Bəşəriyyət yarandığı gündən azadlığın mütləq düsturunu və keçilməz sərhədlərini müəyyənləşdirməyə çalışır. Amma yenə də insanların birgəyaşayışını və təhlükəsiz həyatını təmin edən qanunların və humanizm prinsiplərinin aliliyindən, minillərin sınağından keçərək cilalanmış əxlaq normalarından daha mütərəqqisini düşünə bilmir. Çünki azadlığın hüquqi təminatı olmayanda köləliyə, məsuliyyəti olmayanda hərc-mərcliyə, anarxiyaya, əxlaqı olmayanda vəhşiliyə çevrilir.
Və bu əxlaqsız azadlıqdan doğan vəhşiliyi nə qədər təhlükəli olduğunu 8 martda keçirilən qanunsuz aksiya iştirakçılarından birinin – Aysel Ələkbərzadənin intihara cəhdi bir daha sübuta yetirdi.
Təfərrüatına varıb ürək bulandırmaq istəmədiyim, heç bir mədəni, zövqlü, sağlam düşünməyi bacaran insanın düşüncə və əxlaq sərhədlərinə sığmayan bu iyrənc aksiyadan sonra məni narahat edən çoxsaylı suallara cavab tapmağa çalışdım.
Açıq-aşkar, ibtidai icma, qabilə təfəkküründən qaynaqlanan bir hikkə ilə əxlaqsızlığı təbliğ edən bu aksiyanı kimlər təşkil edib? Məqsədləri nədir?
Məgər qadın azadlığı cinsi orqanların adının açıq şəkildə ifadə olunması, cinsi istəyin, şəhvətin bəşəri dəyərlərdən, birgəyaşayış qaydalarından yüksəkdə tutulmasıdır? Məgər Azərbaycan qadını yalnız cinsi istəklərini istədiyi kimi və istədiyi yerdə təmin etmək kimi bir “azadlığa” sahib olmaq üçün yaşayır?
Məgər əxlaqsızlığın təbliği “qadın hüquqlarının müdafiəsi”dir?
Mən sağlam düşüncəyə sahib olan bir insanın cinsiyyət orqanlarının adını şüara çevirib başı üstə saxlamasını heç bir halda anlaya və qəbul edə bilmirəm. Çünki mənim üçün DƏYƏR başımın üzərində müsəlman Şərqində qadına ilk dəfə seçmək və seçilmək hüququ verən Cümhuriyyətimizin yadıgarı olan üçrəngli bayrağın dalğalanmasıdır.
“Bayrağı” cinsiyyət orqanı, şüarı əxlaqsızlıq olanların Azərbaycan xalqına və ümumiyyətlə sivil, mədəni insanlığa heç bir aidiyyəti yoxdur. Belələri küçə itlərinin həyat tərzini təbliğ edirlər. Məqsəd isə Azərbaycanda ailə modelinin sıradan çıxarılması, bir millət olaraq identikliyimizi, özünəməxsusluğumuzu təmin edən dəyərlərin məhv edilməsi, cəmiyyətimizin bütün qəliblərə uyğunlaşa bilən, torpaq, Vətən təəssübü çəkməyən, sümüksüz, fəqərəsiz bir kütləyə çevrilməsidir.
Aysel Ələkbərzadə xalqımıza, Azərbaycan qadınına, Azərbaycan ailəsinə qarşı həyata keçirilən iyrənc kampaniyanın qurbanıdır. Çünki bu aksiyanı təşkil edənlər Azərbaycan cəmiyyətinin orada qaldırılan və səsləndirilən iyrənc şüarları, əxlaqsızlığın, mənəviyyatsızlığın açıq-aşkar təbliğ olunmasını qəbul etməyəcəyini yaxşı bilirdilər. Yaxşı bilirdilər ki, iyrənc, qurşaqdan aşağı şüarları başı üzərinə qaldıran kəslər insanların kütləvi qınağına tuş gələcəklər... Onlara da məhz bu kütləvi etiraz, “azlıq” olduqlarının qabardılması və qrant cüzdanlarının şişirdilməsi üçün qurban lazım idi...
Baş verənlərə görə bu əxlaqsız aksiyanın təşkilatçıları qanun qarşısında cavab verməlidirlər. Heç bir halda belələrinin məsuliyyətdən yayınmasına imkan vermək olmaz. Çünki AZADLIQ hər şeydən öncə MƏSULİYYƏTDİR!