Vaxt.Az

Leksikonda düzəliş olunmalıdır ...


 

“Böyük Vətən müharibəsi”, yoxsa “İkinci Dünya müharibəsi”?

Leksikonda düzəliş olunmalıdır ... Milli Məclisin “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" adlı Azərbaycan Respublikasının yubiley medalını təsis etməsi parlamentdə də, cəmiyyətdə də birmənalı qarşılanmayıb. Bunun lehinə olanlar da var, əleyhinə olanlar da.

Lehinə olanlar vaxtilə SSRİ-nin 15 respublikasından biri kimi ata-babalarımızın faşizmə qarşı mübarizə apardığını, əleyhinə olanlar isə SSRİ-nin mövcud olmadığını və həmçinin bizim vətənimiz olmadığını əsas gətirirlər. İkincilərin fikrincə, medalın adındakı “Böyük Vətən müharibəsi” sözü “İkinci Dünya müharibəsi” sözü ilə əvəzlənməlidir.

Şəxsən mən ikinci mövqeyi müdafiə edirəm. Bir neçə səbəbdən:

 

1. 1939-1945-ci illərdəki müharibə Azərbaycan ərazisində, yəni klassik anlamdakı vətənimizdə getməyib. Bu səbəbdən biz azərbaycanlılar Vətənimizi qorumaq üçün yox, bəşəriyyəti faşizm bəlasından xilas etmək uğrunda döyüşmüşük.

2. Azərbaycanlılar təkcə SSRİ hərbçiləri kimi yox, həm də Avropadakı partizan hərəkatlarının üzvləri kimi bu müharibədə iştirak ediblər. Yəni faktiki olaraq o vaxtkı SSRİ adlı vətənlərini deyil, Avropanı qoruyublar məntiqlə. Bu səbəbdən “Böyük Vətən müharibəsi” sözü Avropada döyüşən partizan azərbaycanlıları bir qədər çıxdaş etmək sayılmırmı?

3. Vətən mücərrəd anlayış deyil, konkret torpaq ərazini ifadə edən məfhumdur. İnsanlar da, hökumətlər də, dövlətlər də gəldi-gedərdir, Vətən isə əbədi. Məsələn, Bu gün Suriya dövləti məhv olub tarix səhnəsindən silinsə belə, o torpaqlarda kimsə yaşamasa da, vətənindən qaçqın düşən suriyalıların vətəni yenə də Suriya olaraq qalacaq.

4. SSRİ adlı dövlət həm də azərbaycanlıların öz vətənlərində qurduğu Xalq Cümhuriyyətinin işğalı bahasına yaranıb. Belə çıxır ki, 1918-1920-ci illərdə bizim vətənimiz Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1991-ci illərdə isə SSRİ olub?

5. “1991-ci ilə qədər vətənimiz SSRİ olub, 1991-ci ildən sonra Azərbaycan Respublikasıdır” demək də olduqca gülməli səslənər. Çünki “Vətən daimidir, ömür amanat”.

 

Sadaladığım bu səbəblərdən hesab edirəm ki, Azərbaycan Respublikasında elmi-siyasi və tarixi leksikonda “Böyük Vətən müharibəsi” əvəzinə “İkinci Dünya müharibəsi” yazılmalı və səslənməlidir. Və bu, qətiyyən ata-babalarımızın sözügedən müharibədəki xidmətlərinin üstündən xətt çəkmək deyil.

 





09.04.2020    çap et  çap et