Əməkdaşımız paytaxtdakı 1 saylı «Asan xidmət»ə baş çəkərək «kupça»ların verilməsi proseduru ilə maraqlanıb. Həmçinin qurumun təklif etdiyi digər xidmətlərlə də tanış olub.
Anar Hüseynov bildirib ki, dövlət başçısının 11 fevral 2014-cü il fərmanına əsasən, «Asan xidmət» tərəfindən «kupça»ların verilməsi həyata keçirilir: «Bu xidməti Əmlak Komitəsi də həyata keçirir. Biz paralel olaraq bu xidməti göstəririk. Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar qeydiyyatı ilə məşğuluq.
Hərdən müraciət edirlər ki, sizdə qanunsuz tikililərə «kupça» verilir? Bu, mümkün deyil. əgər təqdim edilən sənədlər qaydasındadırsa, qanun çərçivəsində olan mənzillərə, istifadəyə verilmiş mənzillərə sənəd verilir.
Artıq hər gün hər «Asan xidmət»ə 40-50 nəfər müraciət edir bununla bağlı. Həmçinin fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi həyata keçirilir. Burada notarial xidmət, Əmlak Komitəsinin bölməsi fəaliyyət göstərir. Başqa yerə getmədən burada «forma 1» almaq və dərhal da alqı-satqı həyata keçirmək olur. Eyni məkanda bir çox xidmətlərin olması vətəndaşın işini asanlaşdırır. Sənədlər qaydasındadırsa, 7, 14 və 20 gün ərzində «kupça» verilə bilər. Burada üstünlük bir neçə xidmətin bir yerdə olmasıdır, bir neçə əməliyyatın bir yerdə keçirilməsidir.
Bu binanı tərk etmədən vətəndaş bir neçə əməliyyatı həyata keçirə bilər. Bu, vahid məkan prinsipi olaraq artıq xidmətlərin göstərilməsində vahid Azərbaycan modelidir. Bu cür xidmət başqa dövlətlərdə də var, amma bir dövlət qurumunun xidmətləri ilə məhdudlaşır. Bizdə isə bir neçə qurumun xidməti var.
Ondan artıq qurumun «Asan xidmət»də mərkəzi var və fəaliyyət göstərir. Bundan başqa, özəl şirkət və müəssisələr, bank, sığorta xidməti, mobil operatorlar burada əhaliyə xidmət göstərir. Bununla biz özəl sektorun inkişafına müəyyən töhfə vermiş oluruq».
A.Hüseynov qeyd edir ki, hazırda respublikada bir neçə «Asan xidmət» mərkəzi yaradılıb və ölkə əhalisinin təxminən üçdə biri bu xidmətin imkanlarından istifadə edə bilir: «1 saylı «Asan xidmət» Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərir. 2 saylı Xətai, Nizami və Suraxanı sakinləri üçündür, 3 saylı Yasamal, Səbail və Qaradağı əhatə edir. Martda 4-cü «Asan xidmət» açılacaq, bu, Sabunçunu və daha iki rayonu əhatə edəcək. Ötən il Sumqayıtda ətraf üç rayon üçün xidmət açılıb. Gəncədə də var və ətraf üç rayonu əhatə edir.
Martda Bakı-Sumqayıt şəbəkəsi tam bitmiş olur və iki şəhərin sakinləri qeydiyyatdan asılı olmayaraq onun üçün yaxın olan «Asan xidmət»ə müraciət edə biləcək. Bu ilin sonuna kimi isə ölkədə əlavə 4-5 mərkəzin istifadəyə verilməsi gözlənilir. Bundan sonra vətəndaşlar qeydiyyatından asılı olmayaraq istənilən «Asan xidmət» mərkəzinə müraciət edə biləcək. Həmçinin səyyar xidmətimiz də vaxtaşırı fəaliyyət göstərir və dövlət xidmətlərini avtobusla vətəndaşların qapısına gətiririk».
Qeyd edək ki, «Asan xidmət» mərkəzlərində tibb məntəqəsi, sənəd şəkli çəkmək üçün fotostudiya, qan analizi üçün həkim otağı, tibb məntəqəsi və sair xidmətlər var ki, bu da vətəndaşın işini asanlaşdırır. Eyni mərtəbədə şəxsiyyət vəsiqəsi, eyni zamanda xarici pasport alınması üçün şöbələr var. Həmçinin internetdən istifadə üçün xüsusi xidmət mərkəzi var. Ödənişlər isə nağd şəkildə deyil, elektron aparatlar və bank vasitəsi ilə ödənilir. «Asan xidmət» bütün həftə işləyən vətəndaşları da nəzərə alıb və bütün həftəni, istirahət günlərində də onlara xidmət göstərir. Qurum həmçinin müxtəlif sosial aksiyalarda iştirak edir və dəstək verir.