Virtualaz.org xəbər verir ki, bütün ölkə üzrə tədris prosesi dayandırılsa da belə görünür ki, bəzi repetitorlar hələ də evlərdə məşğələləri davam etdirirlər. Bundan əvvəl sosial şəbəkələrdə polisin repetitorları cərimələdiyi haqda şayiələr yayılmışdı, ancaq DİN açıqlamışdı ki, bu yalan məlumatdır, polis repetitorların fəaliyyətinə müdaxilə etmir.
Daha sonra İctimai televiziyanın efirində Təhsil Nazirliyinin nümayəndəsi tədris prosesinin bütün ölkə boyu dayandırılmasını xatırladaraq valideynləri evlərdə məşğələ keçən repetirorlarla bağlı nazirliyin qaynar xəttinə məlumat verməyə çağırmışdı.
Bəs sabahdan ölkə üzrə sosial izolyasiya tədbirlərinin tətbiq olunduğunu nəzərə alaraq repetitorlarla bağlı da ayrıca məhdudiyyət, çağırış, tələb olacaqmı?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, Azərbaycandakı bütün tədris müəssisələrində dərslərin dayandırılması haqda qərar var. Bu qərar hər kəsə aiddir. Repetitorla bağlı məsələ isə təfərrüatdır.
“Dərslərin dayandırılması il bağlı sərəncam var və hər kəs buna əməl etməlidir”, - Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi mətbuat konfransında İ.Məmmədov belə deyib.
Onun sözlərinə görə, sərəncamda qeyd olunub ki, bütün təlim təhsil mərkəzlərində təhsil dayandırılıb. Buraya evdə və digər şəraitdə tədris olunan dərslər, eyni zamanda toplu situasiyalar nəzərdə tutulub: “Amma təkcə qərar və qadağalarla iş bitmir. Burada vətəndaşlar ehtiyatlı olmalıdır. Bu məsələdə müəllimlər, şagirdlər və valideynlər məsuliyyətli olmalıdır. Çalışmalıdır ki, sosial tədris tələbinə əməl etsinlər və mümkün qədər evdə qalsınlar”.
Beləliklə, məhdudiyyətlərə əməl etməyərək dərs keçən repetitorla bağlı valideynlər Təhsil Nazirliyinin, o cümlədən Nazirlər Kabineti yanında operativ qərargahın qaynar xətt xidmətinə məlumat verə bilərlər.
Qeyd edək ki, Bakıdakı özəl təhsil müəssisələri, o cümlədən kurslar da martın 3-dən fəaliyyətini müvəqqəti dayandırıb.