Bunu Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı son günlər gündəmə gələn «nurçu» məsələsinə münasibət bildirərkən deyib.
Konkret olaraq Azərbaycanda kimlərin nurçu olması haqda fikir söyləməyə çətinlik çəkdiyini vurğulayan F.Ağamalı bildirib: «Lakin nurçuların Azərbaycanda olmasını istisna etmirəm. Deyilənə görə, nurçuların təsiri altında olan və onun geniş şəbəkəsi kimi «Çağ Öyrətim İşlətmələri» məktəbləri və onun Azərbaycanda mərkəzləri var. İstisna etmirəm ki, Azərbaycanda nurçu təriqəti bu və ya digər şəkildə dayaqlara malikdir. Lakin onların daşıyıcıları haqqında fikir söyləməkdə çətinlik çəkirəm.
Mənim diqqətimi ölkə prezidentinin hökumətin son iclası zamanı söylədiyi fikirləri cəlb edir. Çünki həmin iclas zamanı ölkə prezidenti xüsusi olaraq söylədi ki, xarici qüvvələrə xidmət edən insanlar var və onlar nəticə çıxarmalıdır. Bəlkə də ölkə prezidenti buna işarə edirdi, bunu dəqiq deyə bilmərəm. Hər halda nurçuların Azərbaycanda mövcudluğu istisna deyil. Əgər nurçuların şəbəkəsi hakimiyyət orqanlarına və parlamentə qədər genişlənibsə, bu yolverilməzdir. Mən bunu çox təhlükəli hesab edirəm. Nurçular Azərbaycançılığa və Azərbaycan dövlətinin möhkəmlənməsinə və güclənməsinə xidmət edən ideologiya deyil. Bizim ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıqdır. Bundan başqa, hər hansı bir ideologiyanın Azərbaycanda yayılmasına mən pis baxıram». (Publika.az)