***
Hava günəşlidir, hərarəti yoxdur. Lopa buludların arasından öləziyə- öləziyə süzülür.
Küçələr guruldmağa başlayıb, maşınlar artıb, piyadalar da. Parklar yenə bağlıdır. Bağbanlar işlərinə davam edirlər.
Ərzaq paketləri ilə olanlar çoxalıb. Əsasən, çörək, verməşil, makaron, yumurta, ağaran, meyvə tərəvəz (Bir paketdə banan da vardı) alırlar. Elə bil su alanların sayı azalıb.
Ərzaq almağa çıxanlar nisbətən yaşlı kişilər və xanımlardı.
Yer nəmişlikdir. Dünən axşam yağan yağışdan qalıb. Çirkli maşınlar çoxalıb. Adamların paltarlarında da rəng çaları azalıb. Amma səkilərdə it gəzdirən bir xanımın maskası, ketası və itin çatısı qırmızı rəngdəydi. Bəlkə də bilərəkdən belə bir rəng kombinasiyası seçmişdi. Axı qadınlarda təsadüf heç nə baş vermir.
28 may metrosu ətrafında yenə hərbçilər və polislər. Mülki şəxslər azdır. Cəfər Cabbarlı heykəlinin qarşısında göyərçinlər plitələri döyəcləyirlər. Bir maskalı qadın onlara islanmış çörək atırdı. Səməd Vurğun bağının ətrafında adamlar çoxalıb. Əvvəlki günlərə nisbətən canlanma var.
Anadolu kafesinin qarşısında iki nəfər siqaret sümürürdülər. Maska və əlcəkləri olmadığından diqqətimi çəkdi. Biri yarımçıq çəkdiyi siqaretini saxlamaq üçün yanındakına ötürdü. Özü hövləng içəri girdi. Əynində sırıqlı vardı, kürəyi toza bulanmışdı. Tualetə tələsənə bənzəyirdi. İndi çöldə gözləyən adamın əlində iki yarımçıq çəkilmiş siqaret vardı.
Hökumət evinin ətrafında maşın çoxdur bu o demək idi ki, binada çox ciddi işlərlərlə məşğuldurlar.
Zərifə Əliyeva küçəsi boyu polislər dayanıb. Hər binanın giriş-çıxışını nəzarətə alıblar. “Azneft” dairəsi dünənki kimidir.
Milli Məclisin ətrafında polis və hərbçilər çoxdur. Şəhidlər xiyabanı tərəfdən bir dəstə nimdaş geyimli qadın və uşaq avtobus dayanacağına yaxınlaşırdılar.
DTX-nın həyətində yeni bina inşa edilir. Fəhlələr beton tökür, hörgü hörür... Orda həyat qaynayır, orda iş davam edir.
Köhnə Əzizbəyov heykəli ucalan parkı qapatmaq yaddan çıxıb, ya da dəmirlər çatışmayıb.
Mətbuat prospektində maşın çoxdur, hətta tıxac yaranıb. Sən demə Qələbə çevrəsində hərbçilər və polislər post qurublar və keçənləri bir-bir yoxlayırlar. Əsasən sərnişinlərin sənədlərinə baxırlar.
Koronovirusa yoluxanlar 1 605 732, ölənlər 95 766 nəfər. Bizdə yoluxma 926 nəfər, ölü sayı 9 nəfər.
Deyilənə görə bu vaxta qədər əhalidən 2 milyona yaxın cərimə pulu toplanıb. Vəd olunan 190 manatdan isə hələ ki xəbər yoxdur.
Oxucular üçün bonus
1.Gecə yaxşı yatmadım. Axşama yaxın tərcüməçilərimizdən biri ilə danışdığımdan. Dəqiq mətnlər üzrə ən mükəmməl tərcüməçidir. Depressiyaya düşüb. Kömək edə biləcəmmi ona?
2. Bu gecə ay elə gur və işıqlı idi, sanki pandemiyaya qalib gəlmə xəbərini gətirmişdi. Bədirlənmiş ay Bakının üstündən şad xəbər kimi asılıb qalmışdı. O, o qədər gur idi, məncə Bakının uçurulmamış köhnə, kiçik məhəllələrini də işıqlandıra bilirdi.
3. Axşama qədər kitab çatdırma ilə məşğuluq. Kitab oxu, kitab nəşr et, kitab çatdır. Bir iş qalıb, kitab yazmaq...
Əllərim əsir, ürəyim döyünür, yazılarım, xəyallarım, uydurmalarım, reallıqlar qarışır bir- birinə. Fİkirlərim ötüşürlər, finişə kim çıxacaq, sətirlərdə şəkillənən kim olacaq.
Alnıma soyuq tər gəlir. Atamın gülümsəyən üzünü görürəm. Hər tezdən öncə, gözlərim bağlı olsa belə beynimdə ilk onları düşünürəm, onları düşündüyümə görə kənardan üzümdəki təbəssümü görürəm, uşaqlarıma dua edirəm, şükür deyirəm. (10.04.20)