Qaşqay Türklərinin İnsan Haqları Komitəsinin sədri Ruhullah Muradi Qaşqayinin sözlərinə görə, etirazların davam etdiyi vaxtdan, daha dəqiq desək, noyabrın 18-dən etibarən təhlükəsizlik qüvvələri Şirazın Sədra, Gülüstan, Gülşən, Qəsre Qomşe və Miyanrud kimi bölgələrində yaşayan qaşqayların evlərinə vəhşicəsinə hücum edərək, onlarla adamı həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.
Qaşqay türklərinə məxsus “Qayi” adlı veb saytın yaydığı məlumatda isə son 3 gün ərzində təkcə Qəsre Qomşe bölgəsində 50-dən çox qaşqayın “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən saxlandığı deyilir.
Aşağıdakı siyahı saytın tutulanlardan şəxsiyyətini müəyyənləşdirə bildiyi bəzi qaşqayların adlarını ehtiva edir:
1. Qaşqayların ən böyük tayfalarından biri Əmələdən olan Vəhid Turabi. Noyabrın 18-i, gecə saat 3 radələrində “Sepah”ın Kəşfiyyat İdarəsi əməkdaşları Turabinin Qəsre Qomşedə yerləşən evinə hücum edib, onu bir müddət döydükdən sonra maşına mindirib, naməlum istiqamətdə aparıblar. Aldığı xəsarətlərdən onun sağ kürək sümüyü və iki dişi sınıb.
2. Haşim Zarə: Vəhid Turabinin bacısının həyat yoldaşıdır. O, təhlükəsizlik qüvvələrinin Vəhidin evinə hücumu zamanı onlarda olub və döyülərək həbs edilib.
3. Kiyanuş Qardaşi Dariyuş oğlu (Əmələ tayfası üzvü)
4. Kambiz Qardaşi
5. Fərşad Miri (Kəşkülü tayfası üzvü)
6. Həmid Reyhani
7. Məcid Reyhani (Həmid Reyhaninin əkiz qardaşı)
8. Bicən Kərəmi (Dərəşurlu tayfasının Qara Qanlı nəslinin üzvü): O, Gülüstan qəsəbəsində keçirilən etirazlar zamanı kürəyindən güllə ilə vurularaq həbs edilib.
9. Bicən Kərəminin adı hələ ki, müəyyənləşdirilməmiş oğlu da atası ilə eyni zamanda saxlanılıb.
10. Rəsul adında Qaşqay türkü
11. Sadiq adında Qaşqay türkü
İran rejiminin interneti kəsməsi və etirazların geniş miqyasda keçirilməsi səbəbindən hələlik ölən və yaralananlar, eləcə də həbs edilənlərin sayı və kimlikləri barədə dəqiq məlumat əldə etmək mümkün deyil.
Ruhullah Muradi bir neçə gün öncə etirazlar zamanı azı 5 Qaşqay türkünün təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişdiyini demişdi.
Amnesty İnternational 2 gün əvvəl yaydığı məlumatda etirazlar zamanı Şirazda azı 6 nəfərin, eləcə də qaşqayların üstünlük təşkil etdiyi Sədra qəsəbəsində də minimum 6 insanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü təsdiqləmişdi.