İtaliyada koronavirus geniş yayılmağa başladığı gündən bu yana Roma yaxın tərəfdaşları - Paris və Berlindən yardım istədi. Ancaq koronavirus artıq Fransa və Almaniyada da geniş yayılıb. Ona görə də Paris və Berlin öz vətəndaşlarını düşünərək Romanın onlardan xahiş etdiyi zəruri tibbi avadanlıqları – süni nəfəs aparatlarını İtaliyaya göndərmədi. Əksinə Avropa İttifaqının digər dövlət olan Çexiya İtaliya üçün nəzərdə tutulmuş və Çindən göndərilən tibbi ləvazimatı çırpışdırıb. Çexiyanın sərhəd məmurları İtaliyadakı xəstələr üçün nəzərdə tutulan maska və tənəffüs aparatlarına şamil olan tibbi yardım yüklərini müsadirə edərək, onları Çexiya xəstəxanalarında paylayıblar.
Rusiya mövcud durumdan məharətlə istifadə edib. Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl İtaliyanın baş naziri Cuzeppe Konte ilə telefonla danışığı zamanı İtaliyaya zəruri tibbi avadanıqlar göndərəcəyini vəd edib. Putin dediyini dərhal yerinə yetirib. Rusiya Müdafiə Nazirliyinin təyyarələri İtaliyaya həm zəruri tibbi avadanlıqlar, həm də virusla mübarizə təcrübəsi olan həkimləri göndəriblər. İtaliyanın hər ikisinə böyük ehtiyacı var.
Əlbəttə, Rusiyanın bu hərəkətə təqdir olunmalıdır. Ağır vəziyyətdə olan dövlətə yardımını əsirgəmədi. Ancaq Putinin İtaliyaya yardımında incə hesabı da var. İtaliya Avropa İttifaqının 3 qurucu dövlətindən biridir. Buna baxmayaraq, İtaliyanın bu ağır vəziyyətində qonşuları ona kömək etmədi. Digər tərəfdən İtaliya Krımın ilhaqına görə digər Avropa İttifaqı dövlətləri kimi Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. Putin İtaliyaya yardım etməklə Romaya belə bir mesaj göndərmiş oldu: “Sən dostlarınla birgə mənə qarşı sanksiya tətbiq edirsən, mən isə Sənin dostlarından fərqli olaraq ağır günündə Sənə yardım edirəm”.
Roma Moskvaya minnətdardır. Ona görə də böyük ehtimalla italiyalılar koronavirus təhlükəsi ortadan qaldırıldıqdan sonra Rusiyaya qarşı sanksiyaların ortadan qaldırılmasını Brüsseldən tələb edəcəklər. Bu tələb yerinə yetirilmədikdə İtaliya təkbaşına sanksiyalardan imtina barədə düşünəcək. Bununla Ukrayna məsələsində Avropa İttifaqında ixtilaf dərinləşəcək. Putinə də elə bu lazımdır. Hazırda Ukrayna mövzusu xeyli arxa plandadır.
Buna baxmayaraq, İtaliyaya yardım edərkən Rusiya arxadan zərbə aldı. Çinin ən böyük neft şirkəti mayın 20-dən Rusiyadan neft almayacağını bəyan edib. Onsuz da Rusiya neftini satmaqda çətinlik çəkir. Səudiyyə Ərəbistanı dünya bazarlarına daha aşağı qiymətə neft təklif edir. Çinin neft şirkəti bu qərarını ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı sanksiyalarıyla izah edir. Rusiya öz neftinin 40 faizini Çinə satır. Bu Rusiya büdcəsinə maliyyə axınının gərəkli hissəsini təşkil edir. Ona görə də Çinin Rusiyadan neft alışını azaltması Moskvaya ağır zərbə olacaq. Rusiyanın siyasi dairələrində Çinin qərarını satqınlıq kimi qiymətləndirirlər. Ancaq nə etmək olar, bu arada, hamı özünü düşünür, tərəfdaşlıq və müttəfiqlik işə yaramır. (“Atlas” Araşdırmalar Mərkəzi)