BBC rus xidməti qeyd edir ki, bu ölkənin iki qonşusundan birində - Ukraynada Covid-19-a görə fövqəladə vəziyyət elan edilib, digər qonşusu Rusiyada məktəblər tətilə göndərilib, bütün kütləvi tədbirlər və uçuşlar təxirə salınıb. Ancaq Belarus heç bir addım atmayıb. Sərhədləri açıqdır, insanlar səyahət edirlər, tualet kağızı kimi məhsullara tələbatda da ajiotaj müşahidə edilmir.
Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib. "Olur belə şeylər. Əsas olan panikaya düşməməkdir!" - çərşənbə axşamı mətbuat işçilərinə verdiyi açıqlamada Lukaşenko belə deyib.
Bu ölkədə nə kinoteatrlar və teatrlar qapadılıb, nə də kütləvi tədbirlərə qadağa qoyulub. Futbol çempionatları davam edir. Canlı yayımlanan oyunlar öz çempionatlarını ləğv etmiş Rusiyada böyük maraqla izlənir.
Lukaşenko “Koronaviurusun müalicəsi traktordur” deyib və bu, ölkədə geniş müzakirələrə, o cümlədən, sosial şəbəkələrdə zarafatlara səbəb olub. Belarus prezidenti kənd təsərrüfatı sahəsində fəaliyyəti təşviq etmək üçün belə deyib. Bundan başqa özü spirtli içki içməyən Lukaşenko arağı virusa qarşı effektli vasitələrdən biri adlandırıb.
Ancaq virusun dünya miqyasında yayılması ölkə əhalisində ciddi narahatlıq yaradıb. Paytaxt Minskdə xeyli tələbə və şagird xəstəlik bəhanəsiylə evdə qalır. Artan qorxuları azaltmaq istəyən bəzi universitetlər tələbələrin ictimai nəqliyyatdan pik saatlarda istifadə etməməsi üçün dərsləri günorta saatlarına keçirib. Minsk küçələrində seyrəklik hiss edilir, yaşlıların daha böyük risk altında olduğunu dərk edənlərin sayı artır.
Ancaq bu düşüncələrin yaranmasında hökumətin hər hansı rolu olmayıb. Əksinə, Lukaşenko narahatlıq üçün əsas olmadığını və xaricdən gələn hər kəsin test edildiyini bildirib. O deyib ki, “hər gün 2-3 şəxsin test nəticəsi pozitiv çıxır. Belələri 1,5-2 həftə ərzində karantində saxlanır”.
Lukaşenko hədsiz narahatlığın və psixozun virusdan daha təhlükəli olduğunu vurğulayır. O, ölkənin kəşfiyyat xidməti idarələrinə xalq arasında panika yayan “alçaqları tutun” əmrini verib. Bu günə qədər Belorusda 86 yoluxma və iki ölüm halı qeydə alınıb. Ancaq ölüm səbəbi rəsmi olaraq koronavirus göstərilməyib.
Bir çox xüsusiyyətlərinə görə fərqlənən Belarus Avropada ölüm cəzasının ləğv edilmədiyi yeganə ölkədir. Bu coğrafiyada koronavirusa qarşı bu qədər arxayın davranan tək ölkə də Belarusdur. Ölkənin ən məşhur müxalifətçilərindən olan Andrey Kim bu məsələdə gözlənilməz şəkildə Lukaşenkoyla həmrəylik nümayiş etdirir. O öz “Facebook” profilində yazıb ki, ölkə miqyasında karantin tətbiq edilməsi “iqtisadiyyatı məhv edər”: “Dünya tərsinə çevrilib. İndi Belarus populizmlə məşğul olmayan, xalqın mənafeyi naminə addımlar adan yeganə ölkədir”, o deyib.
Hərçənd ötən gün “Kommersant” qəzeti yazıb ki, Belarus koronavirusun ölkə daxilində yayılmaqda olduğunu görərək Rusiyadan yardım istəyib. Bununla belə Belarusun Səhiyyə Nazirliyi bildirir ki, yoluxma halları artsa belə səhiyyə onların öhdəsindən gələcək. Çünki Belarus hər yüz min nəfərə düşən süni tənəffüs aparatlarının sayına görə dünyanın ilk 6 ölkəsindən biridir. Belarusda sovet səhiyyə sistemi qorunub saxlanılır və bu ölkədə əhalinin məcburi peyvənd edilməsi, sanitar-epidemioloji vəziyyətə nəzarət yüksək səviyyədədir.