“Mən elə indicə vəliəhd şahzadə, dostum Məhəmməd bin Salmanla danışdım, hansı ki, o da prezident Putinlə danışıb və mən gözləyirəm ki, onlar neft hasilatını 10 milyon barelə qədər ixtisar edəcəklər, ola bilsin daha da çox”, - Tramp yazıb.
ABŞ prezidenti qeyd edib ki, əgər tərəflər razılaşsalar bu neft və qaz sənayesi üçün gözəl xəbər olacaq. Trampın sözlərinə görə, hasilatın hətta 15 milyon barel azaldılması mümkündür.
ABŞ prezidentinin bu rəqəmləri haradan götürdüyü məlum deyil. Çünki hətta OPEC+ razılaşması çərçivəsində belə neft ölkələrinin hasilatı azaltması bundan dəfələrlə az-sutkada cəmi 1.5 milyon barel idi. Razılaşma pozulandan sonra Səudiyyə Ərəbistanı neft hasilatını gündəlik 9 milyon bareldən 12 milyon barelə qədər artırıb. Koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic etməsinin də təsiri ilə neftin qiyməti kəskin aşağı düşüb.
Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Salman arasında danışıqların baş verdiyini təkzib edib. Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak da Ər-Riyadla təmasların olmadığını açıqlamışdı. Bununla belə Putin özü deyib ki, Rusiya OPEC və ABŞ-la danışıqlar aparır.
Bu cür ziddiyyətli xəbərlər fonunda “Brent” markalı neftin qiyməti az qala 15 faiz bahalaşaraq 1 barel üçün 30 dollara çatıb, “WTI” markalı neft isə 25 dollara qədər bahalaşıb. Bahalaşmanın nə dərəcədə davamlı olacağı hələ məlum deyil.