Vaxt.Az

“Covid-19” və ibuprofen


 

Koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər

“Covid-19” və ibuprofen Son zamanlar internetdə yayılan məlumatlarda iddia olunur ki, koronavirus simptomları vaxtı ibuprofen, nurofen və iltihab əleyhinə olan digər dərmanları qəbul etmək olmaz.

Həkimlərin tövsiyələriylə yanaşı bir çox saxta məlumatlar da ortaya çıxıb. Bəs görəsən nə baş verir və hansı xəbərlərə etibar etmək olar?

BBC-yə danışan həkimlər, koronavirusla bağlı şübhələr yaranarsa, ibuprofenin tövsiyə olunmadığını təsdiqləyiblər. Hərçənd ki, bu dərman başqa səbəblərə görə təyin olunubsa, həkimlə məsləhətləşmədən onun qəbulunu dayandırmayın.

İbuprofen barədə mübahisənin mahiyyəti nədən ibarətdir?

İbuprofen, qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aiddir.

O, temperaturu azaltmağa, qrip və digər virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edir. Lakin ibuprofenin qəbulu yan fəsadlara da səbəb ola bilər, xüsusən də astma, ürək problemləri və zəif qan dövranı olan insanlarda.

“Covid-19” simptomları ilə bağlı ibuprofenin xüsusiyyətlərinə dair tədqiqatlar aparılmayıb. Lakin onun digər tənəffüs xəstəliklərinə təsiri araşdırılarkən məlum olub ki, bəzi hallarda dərmanın qəbulu xəstənin vəziyyətini ağırlaşdıra bilər.

Mütəxəssislərin gəldiyi əsas nəticə budur ki, ibuprofenin iltihab əleyhinə komponenti virusla mübarizədə immunitet sisteminin effektivliyini azalda bilər.

İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) saytında yerləşdirilmiş son məlumatda deyilir ki, koronavirusa qarşı ibuprofenin zərərli olduğu tam təsdiqlənməsə də, onun istifadəsindən çəkinmək məsləhətdir. Buna qədər NHS, iltihab əleyhinə preparatlarla bağlı səsləndirilən narahatlıqları bölüşmürdü.

“Qızdırmanız varsa, parasetamol qəbul edin. Əgər başqa səbəbə görə iltihab əleyhinə dərman qəbul edirsinizsə və ya nə edəcəyinizi bimirsinizsə, həkimə müraciət edin”, - nevroloqiya üzrə mütəxəssis, Fransanın Səhiyyə Naziri Olivier Veran bildirib.

Britaniydakı Liverpool Tropik Tibb Məktəbinin professoru və elmi məsləhətçisi Tom Vinqfild (Tom Wingfield), yan fəsadları daha az olan parasetamolu tövsiyə edir.

“Ibuprofen kimi qeyri-steroid dərmanlar, xüsusilə də uzun müddət qəbul ediləndə böyrəklərə yükü artırır. O, mədənin qıcıqlanmasına da səbəb ola bilər. Bu, mədə və böyrək xəstəliklərinə meylli pasiyentlər üçün təhlükəlidir”, - Tom Wingfield deyib.

“Hazırda qızdırma və boğaz ağrısı kimi simptomları aradan qaldırmaq üçün ən yaxşı vasitə parasetamoldur”, - epidemiologiya üzrə mütəxəssis, Londondakı Gigiyena və Tropik Tibb Məktəbinin professoru Şarlotta Varren Qaş (Charlotte Warren-Gash) deyir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz tövsiyəsində bildirir ki, “Covid-19” simptomları olan insanlar ibuprofeni istifadə etməkdən çəkinməlidirlər.

Həkimlər həmçinin internetdəki məlumatlara tənqidi yanaşmağı və informasiyanı mötəbər mənbələrdən almağı tövsiyə edirlər.

 





05.04.2020    çap et  çap et