Vaxt.Az
Paşinyan müharibə elanı edir?
“Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”
“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb. Məsələn Paşinyan sonrakı cümləsində deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, “irəvanlı” və “qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb. Bu durumu dəyişmək onun gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar”. Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Polotoloqun fikrincə Paşinyanın Xankəndində
erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu
çıxışa iki şəkildə reaksiya verməlidir.
“Birincisi, beynəlxalq təşkilatlardan
Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı
anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır”
açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ
Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”, - deyə E.Şahinoğlu fikrini
tamamlayıb .
06.08.2019 çap et