Vaxt.Az

Uğurun sirri


 

Prezidentin sosial siyasəti - verilən vədlər, görülən işlər

Uğurun sirri Hələ ötən ilin ikinci yarısında prezident İlham Əliyev bəyan etmişdi ki, növbəti dövr Azərbaycanda sosial sahədə ciddi islahatlarla yadda qalacaq. Bunu o, həyata keçirilmiş iqtisadi siyasət və islahatlar nəticəsində ölkə gəlirlərinin sürətlə artması, iqtisadiyyat, infrastruktur sahələrində nəzərdə tutulan böyük layihələrin başa çatması nəticəsində artan gəlirlərin əhalinin sosial rifahını daha yüksəltmək istiqamətinə yönəldilməsinə imkan verməsi ilə əsaslandırıb.

İki sosial paket: 4,2 milyondan yuxarı insan və 5,2 milyard manat


2019-cu ilin əvvəlindən başlayaraq prezident iki böyük sosial islahat paketi təsdiq edib. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlırinin artlrılması, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manatın yönəldilməsini nəzərdə tutmaqla tam icra olunub.

Sentyabrın 1-dən başlanacaq ikinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanıb, həmin tarixdən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub.

Verilən rəsmi məlumatlara görə, hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,2 milyar manatın sərf olunmasını nəzərdə tutur.

Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan pezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artırıldıqdan sonra ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.

Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artlq tələbəni, ümumilikdə 1,3 milyon nəfər insanı əhatə edib. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə bu kateqoriyaya aid olan insanların sosial durumunun xeyli yaxşılaşdırılmasını təmin edəcək.

Azərbaycan prezidentinin digər təşəbbüsü sosial sığorya sahəsində inqilabi irəliləyişi təmin etmişdir. Belə ki, 2006-2018 ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanır. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də əhatə olunacaq.

Azərbaycan prezidenti bununla da qənaətlənməyərək özünüməşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini tələb edib. Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub. İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq 45 min müraciət daxil olub, 4 min nəfər təlim keçib, 1100 nəfər aktiv əldə edib.

Özünüməşğulluq proqramı beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilib. Belə ki, bu ildən BMT-nin İnkişaf Proqramı layihəyə daxil olub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcək.

Bundan əlavə, prezidentin tapşırığı ilə proqram barədə Dünya Bankı da məlumatlandırılıb. Proqramı yüksək qiymətləndirən Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb. Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu qurum da layihəyə qoşulacaq.

Bununla yanaşı, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərinə 20 min müraciət daxil olub, vətəndaşların məmnunluğu səviyyəsi 93 faizə yüksəlib. Bu gün DOST mərkəzləri artlq 126 növ xidmət təklif edir. Bu il daha bir, gələn il isə 3 mərkəzin açılmsı nəticəsində Bakı əhalisinin 80 faizi DOST xidmətləri ilə əhatə olunacaq.

 

Əsas prioritet: sosial sahə

 

Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında prezident bildirib ki, ilin əvvəlində qarşıya qoyulan vəzifələr icra edilir: “Ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır”.

Prezident vurğulayıb ki, ticarət dövriyyəmiz də kifayət qədər artıb – 20 faizdən çox: “Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür”.

İ.Əliyev bir daha vurğulayıb ki, sosial sahə hökumət üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub: “Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Azərbaycanda inşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir: “Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır”.

Prezident eyni zamanda qeyd edib ki, dövlət öz üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə icra etdiyi kimi, özəl sektor da iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir: “Buna görə bu iş yerləri açılır ki, vətəndaşlar işlə təmin olunsunlar. Ancaq hamımız yaxşı bilməliyik ki, özəl sektor iş yerlərinin yaradılmasına öz töhfəsini daha böyük həcmdə verməlidir. Özəl sektorun nümayəndələri ilə aparılan işlər nəticəsində biz bu sahədə də artım görürük. İqtisadi canlanma, əlbəttə ki, iş yerlərinin yaradılmasına da gətirib çıxarır. Çünki bu, daimi proses olmalıdır”.

Ölkə prezidenti əhalinin gəlirlərinə mənfi təsir edən süni qiymət artımı məsələsinə də toxunub: “Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Göründüyü kimi, prezident İ.Əliyev yalnız əhalinin gəlirlərinin artması, sosial cəhətdən müdafiəsinin gücləndirilməsi deyil, həm də əldə olunan gəlirlərin möhtəkirlərin yeminə çevrilməməsi kimi vacib məsələləri də diqqətdə saxlayır.

Bütün bunlar Azərbaycan prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn ilıərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.

 





06.08.2019    çap et  çap et