Sonra dedilər, əli spirtlə yuyun. Hamı spirt aldı. Apteklərdə spirt qurtarandan sonra dedilər, spirtin xeyri yoxdur. Əl-üzünüzü adi sabunla yuyun, fərqi yoxdur hansı sabun. Camaat darışdı sabuna. Evlərdə sabun anbarları yaranandan sonra dedilər, yox, duru sabunla yuyulmalıdır əllər və üzlər. Duru sabunun da ticarəti irəlilədi neftin alveri gerilədiyi bir vaxtda. Ardınca da dedilər ki, əllər həm də isti su ilə yuyulmalıdır. Bu da bir əngəl oldu: Çölün düzündə əlinə at cibinə (ya da bir yaltağın xasiyyətinə), sabunu çıxart, yuyunmağa isti su olmasın, virus beynindən ciyərinə keçib öldürsün səni gül kimi təmiz havada. Nə isə...
Sonra başqa sahələr hərəkətə keçdi deyəsən. Mütəxəssislər dedilər, heç nə yox, 3 faizli pereksdir bu virusun düşməni. Pereks parfümdən hörmətli oldu. İndi də deyirlər antibakterial gel var, əlac yalnız onadır...
Bütün bu "eksperimentlər"lə paralel xaş, xəngəl və araqsatanlar da xeyli çiçəkləndilər. Sarımsaq öz tarixində ən yaddaqalan intibah dövrünə qədəm qoydu, meyvə-tərəvəzə ha təkan verilsə də, qiymətində sarımsağınkı qədər sıçrayış olmadı.
Hər şeylə paralel və əvvəldən axıradək tək addımlayan, mövqeyini nəyəsə güzəştə getməyən isə koronavirus barədə "informasiyalar" oldu. Özü də bu dezinformasiyaların, maşallah, nə yeməyini konkretləşdirmək oldu, nə tozunu, nə də gelini. Elə bir ucdan sifarişi yeniləyir...
Görünən odur ki, sırada yeməklərdən bozbaş, piti, Şəki - Qəbələ -filan, gellərdən neft vannası , Naftalan -filan, tozlardan paltar poroşoku, ardınca da əhəng daşı, sement Qaradağ-filandır.
Bircə bu viski istehsalçılarını anlamadım bu prosesdə. Niyə tərpənmədilər görəsən(heç olmasa ona pul verməzdim, evdə varımdı axı)?
Nə isə ki, əminən, bütün bunların tüğyan etdiyi bir dövrdə məmləkətin də, dünyanın da ucqar, “informasiyalar”dan uzaq kəndlərində heç kimin heç nədən xəbəri olmadan, hamı arxayın yeyib-içib gündəlik həyatını yaşayır, hələ üstəlik, kimsə asqıranda "səbir gəldi, yaxşı olacaq" da deyirlər...
Və həmin kəndlərin adamları da nə vaxtsa, indi biz sovet dövrünün qəzetlərindən oxuduğumuz kimi, hansısa köhnə qəzetlərdən oxuyub biləcəklər ki, sən demə, dünyada koronavirus adlı yoluxucu xəstəlik olub...
İlqar RƏSUL