Bunları reallaşdırmaq çətindir. Birincisi, Liviyada yüzlərlə əşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə mİnlərlə kilometr nəzarətsiz sərhədi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Haftara tonlarla silah və hərbi texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhədini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Haftara silah və hərbi texnika ötürməsin?
Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi. Çünki əgər deyilirsə ki, qarşıduran tərəflərə hərbi dəstək verilməsin, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.
Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı. (“Atlas” Araşdırmalar Mərkəzi)