“Əgər kimsə qaydanı pozub, gəlib küçədə təkər yandırıbsa, bu, mənim fikrimcə, cinayət deyil. Doğrudur, onun əməli yanlış addım olsa da, biz həmin şəxsləri həbsdə saxlamamalıyıq. Küçələrə axışıb, qışqırıb, şüar səsləndiriblər. Bunu onların cavanlıq çılğınlığının ayağına yazmalıyıq”, - deyə İran prezidenti əlavə edib.
Ruhani iddia edib ki, “bəzi etirazçılar soyuq və odlu silahla, eləcə də xəncərlərlə təhlükəsizlik qüvvələrinə hücum edib, digər qism isə alış-veriş mərkəzlərini yağmalayaraq yandırı”. O, iddia etdiyi həmin şəxslərə lazım olan cəzanın verilməsini istəyib.
Ruhaninin iddiasının əksinə olaraq, etirazlarda iştirak edən insanlarda odlu silah olmayıb və onlar bildirirlər ki, bankları, mağazaları və digər mülkləri təhlükəsizlik qüvvələri yandırıb. Nə İran hökuməti, nə də digər mənbələr tərəfindən bu günə qədər odlu silahla etiraza gələn insanları əks etdirən heç bir sübut, görüntü və digər dəlil yayınlanmayıb. Eləcə də, müxtəlif şəhərlərdə təhlükəsizlik qüvvələrinin silahsız etirazçıları pulemyot və silahlardan atəşə tutduqları barədə görüntülər yayılıb. Lakin Ruhani sivil formada etiraz edən xalqı güllə-baran edən “Sepah” terror təşkilatı, ETTELAAT və polis əməkdaşlarının cəzalandırılmaları ilə bağlı heç bir tələb irəli sürməyib.
Digər tərəfdən, dekabrın 2-də İran Milli Məclisinin deputatı Mahmud Sadiqi bildirmişdi ki, bir çox tələbələr aksiyalara qoşulmadıqları halda, “qabaqlayıcı tədbir” kimi təhlükəsizlik qüvvələri tərəfindən günahsız yerə həbs ediliblər.
Bu ana qədər Ruhaninin dediyi “elə-belə”, eləcə də Sadiqinin dediyi “qabaqlayıcı tədbir” kimi tutulan şəxslərin kimliyi və taleyi barədə heç bir məlumat yoxdur.
Ruhani bugünkü çıxışının sonunda etirazçıların “bəzilərinin” günahsız yerə öldürüldüyünü desə də, onları qətlə yetirən təhlükəsizlik qüvvələri əməkdaşlarının məsuliyyətə cəlb edilib-edilməyəcəklərilə bağlı heç bir söz dilə gətirməyib.