Vaxt.Az

Dünya savaşıyla hədələdi


 

Ukrayna olayları ABŞ-la Rusiyanı üz-üzə qoydu, yarımada faktiki olaraq ruslar tərəfindən işğal edilib

Dünya savaşıyla hədələdi Ukraynanın Krım vilayətində vəziyyət hər gün daha da ciddiləşir. Fevralın 28-dən başlayaraq artıq Rusiya ordusu və xüsusi təyinatlılar Krımda mühüm dövlət obyektləri, hava limanlarını nəzarətə götürüb. Eyni zamanda Krımda martın 30-da referendum keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Rusiya Qara Dəniz Donanmasının «Nikolay Filçenkov» desant gəmisi 700 xüsusi təyinatlını dünən axşam saatlarında Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasına çatdırdığı bildirilir. Ukraynanın müdafiə naziri vəzifəsini icra edən admiral İqor Tenyux isə Ukrayna hökumətinin iclasında bildirib ki, Rusiya Krıma artıq 6 min hərbçi yeridib. «Reuters»in xəbərinə görə, nazir qeyd edib ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı Qərb ölkələri arasında və ABŞ-da narahatlığa səbəb olub. ABŞ prezidenti Barak Obama rəsmi Moskva belə bir hərəkətə yol verəcəyi təqdirdə bunun Rusiyaya baha başa gələcəyini qeyd edib: «Rusiyanın Ukraynanın tərkibində hərbi fəaliyyətini gücləndirməsi ilə bağlı məruzələr bizi narahat edir. Ukraynanın bu ölkə ilə tarixi mədəni-iqtisadi əlaqələri var.

Həmçinin, Krımda Rusiyaya məxsus hərbi bazalar mövcuddur. Lakin Ukraynanın suverenliyinə hərbi müdaxilə ölkədə tamamilə dağıdıcı effekt verə bilər, ki bu da nə Ukraynanın, nə Rusiyanın nə də Avropanın marağındadır. Rusiya belə bir addım atarsa, bu, ona baha başa gələ bilər. Rəsmi Moskva, həmçinin, belə bir addımlar bütün dünyanın qınaq hədəfinə çevriləcək. Amerika hökuməti də onu qınayanlar arasında olacaq».

Qeyd edək ki, ABŞ prezidentinin Rusiyaya hədəsi dünyada böyük rezonans doğursa da, bir çoxlarına görə, Rusiya hakimiyyəti geri çəkilməyəcək. Rusiya hazırda addım-addım Krımı ələ keçirməyə doğru gedir. Moskvanın hədə bəyanatı ilə durdurulması elə də inandırıcı deyil. Üstəlik, ortada 2008-ci il avqustunda olmuş Rusiya-Gürcüstan savaşı təcrübəsi var. Həmin vaxt Qərbin hədə bəyanatları Rusiya ordusunun Tiflisin 40 kilometrliyinə qədər gəlib çatmasına mane ola bilməmişdi.

Ancaq politoloq Ərəstun Orucluya görə, həmin vaxt Qərb Gürcüstanı xilas edə bildi: «Həmin vaxt Qərbin təzyiqi ilə rus ordusu Gürcüstan ərazilərindən çıxarıldı. Amma separatçı bölgələr ilk gündən olduğu kimi rusların nəzarətində qalır. Bir növ Rusiya separatizmi və Gürcüstanı parçalamağı leqallaşdırdı. Amma əslində Tiflisə qədər gəlib çıxan rus qoşunları iki gün ərzində bir güllə atmadan çıxarıldılar. Bunun arxasında təpkilər dayanırdı».

Ə.Oruclu deyir ki, indi analoji ssenariyə Rusiya Ukraynada əl atır. Ancaq ekspertin fikrincə, Rusiyanın bu addımı fəlakətli bir səhvdir: «Söhbət onda deyil ki, Qərb gətirib Ukraynaya 5 min desant atacaq. Bugünkü dünyada müharibə döyüş meydanlarında getmir. Müasir müharibələr valyuta birjalarında, əmtəə birjalarında gedir. Rusiyanın da itkiləri orda olacaq, mən buna əminəm. Digər tərəfdən, Rusiyanın müxtəlif zümrələrdən olan insanlarının Qərb ölkələrində, ABŞ-da bank hesabları var. Bu hesablara həbs qoyulsa, bu Rusiya üçün fəlakət olacaq».

Ə.Oruclu Ukrayna ətrafında yaranan gərginliyin Rusiyaya qarşı sərt addımlara səbəb olmasını istisna etmir: «Qərb Rusiyaya öz yerini göstərmək, qonşuları ilə hərbi təcavüz dilində danışmamağı başa salmağa qərar verib. Bu yol tutulubsa, yəqin ki, axıra qədər gediləcək. Amma hər şey Rusiyanın davranışından asılı olacaq. Moskva geri çəkilməsə, məsələnin böyümək ehtimalı çox yüksəkdir».

Krımın işğalı prosesinə gəlincə, Ə.Oruclu deyir ki, hüquqi baxımdan Krımın Rusiyaya birləşdirilməsi mümkün deyil. Onun sözlərinə görə, Krımın Ukrayna ərazisi olaraq qalması ilə bağlı Rusiyanın özünün də imza atdığı beynəlxalq razılaşma var: «Hüquqi baxımdan bu, qeyri mümkündür.

Çünki Krım Ukrayna ərazisidir və bildiyiniz kimi SSRİ dağıldıqdan sonra Budapeştdə müvafiq sənəd imzalanıb. Bu müqaviləyə əsasən nüvə silahından imtina qarşılığında Ukraynanın suverenliyinə təminat verilib. Bu müqaviləni ABŞ, Böyük Britaniya və nə qədər paradoksal olsa da, Rusiya dövləti imzalayıb. İkinci tərəfdən, separatizm Rusiyaya yaxşı heç nə gətirməyəcək. Əgər Ukrayna ərazisində rusların çoxluq təşkil etdiyi bölgələr varsa, Rusiyanın bütün ərazisi müxtəlif millətlərdən ibarətdir».

 





02.03.2014    çap et  çap et