biri idi. Onun Çindəki hesablarından 41 milyon avro itirdiyi iddia edildi. Sonra bu rəqəmin 4,1 milyon avro olduğu haqda məlumat sızdı. Hansının doğru olduğunu bilmirəm. Ancaq pulun getdiyi dəqiqdir. Bu hadisəni böyük mənzərəni görmək üçün xatırlatdım.
İndi davam edək və 2016-cı ilə dönək. Bizlər tezis-antitezis mübahisələrini çox yaxşı bilmərik. Başımızı da çox yormarıq. Əslində amerikalılar da belədir. 2016-cı ilin prezident seçkiləri önəmli idi. Hillari Klinton ilə Donald Tramp mübarizə aparırdı. Görüntü bu idi. Amerika xalqı da onların eyni mərkəzdən bəsləndiklərini bilməzdi. Çünki göstərilmirdi, göstərilməzdi. Hər kəs Hillari Klintonla Donald Trampın iki fərqli məktəbdən olduğunu zənn edirdi. Amerika xalqına bu sırınırkən, Trampın həm Bill Klintonla, həm də Hillari Klintonla yaxın dost olduğu görməzdən gəlinirdi.
Hər iki prezident də, yəni Klinton da, Tramp da bir şəxslə həddindən artıq yaxın idi. Baxın, elə bu şəxs bəlkə də həyatın axışını dəyişdirəcək şəxsdir. Prezidentlərlə arasından su sızmayan, yəni Klinton və Tramp ailələrinin bütün sirlərini bilən bu şəxs Cefri Epşteyndir. Anlayacağınız odur ki, “qara qutu”dur.
Cinsi təcavüzə görə məhkumluğu olan amerikalı milyarder iş adamı Cefri Epşteyn, seks məqsədilə insan alverinə görə ittiham edilərək həbs edildikdən sonra ABŞ-da bir çox şəxs panikaya düşüb. Hazırda çox önəmli şəxslərin gözünə yuxu getmir. Heç kimin hüzuru yoxdur. Hadisə burada söhbət mövzusu olmasa da, çox önəmlidir. Dünyanın damı silkələnməkdədir. Çünki Epşteyn sadəcə ABŞ prezidentləri Klinton və Trampla yaxın deyildi. O, Corc Buş və Barak Obama ilə də çox yaxın idi. İndi ABŞ-da güc balansını dəyişdirə biləcək şəxs kimi tanınan Epşteynin Fransa Prezidenti Makronun bir çox müşaviri ilə də yaxın olduğu sirr deyil. Epşteyn şəbəkəsinin Fransa ayağında hadisələrin inkişafı çox önəmlidir.
Bir müddət öncə Fransanın ən məşhur fırıldaqçısı kimi adı çıxan Gilbert Çiklinin, yəni İnan Kıraçı aldadan şəxsin də Epşteynə işlədiyi bir həqiqətdir. Deməli, İnan Kıraçı aldadan şəxs Epşteynin adamı imiş. Çiklinin adı ortaya çıxınca, əlbəttə, diqqəti şəbəkənin Fransa ayağı cəlb edir. Eyni zamanda İsrail və “Mossad”ın Cefri Epşteynlə əlaqəsini anlamaq da çətin deyil.
2016-cı ildə Fransaya gedən Epşteynin qaldığı villanın sahibi də Gilbert Çiklidir. İndi Gilbert Çiklinin, əslində, adi bir saxtakar olmadığını anlayırıq. Əlbəttə, Epşteynin adi dələduzlarla işləməsi gözləniləndir. Ancaq o, heç bir dələduzun evində qalmaz. Deməli, Çikli daha önəmli biridir. Onun Təl-Əvivdə yaşaması İsrail dövlətinin və “Mossad”ın təminat verməsinin dəlilidir.
Epşteynin malikanəsinə, demək olar ki, getməyən adam yoxdur. Kiçik yaşlı uşaqlara yaxınlaşanlar arasında Bill Klinton da, çox sayda şahzadə də vardı. Bu şəxslərin hamısının adını çəkməli olsaq, ayrı bir qəzet buraxmalı olarıq. Çünki dünyanın zirvəsində kim varsa, hamısının yolu oradan keçdi. Corc Nader də həmişə orada idi. Trampın ərəb dünyası ilə əlaqəsini təmin edən də Nader idi.
Artıq İsraildə əvvəlki kimi güclü olmayan ABŞ-ın hərbi qanadı da mütləq bir addım atmalı idi. Atdı da. Elə bir addım atdı ki, savaş pikə yüksəldi. Bu, xüsusi prokuror Robert Müllerin Trampın izinə düşməsindən daha sarsıdıcı bir addım idi. Pentaqon dövrəyə girdi və həmlə edildi. Epşteyn, Pentaqonun məhbusu kimi həbsə atıldı. Bu məsələ ilə bağlı heç bir şübhə yoxdur.
İndi Cefri Epşteynin yaşadığı hər bir saat Pentaqonun lehinə, Klinton və Tramp ailələrinin isə əleyhinə işləyəcək. Xüsusilə Prezident Tramp bu durumdan çox əndişələnir. Çünki Epşteyn həqiqətən də çox özəl məlumat, sənəd və görüntülərə sahibdir.
Epşteyn, lazım olan yerlərə xəbər göndərdi. Açıq şəkildə “Məni buradan çıxardın və təmizləyin” dedi. Bu tələbi yönəltdiyi şəxslər də, əlbəttə, Trampın müşavirləri və Klintonlardır. Ancaq ABŞ prezidenti olsanız da, istədiyiniz adama istədiyiniz köməyi etməniz asan deyil. ABŞ-ın ən qaranlıq tərəfi, əlbəttə, onun silahlı qanadıdır. Bu da Trampın addım atmasını əngəlləyir.
Əgər Epşteyn uzun müddət həbsdə qalarsa, Hillari Klintonun “qara qutusu” olan Podesta qardaşları ölkəni tərk edəcəklər. Çünki ABŞ-da böyük təsirə sahib olan qardaşların yeni dövrdə yaşama şansları belə çox azdır. Əgər hadisələrin inkişafı Podesta qardaşlarına doğru gedərsə, onların sığınacağı yer Moskva, ya da Paris olacaqdır. Fransada güc balansının davamlı olaraq dəyişdiyini düşünsək, onlar üçün ən etibarlı liman Moskva olacaq. Yeri gəlmişkən, Podesta qardaşlarının yaxın dostu olan Edvard Snouden harada yaşayır?
Epşteynin daxil olduğu və çox önəmli şəxsləri əhatə edən şəbəkə Pentaqon tərəfindən ələ keçirilərsə və açılarsa, işlər dünyanın hər yerində qarışar. Nəticənin necə olacağını bilən yoxdur. Ancaq Epşteyn də, Nader də əsirdir. Bu, aydındır. Bəzi şəxslər var ki, dövlətlərin önündə gedərlər. Bu iki şəxs də elədir. Və böyük bir şəbəkəni idarə edirlər, ya da onun içində yer alırlar.
Bu, sadəcə kiçik yaşlı uşaqları saxlamaqla əlaqədar bir hadisə deyil. Bu əməliyyatlar dünyanın yeni güc balansını belə müəyyən edəcək addımların başında gəlir. Görünən odur ki, Müllerin yarımçıq buraxdığı işi Pentaqon və katolik məktəbi tamamlamaq niyyətindədir. Bu, təkcə Trampın prezidentliyini deyil, ailəsini belə bitirər. Təbii, uğur qazana bilərlərsə… Çox çətindir. Ancaq cəhd etdikləri də açıq görünür. Trampdan İsrailə, oradan da Putinə açılan yollara daş döşəyərlərsə, çox adamın canı yanar. Silinib gedər. Ancaq heç də asan deyil.
Bu, bir yazıya sığmayacaq qədər dərin və önəmli bir mövzudur. Dünyanı kimin idarə etdiyini və o gücü anlamaq üçün bu adları bilmək önəmlidir. Dünyanın suverenlərinin (ali hakimiyyət sahiblərinin – tərc.) döyüşünü görmək baxımından da önəmlidir. Əgər Epşteyn qurtarıla bilməzsə, işlər inana bilməyəcəyiniz qədər qarışar. Bu, sadəcə ABŞ-a deyil, bu və ya başqa formada, bizə də, Rusiyaya da, Almaniyaya da, Fransaya da təsir edər. Bütün əzbərlər pozular və insanlar heç görmədikləri bir struktur haqqında danışmağa başlar. Bax, o zaman qalib gələn Pentaqon olar.
Baxaq görək, Pentaqonun Epşteynlə bağlı həmləsinə qarşı tərəf necə cavab verəcək. Çox diqqətlə izləyin.