Xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan artilleriyası Matagisdəki həmin hərbi hissəni sərrast zərbələrlə vurub, nəticədə düşmən xeyli itki verib. Hərbi hissədə ciddi dağıntı meydana gəlib.
Habelə erməni mənbələrindən məlumdur ki, döyüşlər başlayanda Madagis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan qaçıb aradan çıxmışdı və yalnız atəşkəsin əldə olunmasından sonra hərbi hissəyə qayıtmışdı.
Forrights.am saytının yazdığına görə həmin polkda sıravi əsgərləri döyürlər, onlara sadist işgəncələr verirlər. Bu işlərə polkun indiki komandiri Armen Gözəlyan başçılıq edir. Gözəlyanın müavini, polk komandirinin “sağ əli” mayor Artur Fərhadyan isə hərbi hissənin ən qəddar zabiti kimi ad qazanıb. O, Ermənistanın Armavir vilayətindəndir, Qarabağda yaşayır, 31 yaşı var. Subaydır. İki dəfə məhkəmə qarşısında dayansa da hərbi prokurorluq və Sünik məhkəməsi ona qarşı yumşaq davranıb.
Sayt yazır ki, 2018-ci il iyunun 12-də gecə saatlarında mayor Faxradyan əsgərləri yerə yıxıb və bellərində gəzib. Bununla da o əsgərləri “yat” komandasından sonra kazarmanın yataq hissəsində yemək yedikləri üçün cəzalandırıb. Əsgərləri yemək yeyərkən yaxalayan mayor onlardan üçünü-kiçik serjant Mxitar Sərkisyanı, Sergey Qriqoryanı və Narek Petrosyanı döyüb. Səhər saat 7.30-da isə o polkun qarşısında Poqosyanı və daha beş hərbçini sıraya düzüb. Butulka ilə kiçik serjant Poqosyanın başına və sifətinə zərbələr endirib. Digərlərinə isə uzanmağı əmr edib və onların bellərində gəzib.
Bu əməllərinə görə həmin ilin avqustunda məhkəmə mayorun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri tətbiq edib. İl yarım davam edən istintaq dövründə hərbi prokurorluq mayoru təcrid etməyib, o xidmətini davam etdirib. Nəhayət 2019-cu ilin fevralında Gorus məhkəməsi mayoru 4 il həbsə məhkum edib, amma dərhal qərar çıxarıb ki, Faxradyanın cəzası şərti cəza ilə əvəzlənsin. Bu zaman polk komandirinin təqdim etdiyi müsbət xarakteristika əsas götürülüb.
Hökmdən cəmi bir neçə ay sonra Faxradyan yenə əsgəri döyüb, iş hərbi prokurorluğa gedib. Amma mayoru yenə tutmayıblar və onun barəsində başqa yerə getməmək haqda iltizam almaqla kifayətləniblər.
“Cinayətkar mayor prokurorluğun, hakimlərin, öz komandirlərinin, polkovnik Armen Gözəlyanın, müdafiə naziri David Tonoyanın tam müdafiəsi altındadır. Madagisdəki hərbi hissədə cinayətlər isə davam edir”,-sayt yazır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə Facebook-da bu məqalə barədə şərhində yazıb ki, cinayət törətmiş zabiti müdafiə etmir. “Amma batalyonun qərargah rəisini polk komandirinin müavini ilə dəyişik salmaq savadsızlığın ən yüksək səviyyəsidir”,-o Faxradyanın vəzifəsinin düzgün göstərilməməsinə görə müəllifi qınayıb.
Ovanisyana görə mayor Faxradyan polk komandirinin “sağ əli” ola bilməz. “Hər şeydən əvvəl isə ordunun döyüş ruhu, inamı və əminliyi bu cür məqalələrlə laxladılır”, - o bildirir.
Ovanisyan bildirib ki, çoxları bu məqaləni oxuyub əsgərlərin başına açılan oyunlar barədə ah çəkəcəklər. Əslində isə yataq rejimində yemək yemək cinayətdir və ya cinayət üçün zəmin yaradır. O, həmin hərbi hissədə məhz yemək vaxtı bitəndən sonra yataq rejimində yemək yeyərkən əsgərlər arasında baş vermiş münaqişə və qətl haqda xatırladıb. Habelə qeyd edib ki, il yarım əvvəl yenə də nəzərdə tutulmayan yerdə yemək yeyən və içki içən əsgərlər sərxoş halda “Niva”nı Madagis su anbarına aşırıblar, bir neçə nəfər ölüb.
Ovanisyanın qeydini hüquq müdafiəçisi Janna Aleksanyan şərh edib. Bildirib ki, Müdafiə Nazirliyinin rəsmisi yenə də orduda baş verənlərə haqq qazandırmağa çalışıb. Onun mövqeyinə əsasən belə təəsürat yaranır ki, əsgərlər üzərində zorakılığıa haqq qazandırılır, sıravi həmişə günahkardır, komandir heyəti isə toxunulmazdır.
“Onu da deyirəm ki, bizdə informasiya dərc ediləndən daha çoxdur. Özbaşınalıqlara hərbi hissə komandiri də qarışıb. Məqsədimiz diqqəti orduda baş verənlərə yönəltməkdir, amma hər dəfə Artur Ovanisyanın qismində Müdafiə Nazirliyinin divarı ilə qarşılaşırıq. Əsgərləri döyməyin, təhqir etməyin”, - o bildirib.