MAGATE-nin xəbərdarlıq bəyanatı, qurumun müvəqqəti sədri Kornel Ferutanın Tehrana etdiyi rəsmi səfərindən və səfər çərçivəsində İran rəsmiləri ilə görüşüb danışıqlar aparmasından bir gün sonraya təsadüf edib.
Yayılan bəyanatda bildirilir ki, İranın öz nüvə təsisatlarında yeni sentrifuqalar işə salması, Qərblə Tehran arasında imzalanmış nüvə sazişinin (“Bərcam”ın) şərtlərinin açıq-aşkar pozulması deməkdir: “İran uranın zənginləşdirilməsi prosesində daha inkişaf etdirilmiş yeni sentrifuqalar quraşdırmağa başlayıb. İranın hazırda quraşdırdığı və ya quraşdırmaqda olduğu sentrifuqalar bunlardır: 22 ədəd İR4, 1 ədəd İR5, 30 ədəd İR6 və 3 ədəd İR6S”, –deyə bəyanatda vurğulanır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) müvəqqəti sədri Kornel Feruta həmin gün jurnalistlərə açıqlamasında deyib ki, onun başçılıq etdiyi qurumun İranın nüvə fəaliyyəti ilə bağlı mövqeyi tam müstəqil və tərəfsiz olacaq və məsələ ilə bağlı hazırlanan və agentliyin idarə heyətində təqdim edilən hesabatlar sənədə və dəlil-sübuta söykənəcək: “Biz İrandan istəyirik ki, atdığı bu addıma görə dərhal agentliyə cavab versin və vaxtı bundan artıq uzatmasın. Çünki zaman bizim üçün mühümdür”, - deyə MAGATE-nin müvəqqəti sədri Kornel Feruta əlavə edib.