Ankara Moskva ilə sıx əlaqələrinə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını qəbul etmir və Krım türklərinə dəstəkdən vaz keçmir. Bu amillər Kiyevin işinə yarayır. Ona görə də son illər Ankaraya gələn Ukrayna prezidentləri hər səfərlərində heyətə Krım türklərinin lideri Mustafa Cəmiloğlunu da əlavə edirdilər. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Cəmiloğluna böyük hörməti var. Krım Cəmiloğlu Ukraynadakı son prezident seçkisində Vladimir Zelenskinin rəqibini dəstəkləmədi. Buna baxmayaraq, Zelenski də keçmiş prezidentlər Petro Poroşenko və ya Viktor Yuşşenko kimi Krım türkləri mövzusuna həssas yanaşmalı və Ankaraya gedəcək heyətə Krım türklərinin nümayəndəsini daxil etmək barədə düşünməlidir. Kiyevlə sıx təmaslar Ankara üçün də o mənada vacibdir ki, regional siyasətdə bütün yumurtaların Rusiya səbətinə qoyulmadığı görünsün.
Vladimir Zelenskinin Cənubi Qafqaz ölkələri arasında səfər edəcəyi ilk ölkə Azərbaycan olmalıdır. Ən azı biz buna çalışmalıyıq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Doğrudur, AŞPA-da son səsvermədə Azərbaycan nümayəndə heyəti Krımın ilhaqına rəğmən, Rusiyanın bu quruma qayıtmasına səs verdi. Ancaq Rusiyanın geri qaytımasına səs verənlər arasında avropalılar da çoxluq təşkil edirdi. Yəni Azərbaycan nümayəndə heyətinin AŞPA-da Rusiyanın xeyrinə səsverməsi Bakı ilə Kiyev arasındakı əlaqələrə mənfi təsir etməməlidir. Petro Poroşenkonun dövründə Azərbaycanın Ukraynadakı dövlət müəssisələrinin özəlləşdiriilməsində iştirakı mövzusu müzakirə olunurdu. Məsələn Dövlət Neft Şirkəti Odessa və Çernomorskdakı neft terminallarının özəlləşdirilməsinə maraq göstərirdi. Dövlət Neft Şirkətinin Ukraynadakı artan fəaliyyətini nəzərə alaraq bu özəlləşdirməni Zelenskinin prezidentliyi dönəmində reallaşdırmaq mümkündür. Odur ki, yaxın aylarda prezident İlham Əliyevin ukraynalı həmkarı ilə görüşünün və müzakirə ediləcək mövzuların hazırlanması təlimatı verilə bilər.